Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1159/2022 16.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN seriyalı ******* saylı, 14 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 5 ünvanında fəaliyyət göstərən aptekdə 14 iyul 2022-ci il tarixində plan üzrə növbəti yoxlama aparılan zaman aptek təşkilatlarının tələblərin pozulması faktı aşkar edilmişdir. Nəticədə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq barəsində protokol tərtib olunmuş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X2, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsini dinləyərək, belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinin tərkibi var, buna görə Şəxs MMC inzibati məsuliyyətə cəlb olunmalı və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin 326 nömrəli, 14 iyul 2022-ci il tarixli pərakəndə satış əczaçılıq müəssisələrinin plandankənar yoxlama aktından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 5 ünvanında yerləşən əczaçılıq təşkilatının fəaliyyətinin yoxlanılması aparılmışdır. 03 iyun 2022-ci il tarixli 419 nömrəli qərarda qeyd olunan pozuntunun (anbar otağında ventilyasiya sisteminin olmadığı) aradan qaldırılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə görə Aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. “Dərman Vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun 8.6-cı maddəsinə əsasən dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq bütün müalicə-profilaktika müəssisələri, dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi və ya onun müvəkkil etdiyi şəxs dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq farmakonəzarət üzrə tədbirlər görürlər və farmakonəzarət üzrə məsul şəxs müəyyən edirlər. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 5 ünvanında fəaliyyət göstərən aptekdə 14 iyul 2022-ci il tarixində plan üzrə növbəti yoxlama aparılan zamanı 03 iyun 2022-ci il tarixli 419 nömrəli qərarda qeyd olunan pozuntu (anbar otağında ventilyasiya sisteminin olmadığı) aradan qaldırılmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinin tərkibi olduğuna görə Şəxs MMC 1000 (min) manat məbləğində cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinin tərkibi olduğuna görə Şəxs MMC 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1159/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1159/2022
16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver