Məhkəmə qərarları › İş №3(009)-1126/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1126/2022

29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1126/2022 29.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1 iştirakı ilə, Səbail RİH-nin 100 nömrəli, 01 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3 RİH-nin 100 nömrəli, 01 iyun 2022-ci il tarixli tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təxminən səkkiz ay bundan əvvəl güclü külək nəticəsində evinin dam örtüyü yararsız hala düşmüş və bununla bağlı Səbail Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətinə almış olduğu cavab əsasında evinin dam örtüyünü hissə-hissə bərpa etmişdir. Damın uçması nəticəsində evinin divarı da yararsız hala düşmüşdür. Bərpa zamanı evinin köhnə divarını söküb, əvvəlki yerindən 40-50 sm artıq hissədən bərpa etmişdir. xx.xx.2022-ci il tarixdə Səbail RİH-nin 100 nömrəli, 01 iyun 2022-ci il tarixli tənbeh vermə haqqında qərarla 500 manat məbləğində cərimə olunmasından xəbər tutmuşdur. Maddi imkanının aşağı olmasını nəzərə alaraq Səbail RİH-nin 100 nömrəli, 01 iyun 2022-ci il tarixli tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsinə uyğun izahat verərək, maddi vəziyyətinin aşağı olduğunu, himayəsində 5 uşaq və yaşlı anasının olduğunu, 250 manat maaş aldığını, cəriməni ödəməyə maddi imkanının olmadığını bildirərərk şikayətin təmin olunmasını və Səbail RİH-nin 100 nömrəli, 01 iyun 2022-ci il tarixli tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştiarkçısını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Səbail RİH-nin 100 nömrəli, 01 iyun 2022-ci il tarixli tənbeh vermə haqqında qərarından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı X5 xx.xx.2022-ci il tarixdə Səbail rayonu 2-ci ünvan 1 ünvanında müvafiq icra hakimiyyətinin icazə sənədi olmadan qanunsuz tikinti işləri aparmışdır. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 142.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlərə qərarı çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda qərarın icrasına xitam verir. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə materiallara baxan zaman işin faktiki hallarından, şikayət ərizəsinin məzmunundan və şikayətçinin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilmişdir ki, X5 tərəfindən İXM-nin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi öz təsdiqini tapır, o, icra hakimiyyətinin icazə sənədi olmadan tikinti işləri apardığını etiraf edir. Beləliklə, məhkəmə hesab edir ki, Səbail RİH-nin 100 nömrəli, 01 iyun 2022-ci il tarixli tənbeh vermə haqqında qərarı qanuni olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Səbail RİH-nin 100 nömrəli, 01 iyun 2022-ci il tarixli tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar