Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1116/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1116/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1607/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1116/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3 protokola etiraz təqdim edərək bildirmişdir ki, qeyd olunan əsaslara görə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1607/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında heç bir qanuni əsası olmadığından, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən qeyd edilən yoxlama qanunvercilik tələblərinin kobud şəkildə pozulması ilə aparıldığı üçün aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında yenidən qərar qəbul edilməlidir. "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanunun Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinə nəzərdə tutan 24-cü maddəsində açıq və aydın şəkildə qeyd edilmişdir ki, 1.Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları qanunvericiliklə müəyyən edilən qaydada (sahibkarlara münasibətdə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) həyata keçirirlər. Hesab edir ki, bu bənd 8 iyul 2022-ci il tarixdə sahibkarlıq fəaliyyəti sahəsində belə qanunsuz monitorinqlərin qarşısının alınması üçün Qanunverci orqan tərəfindən bu Qanuna əlavə edilmişdir. "xxxx" MMC-nin Azərbaycan Respublikası İXMnin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 20 may 2023-cü il tarixdə İçərişəhər, Həqiqət Rzayeva küçəsi 9 ünvanında yerləşən "xxxx" restoranının fəaliyyəti zamanı atmosferə atılan tullanatılarm miqdarının ətraf mühit üçün yol verilən hədd normasından artıq olması müəyyən edilmişdir. Açıq aydın görsənir ki, inzibati xətalara dair iş sahibkarlara münasibətdə başlanmışdır.
2. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli qərarını "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunun 2.2.-ci maddəsinə istinad edərək bu Qanunun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir cümləsi ilə əsaslandırmaqla qanun tətbiqndə səhvə yolverməklə qanunsuz qərar qəbul etmişdir. Bu yoxlamanın aparılması (akt və inzibati xətanın törədilməsi haqqında protokolun tərtibi) nə cinayət təqibi, nədə ki, məhkəmə icraatı əsasında aparılmamışdır. Yoxlama bilavasitə sahibkara münasibətdə, sahibkarlıq fəaliyəti ilə bağlı, sahibkarın iş yerinə, onun fəaliyyət məkanına müdaxilə edilməklə aparıldığından qanuni hesab edilə bilməzdi..
3. Protokol tərtib edən şəxs qanun pozuntusunu SSRİ Səhiyyə Nazirliyinin "Yaşayış yerlərində atmosfer havasında çirklənmənin yol verilən qatılıq həddinin normaları" haqqında olan xx.xx.1984-cü il tarixli 3086-84№ hüquqi aktı ilə əsaslandırıb. Belə bir aktın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib-edilməməyi və həmin aktin Azərbaycan Respublikasının ərazisində qüvvəsinin olub-olmamağı barədə məlumat verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvercilik Baş İdarəsinə xx.xx.2023-cü il tarixdə sorğu ilə müraciət etmişəm (sorğuya cavab vəsatətə əlavə edilir). Sorğuya cavab olaraq bildirilmişdir ki, bu normativ akt Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində mövcud deyildir. Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində mövcud olmayan, belə bir aktın mövcudluğu hər hansı bir rəsmi sənədlə təsdiq edilmədiyi, eləcə də mövcud olduğu halda bu aktın Azərbaycan Respublikasının Konstitusiyaya zidd olub-olmamağı müəyyən edilmədiyi halda şəxsin cəzalandırılması ilə bağlı işə baxmaq ən azı məntiqsizlikdir
4. Əgər hesab etsək ki, yoxlama qanuni əsalarla aparılmışdır, yenə də "xxxx" MMC-ə məxsus olan restoranda quraşdırılan manqalın sobası hər 15-30 gündən bir "X2" şirkəti tərəfindən hava və tüstü aqreqatlarının filtrlərinin kimyasal yuyulub təmizlənməsi icra olunduğundan ətraf mühitə atılan zərərli maddələr də normadan artıq ola bilməzdi.
5. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokolda xətanın mahiyyəti atmosferə atılan tullanatılarm miqdarının ətraf mühit üçün yol verilən hədd normasından artıq olması, yəni CO-14.7 mq/m3 olması göstərilsə də, iş materiallarına ölçmə cihazının nəticələrini əks olunduğu heç bir sübut əlavə edilməmişdir, eləcə də həmin cihazın vaxtaşırı metroloji sınaqlardan keçirlməsini təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Burada önəmli bir məsləni də qeyd etmək istəyirəm ki, bu cihazla bağlı sənədlər birinci instansiya məhkəməsində təqdim edilmədiyi halda güya məhkəmə tərəfindən iş materiallarına əlavə edilməməyi ilə bağlı fikirlərdə əsassız və qərəzlidir.
6. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. İş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq Aktları və bunun əsasında "İnzibati xəta haqqında" Protokol tərtib edən İdarələrinin əməkdaşları yoxlamaları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nəzarətində olan vahid məlumat reyestrində) sahibkarlıq sahəsində apafrılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılaraq, özbaşınalıq edilməklə, qanunun tələblərini kobud şəkildə pozmuşlar. Bundan başqa, əgər bu iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İdarələrinin əməkdaşları qanuni əsasla yoxlamanı aparmış olsaydılar belə, yenə də onların apardıqları yoxlamanın, tərtib etdikləri aktların, yazdıqları protokolun heç bir hüquqi nəticəsi yoxdur və müdafiə etdiyim şəxsin məsulliyətə cəlb edilib cəzalandırlması üçün əsas ola bilməz. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1,410- İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2015-ci il tarixli, 660 nömrəli Fərmanına əsasən həmin Fərmanın qoşmasında qeyd edilən Siyahının 1-cı hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada adiyyəti yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı ilə aparılır (Fərmanın 3.2-ci bəndi, Siyahının 2-ci bəndi). Bu halda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi sahibkarların hüquqlarının müdafiəsiüçün zəruri hesab etdikdə yoxlama həmin Nazirliyin əməkdaşının iştirakı ilə aparılır. İnzibati işin materiallarından görünür ki, yoxlama aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı yoxdur, yoxlamanın nəticəsini özündə əks etdirən aktlarda və protokolda həmin Nazirliyin əməkdaşı da iştirak etməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən qeyd edilən yoxlama qanunvercilik tələblərinin kobud şəkildə pozulması ilə aparıldığı üçün aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş faktlarla bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Odur ki, birinci instansiya məhkəməsi haqqlı olaraq proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa 2 iyul 2013-cü il tarixli 714- İVQ nömrəli Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1-dək dayandırılır. Həmin qanunun 2.1-ci bəndinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin qanunun 3.2-ci bəndinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüqüqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanununvericiliyin tələbindən də görünür ki, vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Hazırki iş üzrə təqdim olunmuş sübutlardan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin yoxlama aparılmazdan əvvəl yoxlamaların vahid məlumat reyestrində qeydə alınması müəyyən edilmir. Bundan başqa, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə monitorinq keçirilsə də, inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, bununla da İnzibati Xətalar Məcəlləsinin 101 və 102-ci maddələrinin tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfi dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İşdə olan 25 may 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs restoranının fəaliyyəti zamanı atmosferə atılan tullantıların miqdarının ətraf mühit üçün yol verilən hədd normasından artıq olmasına görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 may 2023-cü il tarixli aktından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və X1 Monitorniq İdarəsi tərəfindən ünvan 2 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-ə məxsus olan restoranda ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativləri ilə bağlı yoxlama aparılmış və məlum olmuşdur ki, restoranda toz tutucu təmizləyici qurğu quraşdırılmış, lakin restoranın manqalxanası işlək vəziyyətdə olan zaman ətrafda zərərli maddələrin miqdarı CO-14.7 mq/m3 (norma 5.0 mq/m3 ) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. Göründüyü kimi Şəxs MMC tərəfindən həmin nöqsanların tam olaraq aradan qaldırılması ilə bağlı tədbirlər görülməmişdir. Bununla da, ünvan 2 ünvanında Şəxs MMC-yə məxsus Şəxs restoranının fəaliyyəti ilə əlaqədar atmosferə atılan tullantıların ətraf mühit üçün yol verilən hədd normasından artıq olması faktı iş materiallarında olan aktlar və fotoşəkillərlə öz təsdiqini tapmışdır. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 233.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115, 128-130, 233.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10500 (on min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Ülviyyə Şükürova