Məhkəmə qərarları › İş №3(009)-1112/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1112/2021

10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1112/2021 10.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin 27 aprel 2021-ci il tarixli İXP 392538 saylı inzibati xəta haqında protokola əsasən qəbul eilmiş inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin 27 aprel 2021-ci il tarixli İXP 392538 saylı inzibati xəta haqında protokoluna əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə X1 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X3 24 aprel 2021-ci il tarixdə 22BN764 dövlət qeydiyyat nişanlı X7 avtomobili ilə hərəkət etdiyi zaman Bakı şəhəri Səbail rayonu inzibati ərazisi olan Azneft dairəsində AR DYPİ YPX inspektoru polis baş serjantı X2 ona "dur" işarəsi vermiş və o, avtomobili saxlayaraq inspektorun yaxınlaşmasını gözləmiş. Ona yaxınlaşan inspektor bildirmişdir ki, avtomobilin üzərində təkrar dövlət qeydiyyat nömrə nişanı yoxdur. O, bunun qanunla olmalı olduğunu bilmədiyini və ona bu barədə xəbərdarlıq etməsini xahiş etmişdir. Lakin inspektor Ü.İbrahimov onu idarə etdiyi avtomobili duracağa aparmağa məcbur etmişdir. Bildirmişdir ki, xəta törətmişdirsə ona inzibati xəta haqqında protokol tərtib edilsin. Bu zaman inspektor Ü.İbrahimov ona jarqon olaraq "A kişi nə danışırsan, maşın cərimə meydançasına getməlidir" dedi. O, da israrla bildirdi ki, "yoldaş inspektor avtomobilin cərimə meydançasına aparılmalı olan hallar AR İXM-nin 96 və 97-ci maddələrində aydın izah edilmişdir. Burada isə onların heç biri yoxdur". İnspektor isə ona "Boş-boş danışma, elə eləmə ki, Post Patrul çağırım, sənin özünü şöbəyə aparım" dedi. Bu zaman qanuna hörmət edən adam kimi maşını inspektorun müşaiyəti ilə cərimə meydançasına aparmışdır. Aprelin 24-dən 27-nə kimi o, Bakı şəhər Baş Polis İdarəsinə gedib gəlməkdən bezmiş. Nəhayət onun barəsində protokol tərtib edilmişdir. Bununla da AR İXM-nin 125-ci, yəni "İnzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırma" maddəsi, xüsusilə 125.2.2-ci maddəsi məlumatlandırmanın 24 saat ərzində protokolun elektron şəxsi kabinetdə yerləşməsi qaydası da pozulmuşdur. Nəhayət aprelin 27-si barəsində tərtib olunan protokoldan aydın olmuşdur ki, inzibati tənbeh tədbiri avtomobilin üzərində təkrar dövlət qeydiyyat nömrə nişanın olmaması ilə bağlı deyil, aidiyyəti olmayan İXM-nin 342.5-ci maddəsinə əsasən tərtib edilmişdir. Həmin maddəyə əsasən Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Onun avtomobilində isə adı çəkilən nasazlıqların heç biri nəinki aşkar olunmamış, ümumiyyətlə bu məsələyə toxunulmamışdır. Cərimə meydançasında olarkən təkrar nömrəni mən onun üzərinə iri hərflərlə döydürmüşdür. Qeyd etdiyi faktlardan bir daha aydın olur ki, YPX-nin əməkdaşı tərəfindən vəzifə səlahiyyətlərindən sui istifadə edilmiş və heç bir qanuni əsas olmadan idarə etdiyi avtomobil duracağa aparılmış və barəsində əsassız olaraq yalnış inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin 27 aprel 2021-ci il tarixli İXP 392538 saylı inzibati xəta haqında protokola əsasən qəbul eilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıraraq, şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin 27 aprel 2021-ci il tarixli İXP 392538 saylı inzibati xəta haqında protokola əsasən qəbul eilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinə göndərilməlidir. Belə ki, iş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında protokolda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati xəta haqqında protokolda işin baxılma yeri, hərhansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. İş materiallarına əlavə edilmiş 19.04.2021-ci il tarixli İXP 392538 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X3 24.04.2021-ci il tarixində, saat 12:33–də FORD TRANSİT YÜK markalı, 22BN764 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi dayanma qaydalarını pozduğuna görə X3 Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 342.5ci maddəsinə əsasən cərimə edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə -əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, şikayətçi X1 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin 27 aprel 2021-ci il tarixli İXP 392538 saylı inzibati xəta haqında protokoluna əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin 27 aprel 2021-ci il tarixli İXP 392538 saylı inzibati xəta haqında protokoluna əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X6 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar