Məhkəmə qərarları › İş №3(009)-1150/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1150/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1150/2024 27.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi ilə, Şəxs QSC -nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC 27177.50 İngilis funt sterlinqi məbləğində vəsaiti 22 aprel 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 27177.50 İngilis funt sterlinqi məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 23 aprel 2024cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Nəticədə Şəxs QSCtərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs QSC-nin nümayəndəsi X7 etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, “ÎOSC LTD” şirkəti tərəfindən hər hansı inzibati xəta törədilməmiş, vəsait ödənilmiş mallar tam həcmdə ölkə ərazisinə gətirilmiş, lakin xidmət göstərən bank və Mərkəzi Bank tərəfindən bu hallar ətraflı araşdırılmamış və düzgün qiymət verilməmişdir. Belə ki, Şəxs QSC yerli və xarici kontragentlərlə müqavilələr əsasında malların və avadanlıqların təchizatını həyata keçirən şirkətdir. Şirkət öz fəaliyyəti çərçivəsində müştərilərindən daxil olan sifarişlər əsasında yerli və qlobal bazarda ən uyğun şərtlərlə malın tapılması və onun təchizatını təşkil edir. Şəxs QSC ilə Halliburton Eurasia Limited şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında xx.xx.2022-ci il tarixli CW282491 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə (əlavəsinə) əsasən tərəflər “X9 dump station Model BD-S48W-X” (Flexicon markalı kisə doldurma aparatı - çeşidləyici və qarışdırıcı qurğu) avadanlığının satışı üzrə razılığa gəlmişlər. Həmin əlavəyə uyğun olaraq mallar İnkoterms 2020 FCA Aberdeen UK şərtinə əsasən X5 şəhərində alıcıya təhvil verilməsi razılaşdırılmışdır. X1 İnkoterms 2020-nin beynəlxalq ticarət üzrə daşıma qaydalarını tənzimləyir və tərəflər müqavilə çərçivəsində istədikləri daşıma şərtini razılaşdıra bilərlər. Şəxs şirkəti ilə Halliburton şirkətinin filialı arasında bağlanan müqavilədə Halliburton şirkətinin qlobal bir şirkət olması və dünyanın istənilən ölkəsində fəaliyyət göstərən filial (nümayəndəliklərinin) mövcud olması səbəbindən FCA Aberdeen qaydaları razılaşdırılmışdır. Beləliklə, FCA (Free Carrier) - satıcının ölkəsində təyin olunmuş yerdə təhvil) qaydasına uyğun olaraq mallar Halliburton şirkəti tərəfindən X5 şəhərində təhvil alınması və Azərbaycan Respublikasında idxal olunması barədə tərəflər razılığa gəlmişlər. Qeyd olunan razılığa uyğun olaraq Şəxs QSC tərəfindən sifariş olunan mal beynəlxalq bazarda araşdırılmış və həmin malın satıcısı olan X4 (SMT) şirkəti ilə xx.xx.2022-ci il tarixli İOSC/SMT-01 nömrəli müqavilə bağlanılmışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin dəyərinin 40%-i əvvəlcədən, 40%-i montaj başa çatdıqda və 20% quraşdırma tam tamamlandıqdan sonra həyata keçirilməyi nəzərdə tutulmuşdur. Müqaviləyə xx.xx.2022-ci il tarixli 001 saylı əlavəyə əsasən 67 943 funt sterlinq dəyərində 1 ədəd X9 Dump station/ Kisə doldurma aparatı satılması razılaşdırılmışdır. Eyni tarixdə ******* nömrəli proforma invoys/ hesab faktura da təqdim olunmuşdur. Razılaşma şərtlərinə əsasən mallar Exworks UK İncoterms 2020 şərtlərinə əsasən təqdim olunur. EXW (Exworks) şərtinə əsasən mallar satıcı tərəfindən anbarda təhvil verilir. Şəxs şirkəti tərəfindən müqavilə şərtlərinə uyğun olaraq ilkin ödənişlə bağlı banka xx.xx.2022-ci il tarixində ödəniş tapşırığı təqdim olunmuşdur. Ödəniş tapşırığına yuxarıda qeyd olunan müqavilə nömrəsi və invoys/hesab fakturaya istinad edilmişdir. Göstərilən faktlar işin mübahisəsiz hallarıdır. Daha sonra tərəflər arasında olan razılaşmaya uyğun olaraq mallar X2 Eurasia Limited şirkətinə təhvil verilmiş və şirkətin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasına idxal olunmuşdur. Filialın təqdim etdiyi **********1420 nömrəli gömrük bəyannaməsindən göründüyü kimi “X4” şirkətindən alınmış Flexicon nişanlı çeşidləyici və qarışdırıcı qurğu, invoys dəyəri 67 943,74 avro olmaqla ölkə ərazisinə idxal olunur. Tərəfimizdən məhkəməyə və banka təqdim olunan sənədlərdə də satıcı tərəf, mal kodu və adı, o cümlədən malın dəyəri ölkə ərazisinə idxal olunan malla tam eynilik təşkil edir. Beləliklə aydın olur ki, Şəxs QSC tərəfindən xx.xx.2022-ci il tarixində 27 177.5 funt sterlinq ödənişin əvəzində mallar (Flexicon nişanlı çeşidləyici və qarışdırıcı qurğu) Azərbaycan Respublikasına Şəxs QSC-nin tərəflər arasında razılaşdırılmış müqavilə şərtlərinə əsasən tərəfdaşı olan Halliburton Eurasia Limited şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən idxal olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mərkəzi X6 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarına əsasən malların idxal edilmədiyi, xidmətlərin göstərilmədiyi və ya qabaqcadan ödənilmiş vəsaitin geri göndərilmədiyi nəzərə alınmaqla, qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər əlavə edilməklə Mərkəzi Banka təqdim edilir. İş materiallarına əlavə edilmiş "xxxx" QSC -də olan çıxarışından və SWİFT-dən görünür ki, Sifarişçi Şəxs QSC İcraçının (SMT) bank hesabına 27177.50 İngilis funt sterlinqi köçürmüşdür. Məhkəmə qeyd edir ki, avans ödənilmiş mallar ölkəyə idxal edildiyi zaman bəyannamənin çatdırılma şərti olan 20. Qrafada 100 kodu qeyd olunmalı olmuşdur. Təqdim edilən bəyannamədəki malların kodunun isə 140 kodu olması ona dəlalət edir ki, bu mallar hədiyyə olaraq idxal edilmiş, yəni bu mallar üçün hər hansı bir vəsait ödənilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs QSC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs QSCnin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği İngilis funt sterlinqi olduğundan cərimənin məbləği İngilis funt sterlinqinin ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 27177.50 (iyirmi yeddi min yüz yetmiş yeddi, əlli) İngilis funt sterlinqi valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 5435.5 (beş min dörd yüz otuz beş, beş) İngilis funt sterlinqi (İngilis funt sterlinqi ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar