Məhkəmə qərarları › İş №3(009)-1124/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1124/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1124/2023 21.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkil Nümayəndə2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus kilinikada plandankənar yoxlama zamanı sertifikatsız praktik tibbi fəaliyyət (həkim oftolmoloq Akkan Fevzi) aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə3 bildirmişdir ki, Şəxs MMC-yə məxsus kilinikada keçirilmiş plandankənar yoxlama zamanı nöqsanlar aşkar edilmişdir. Belə ki, sertifikatsız tibbi fəaliyyət aşkar olunmuşdur. İnzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkil Nümayəndə2 protokola etiraz edərək bildirmişdir ki, Şəxs MMC dünyanın müxtəlif ölkələrində 3500 tibb personalı, o cümlədən 300 həkimin işlədiyi 30 klinikası olan, “DünyaGöz” əmtəə nişanı altında fəaliyyət göstərə bir holdinqin tərkib hissəsidir. Bütün dünyada olduğu kimi Azərbaycanda da “DünyaGöz” ilk növbədə insanlara yüksək səviyyədə tibbi xidmət göstərmək məqsədi ilə yaradılmışdır. Bu xidmətlərin həyaya keçirilməsi üçün cəlb etdiyi həkimlər öz sahələrində kifayət qədər peşəkar və məşhur həkimlərdir. Yoxlayıcı orqan tərəfindən aparılan yoxlama zamanı müəyyən edilmiş, Şəxs MMC-də çalışan həkimin sertifikasiyadan keçirilməsini sübut edən sənədin təqdim edilməməsi, həmin həkimin peşəkar olmaması anlamına gəlmir. Həkimin sertifikasiyadan keçməməsi bürokratik məsələdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 20 oktyabr 2015- ci il tarixli, 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə (Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması), Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1-dək dayandırılır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli, 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2015-ci il tarixli, 660 nömrəli fərmanına əsasən həmin fərmanın qoşmasında qeyd edilən Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin razılığı ilə aparılır (Fərmanın 3.2-ci bəndi. Siyahının 2-ci bəndi). Bu halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlama həmin Nazirliyin əməkdaşının iştirakı ilə aparılır. Göründüyü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X6 Şöbəsinin əməkdaşları tərəfindən yoxlamanın aparılası üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı alınmamış və aparılan yoxlamada İqtisadiyyat Nazirliyinin əməkdaşlarının iştirakı təmin edilməmişdir. Beləliklə də, Azərbaycan Respublikasının Prezidentinin 26 oktyabr 2015-ci il tarixli, 660 nömrəli fərmanın tələbləri pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin 628 nömrəli, 23 may 2023-cü il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC -yə məxsus kilinikada plandankənar (növbədənkənar) yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində Şəxs MMC-nin cari fəaliyyəti üzrə plandankənar (növbədənkənar) yoxlama keçiriləcəyi barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. İş materiallarında olan yoxlama sualların siyahısından görünür ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu, xx.xx.1997-ci il, maddə 49.1 - Özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssis(lər)ini sertifikasiyaya cəlb edilmə tələbi yerinə yetirilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 25 may 2023-cü il tarixli 369 nömrəli özəl tibb müəssisənin plandankənar (növbədənkənar) yoxlama aktından görünür ki, həkim oftolmoloq vəzifəsində fəaliyyət göstərən Fevzi Akkanın müvafiq sertifikasiyaya şəhadətnaməsinin alınması üçün müraciət edilmişdir, hazırda sənədlər icraatdadır. Müəssisədə yoxlama direktor müavini X1 iştirakı ilə aparılmış, həmçinin aktın qeyd hissəsində X2 bildirmişdir ki, göstərilən iradlarla razıdır. Sertifikasiya ilə bağlı müraciət edilmişdir və görüş təyin olunan tarixi gözləyirlər. İş materiallarında olan əmək müqaviləsi bildirişlərindən görünür ki, Hazıroğlu Mahmut Şəxs MMC-də müddətsiz əmək müqaviləsi ilə direktor müavini vəzifəsində işləyir. İş materiallarında olan əmək müqaviləsi bildirişlərindən görünür ki, Akkan Fevzi Şəxs MMC-də müddətsiz əmək müqaviləsi ilə həkim oftolmoloq vəzifəsində işləyir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə -vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130 və 215.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar