Məhkəmə qərarları › İş №3(009)-1157/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1157/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1157/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, “ASE X5 Kargo ve Dağıtım” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.2-ci maddəsi ilə təqsirləndirilməsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “ASE X5 Kargo ve Dağıtım” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov 61B, “Mərkəzi” poçtla üzbəüz ünvanında yerləşən “ASE X5 Kargo ve Dağıtım” MMC-ə məxsus “aseshop.az” saytında daşınma tarifləri manatla göstərilməmişdir. Nəticədə “ASE X5 Kargo ve Dağıtım” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “ASE X5 Kargo ve Dağıtım” MMC və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin “ASE X5 Kargo ve Dağıtım” MMC-nin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri məhkəməyə gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən “ASE X5 Kargo ve Dağıtım” MMC-nin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “ASE X5 Kargo ve Dağıtım” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan vətəndaş X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə xx.xx.2024-cü il tarixli elektron qaydada şikayətindən görünür ki, müştəri X1 məhsul sifariş etmişdir. Məhsulun ümumi çəkisi 6,5 kiloqram olmuş və “Aseshop” kargo şirkəti toplam qiymətin 7,80 ABŞ dolları olduğunu bildirmişdir. Amma məhsul anbara çatanda qiymətin 60 ABŞ dolları olduğu deyilib. Dəfələrlə məhsulun geri qaytarılması barədə karqo şirkətinə müraciət edilsə də, müraciətlərə baxılması gecikdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “ASE X5 Kargo ve Dağıtım” MMC-ə göndərilmiş xx.xx.2024-cü il tarixli vətəndaş müraciəti haqqında məktubdan görünür ki, N.Misirzadənin müraciətində “Aseshop” daşıma şirkəti vasitəsilə ABŞ-dan məhsul sifarişi verdiyi zaman 01 kiloqramdan 10 kiloqramadək bağlamaların daşınma xərcinin şirkət tərəfindən ümumi 7,80 ABŞ dolları olduğu bildirilsə də, məhsul xarici anbara daxil olduqdan sonra 7,9 kiloqram çəkidə olan bağlamasının daşınma xərcinin 61,62 ABŞ dolları göstərildiyi, məsələ ilə bağlı etirazını bildirdikdə isə şirkət əməkdaşı tərəfindən ona daşınma tarifinin ümumi çəki üçün deyil, hər kiloqram üçün 7,80 ABŞ dolları olduğunun bildirildiyini, daşınma xərci yüksək olduğundan bağlamasının 14 mart tarixində geri qaytarılmasını tələb etməsinə baxmayaraq, prosesin gecikdirildiyini bildirərək qanuna müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Qeyd olunanlarla əlaqədar, qaldırılan məsələyə zərurət yarandığı təqdirdə vətəndaşın iştirakı ilə baxaraq qanunamüvafiq tədbirlərin görülməsini və nəticəsi barədə 05 (beş) iş günündən gec olmayaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi xahiş edilmişdir. İş materiallarında olan “ASE X5 Kargo ve Dağıtım” MMC tərəfindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilən xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş Nuridə Misirzadənin müraciəti ilə tanış olmuş və situasiya barədə məlumatlıdırlar. Hazır ki vəziyyət elədir ki, vətəndaş Nuridə Misirzadə yükü almadığından “Amazon” platformasına onlayn müraciət etmiş və yük itdiyindən Nuridə Misirzadənin ödədiyi məbləği satıcı geri qaytarmaq qərarına gələrək öhdəliyi öz üzərinə götürmüşdür. Nuridə Misirzadə hal-hazırki situasiya ilə razıdır və “ASE X5 Kargo ve Dağıtım” MMC-ə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “ASE X5 Kargo ve Dağıtım” MMC-ə göndərilmiş xx.xx.2024-cü il tarixli istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilyin tələblərinin pozulması haqqında məktubundan görünür ki, vətəndaş X3 Xidmətinə daxil olmuş müraciətinin araşdırılması, eyni zamanda “aseshop.az” saytına keçirilən baxış zamanı bağlamaların xarici ölkələrdən daşınması tariflərinin manatla göstərilmədiyi müəyyən edilmişdir. Qeyd olunanlarla bağlı daşınma tariflərinin manatla göstərilməsi məqsədilə qanunamüvafiq tədbirlərin görülməsi və nəticəsi barədə məlumat verilməsinə dair məktublar göndərilməsinə baxmayaraq, “aseshop.az” saytında daşınma tarifləri ilə bağlı düzəlişlər edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Bakı şəhəri, Səbail rayonu,Ü.Hacıbəyov 84 ünvanında yerləşən inzibati binasında xx.xx.2024-cü il tarixdə saat 11:00-dan 12:00-dək sözügedən protokolun tərtib edilməsində səlahiyyətli nümayəndənin iştirakının təmin edilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, məktub “ASE X5 Kargo ve Dağıtım” MMC əməkdaşı tərəfindən qəbul edilmişdir. İş materiallarında olan “ASE X5 Kargo ve Dağıtım” MMC-ə məxsus “aseshop” karqo şirkətinin tariflərindən görünür ki, X1 01 kiloqramdan 10 kiloqram çəkiyədək çatdırılan məhsulların qiyməti 7,80 ABŞ dollarıdır. İş materiallarında olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Nuridə Misirzadəyə xx.xx.2024-cü il tarixli göndərilən müraciətə baxılmasının nəticəsi haqqında məktubdan görünür ki, araşdırma nəticəsində “aseshop” saytında bağlamaların xarici ölkələrdən daşınması tariflərinin manatla gösətrilmədiyi müəyyən olunmuş və “ASE X5 Kargo ve Dağıtım” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, “ASE X5 Kargo ve Dağıtım” MMC -nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə - min yüz manatdan min altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, “ASE X5 Kargo ve Dağıtım” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətaların xarakteri, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117 və 445-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “ASE X5 Kargo ve Dağıtım” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1100 (bir min yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar