Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1152/2025 13.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, İnzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin nümayəndəsi Nümayəndə1, Barəsində inzibati tənbeh tətbiq edilən şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsinin 18 aprel 2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarının ləğv edilməsinə dair X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsinin 18 aprel 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Niyazi küçəsindən üzü Azneft dairəsinə doğru hərəkətdə olarkən Azneft dairəsinə çatdıqda digər nəqliyyat vasitələri kimi o da gözləmişdir. Dairəvi yola soldan və sağdan daxil olan nəqliyyat vasitələri üçün işıqforun qırmızı işığı yandıqdan sonra digər avtomobillərlə dairəvi yola daxil olmuşlar. Dairəvi yola daxil olarkən nəqliyyat vasitələrinin bir-birinə yol verməsindən 3-4 saniyəlik tıxac yarandı. Bu ərəfədə sol və sağ tərəfdən gələn nəqliyyat vasitələri üçün işıqforun yaşıl işığı yandı və hərəkətə başladılar. Hərəkətə başlayan nəqliyyat vasitəsi o, dairəvi yolda olduğu üçün 2 saniyə onu gözləməli oldu. Gözləmə olduğu üçün polis əməkdaşı onu saxlamış və ona bildirmişdir ki, o, yol ayrıcına daxil olmalı deyildi. Əməkdaş ona bunu bildirdikdə o, qeyd etmişdir ki, yol onun yolu idi və dairəvi yola daxil olan şəxs üstünlüyə malikdir. Bunu qeyd etdikdə bildirdi ki, sarı xəttlə torlanmış yerə daxil olub və qalmaq cərimədir. O, polis əməkdaşına bildirsədə ki, dairəvi yolda sarı xəttlə torlanmış zolaq yoxdur, yol onundur və dairəvi yola daxil olmuşdursa üstünlük ondadır, amma əməkdaş ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi ilə 100 manat məbləğində cərimə və 3 bal yazdı. O, hər səhər bu yolu gedir və bu kimi tıxaclarla hər səhər rastlaşır və heç kimə cərimə tətbiq olunmur. O, məsələ ilə əlaqədar haqqında verilmiş qərarın ləğv olunmasını və məhkəmə tərəfindən ədalətli araşdırma aparılması xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin nümayəndəsi Nümayəndə1 məhkəməyə videogörüntü təqdim etmişdir və barəsində inzibati tənbeh tətbiq edilən şəxs X1 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 2-ci bəndinin tələblərini pozduğunu və bu səbəbdən şikayətin əsassız hesab olunaraq təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati tənbeh tətbiq edilən şəxs X2 məhkəməyə videogörüntü təqdim etmiş və şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıraraq, təqdim edilmiş videogörüntülərə baxaraq və proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, 18 aprel 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə, “Changan Qiyuan A05 PLUG-İN HİBRİD MİNİK” minik markalı **-NA- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə növü haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəməyə təqdim olunmuş və tərəflərin iştirakları ilə baxış keçirilmiş videogörüntülərdən ki, X2 Bakı şəhəri, Neftçilər prospekti 2 ərazisində “Changan Qiyuan A05 PLUG-İN HİBRİD MİNİK” minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcının keçmə qaydalarını pozmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 2-ci bəndinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Məhkəmə şikayət ərizəsində qeyd olunan digər bir məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, “qanun qarşısında bərabərlik” prinsipi başqalarının məsuliyyətə cəlb olunmamasına görə başqasının məsuliyyətdən azad olunmasını nəzərdə tutmur. Bu halda barəsində inzibati tənbeh tətbiq edilən şəxsin şikayətdə qeyd etdiyi arqumenti sözügedən prinsipin yanlış təfsiri üzərində qurulmuş hesab olunur. Hüquqi məsuliyyət fərdidir və ümumi yanaşma ilə məsuliyyət ortadan qalxmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X2 Bakı şəhəri, Neftçilər prospekti 2 ərazisində “Changan Qiyuan A05 PLUG-İN HİBRİD MİNİK” minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcının keçmə qaydalarını pozması öz təsdiqini tapmışdır. Bu səbəbdənX1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsinin 18 aprel 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsinin 18 aprel 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1152/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1152/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver