Məhkəmə qərarları › İş №3(009)-1146/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1146/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1146/2025 14.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Səbail rayon X6 Şöbəsinin yol patrul xidməti inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon X6 Şöbəsi tərəfindən tərtib edilmiş 08 aprel 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs Səbail rayon X6 Şöbəsinin yol patrul xidməti inspektoru X3 izahatında göstərmişdir ki, Şəxs tərəfindən dövlət qeydiyyat nişanının gizlədilməsi müşahidə edilmişdir. Şəxs nömrəni bağladığı üçün cərimələmək mümkün olmamışdır. Hadisə xx.xx.2025-ci il tarixdə gündüz saatlarında Neftçilər prospekti ərazisində baş vermişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirsiz bilərək izahatında göstərmişdir ki, sürücü kimi işləyir. Maşında əyləşən sərnişinin vəziyyəti birdən pisləşdiyindən avtomobili saxlamağını istəmiş və o məcbur avtomobili saxlamışdır. Orada işarənin olduğundan xəbəri olmamışdır. Avtomobildən düşəndə görmüşdür ki, maşının qeydiyyat nömrəsinin üzərində olan parça yerə düşmüşdür. Həmin parçadan xəbəri olmamışdır. Parçanın nömrənin üstünə necə düşdüyünü bilmir. Sonradan Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, həmin parça əlində olmuşdur. Həyacanlandığından parçanı dövlət qeydiyyat nişanının üstünə qoymuşdur. Qərarı məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında iştirak edən şahid X1 izahatında göstərmişdir ki, özünü pis hiss etdiyi üçün sürücü Şəxs demişdir ki, avtomobili saxlasın. Daha sonra birlikdə Mərkəzi Klinikaya getmişlər. Hadisə zamanı avtomobilin içində əyləşmişdir. Dövlət qeydiyyat nişanının üstünün bağlanması ilə bağlı məlumatı olmamışdır. Məhkəmə tərəfləri və şahidi dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, Səbail rayon X6 Şöbəsi tərəfindən tərtib edilmiş 08 aprel 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 aprel 2025-ci il tarixdə, saat 14:25-də “Hyundai Tucson minik” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillər və videogörüntüdən müəyyən edilir ki, Şəxs idarə etdiyi “Hyundai Tucson minik” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 06 aprel 2025-ci il tarixdə, saat 14:25-də Şəxs idarə etdiyi “Hyundai Tucson minik” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanınının görünüşünü çətinləşdirən örtükdən istifadə etmiş, bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-115, 128-130 və 342.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar