Məhkəmə qərarları › İş №3(009)-112/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-112/2024

07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-112/2024 07.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 26 noyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş materiallar Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:20-də Bakı şəhəri, Su hovuzu dairəsi ünvanında Kia Optima minik markalı **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 329.3 və 333.2-ci maddələrinin tələblərini pozmuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikasının İXM-nin 329.3 və 333.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmiş və barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək bildirmişdir ki, Şəxs saxlanılarkən sərxoş vəziyyətdə olmasına şübhələr olmuş, alkotestr göstəricisinə görə sərxoşluq vəziyyəti 0.3 promildən artıq olmuş, özü də nəticə ilə razılaşdığından əlavə olaraq tibbi müayinədən keçməmişdir. Əvvəllər də Şəxs sərxoş vəziyyəti nəqliyyat vasitəsi idarə etməsi müəyyən olunmuş və barəsində protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 18 noyabr 2023-cü il tarixdə saxlanılarkən spirtli içki qəbul etdiyini özü etiraf etmiş və tibbi müayinədən keçməkdən imtina etmişdir. Bundan əvvəl 07 noyabr 2023-cü il tarixdə barəsində sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə protokol tərtib edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına olan sərxoşluq vəziyyətinin müayinəsinə dair alkotestrdən çıxarışdan görünür ki, 18 noyabr 2023-cü il tarixdə Şəxs sərxoş olmuşdur (4,177 % promilli). İş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında 18 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, müayinə nəticəsində Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Şəxs izahatında spirtli içki qəbul etdiyini, alkotestrin nəticəsi ilə razı olduğunu və həkimə getmək istəmədiyini bildirmişdir. İş materiallarında olan Smsradar tətbiqindən çıxarışdan görünür ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilməklə 400 manat məbləğində inzibati cərimə olunmuşdur. Qərar xx.xx.2023-cü il tarixdə sistemə vurulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “... Maddənin məzmunundan göründüyü kimi, inzibati xətanın təkrarlığına görə ağırlaşdırıcı hal kimi daha sərt tənbehin tətbiq edilməsi tənbeh verilməsi barədə qərarın qəbul edilməsi ilə deyil, həmin qərarın məhz qüvvəyə minməsi ilə şərtləndirilmişdir. Qanunverici tərəfindən belə tənzimetmənin müəyyən edilməsində məqsəd şəxs tərəfindən inzibati tənbeh vermə barədə qərarın mübahisələndirilməsi imkanının, gələcəkdə həmin qərarın dəyişdirilməsi ehtimalının mövcudluğu və müvafiq olaraq şəxsin təqsirinin yalnız qanuni qüvvəyə minmiş qərar ilə müəyyən edilməsinə dair Konstitusiyanın, cinayət və inzibati xətalar qanunvericiliklərinin təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyasından irəli gəlir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin bu müddət ərzində təkrarən eyni pozuntunu törətməsi halı inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir və bu, hüquqpozuntusuna təkrarən yol vermiş şəxs üçün hüquqi xarakterli mənfi nəticələrə, yəni inzibati məsuliyyətin ağırlaşdırılmasına və daha ciddi inzibati tənbehin tətbiq olunmasına səbəb olur. Şəxsin inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya hakimin qanunla müəyyən edilmiş qaydada qüvvəyə minmiş qərarının olması zəruridir. Yalnız bundan sonra bir il ərzində şəxs tərəfindən həmin inzibati xətanın təkrar törədilməsi onun məsuliyyətinin ağırlaşmasına və onun üçün daha ağır məhrumiyyətlərlə nəticələnən tənbeh tətbiq edilməsinə səbəb ola bilər. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 33.1.2 və 333.2-ci maddələrinin tələbləri baxımından inzibati tənbeh vermə haqqında qərarın həmin Məcəllənin 138-ci maddəsində nəzərdə tutulmuş qaydada qanuni qüvvəyə minməsindən sonra bir il ərzində eyni xətanın təkrar törədilməsi şəxsin məsuliyyətinin ağırlaşması və onun barəsində daha sərt tənbeh tədbirinin tətbiqi üçün əsasdır. Məhkəmə qeyd edir ki, göründüyü kimi qanunvericilik şəxsin inzibati xətanın törədilməsində təqsirli bilinməsi üçün hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarının olmasını zəruri hesab edir. Hazırki işin faktiki hallarından isə müəyyən edilir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmamışdır. Belə ki, işin hallarından müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, 400 manat məbləğində inzibati cərimə olunmuşdur. Qərar sistemə 15 noyabr 2023-cü il tarixində daxil edilmişdir. Başqa sözlə, 18 noyabr 2023-cü il tarixində onun barəsində növbəti protokol tərtib edilən zaman inzibati tənbeh verilməsi barədə əvvəlki qərar hələ qüvvəsini almamışdı. İş materialları və məhkəmə araşdırması zamanı Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbehvermə haqqında qəbul edilmiş 07 noyabr 2023-cü il tarixli qərarın 18 noyabr 2023-cü il tarixində qanuni qüvvəyə minməsi müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. - 130.1. Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. - 138-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Məhkəmə hesab edir ki, hazırki halda Şəxs 18 noyabr 2023-cü il tarixində törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın təkrar törədilməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə onu da qeyd edir ki, Şəxs barəsində 18 noyabr 2023-cü il tarixində törətdiyi əmələ görə də İXM-nin 333.1-ci maddəsi ilə protokol tərtib edilməklə o, səlahiyyətli orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilə bilərdi. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il il tarixli 795 saylı Fərmanının 5.1-ci bəndinə əsasən həmin Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarının tələblərini nəzərə alaraq hesab edir ki, hazırki inzibati iş üzrə inzibati xəta tərkibi olmadığından, Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməli, Şəxs 18 noyabr 2023-cü il tarixində törətdiyi əməlinə İXM-nin 333.1-ci maddəsi baxımından qiymət verilməsi üçün material səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53, 109, 114-117, 128-130 və 333.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs 18 noyabr 2023-cü il tarixində törətdiyi əməlinə İXM-nin 333.1-ci maddəsi baxımından qiymət verilməsi üçün material Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apllyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar