Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1153/2023 07.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 31 may 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 31 may 2023-cü il tarixdə saat 17:15 radələrində Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsində Şəxs idarə etdiyi OPEL ASTRA minik markalı 99PZ291 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü və oxunmasını çətinləşdirən vasitədən aşkar olunmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolu müdafiə edərək, nəqliyyat vasitəsinin sürücüsünün nömrə nişanının görünməsini təmin etməyə borclu olduğunu, Şəxs tərəfindən həmin maddə ilə yanaşı Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyini, bu faktın sürücünün həmin yerdə nəqliyyat vasitəsini saxlamağın qadağan olmasını bildiyini, bu faktın sürücü tərəfindən bilərək nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü və oxunmasını çətinləşdirmək məqsədilə pozuntu törətdiyini göstərdiyini nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək, bildirmişdir ki, onun nəqliyyat vasitəsinin qeydiyyat nişanının görünüşünü və oxunmasını çətinləşdirmək məqsədi olmamış və bununla bağlı heç bir hərəkət etməmişdir. Nömrənin oxunmasını çətinləşdirən həmin yerə qoyulmuş oturacaq olmuşdur. Protokol tərtib edilərkən bununla bağlı öz etirazını bildirmişdir, belə ki, oturacaq oraya həmin ərazidə olan park yerinin nəzarətçisi tərəfindən qoyulmuşdur. Nəzarətçi özü də protokol tərtib edilərkən bununla bağlı polis əməkdaşına bildirmiş, lakin YPX inspektoru onun qeyd etdiklərinə məhəl qoymadan onun barəsində protokol tərtib etmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, OPEL markalı “99 PZ” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının qarşısında sınmış stul var və həmin stul nömrənin görünüşünü və tam oxunmasını çətinləşdirir. Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, OPEL ASTRA minik markalı 99PZ291 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünün və tam oxunmasını çətinləşməsi işin mübahisəsiz halıdır. Lakin nə iş materialları, nə də tərəflərin izahatlarından Şəxs nəqliyyat vasitəsinin görünüşünü çətinləşdirmək məqsədi olması və onun tərəfindən bununla bağlı hər hansı hərəkət etməsi müəyyən olunmur. Bu hal isə Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsi üzrə inzibati xəta tərkibi yaratmamışdır. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət, şəxsin əməlində qəsd və ehtiyatsızlıq yoxdur. Belə olan halda, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməldə (hərəkət və ya hərəkətsizlik) inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyil. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128, 130, 342.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1153/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1153/2023
07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver