Məhkəmə qərarları › İş №3(009)-1161/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1161/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1161/2025 14.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ATSC-nin nümayəndəsi Nümayəndə Mirsafiq oğlunun iştirakı ilə, Şəxs ATSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ATSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş 22 aprel 2025-ci il tarixli, 13000-00561/25 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 2-ci şöbəsindən daxil olmuş 3-33-3200/012/001550 nömrəli raporta əsasən, Şəxs ATSC (VÖEN: **********) tərəfindən Rusiya Federasiyasının "xxxx" şirkətinin ünvanına elektrik enerjisinin ixrac edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli **********9428 saylı gömrük bəyannaməsi təqdim edilmiş və həmin bəyannamədə elektrik enerjisinin "xxxx" şirkətinin ünvanına 2025-ci ilin fevral ayında ixrac edildiyi bildirilmişdir. Lakin, "Azərenerji” ATSC tərəfindən natamam bəyannamə gömrük orqanına təqdim edilməmişdir. Natamam bəyannamənin təqdim edilməməsi Şəxs ATSC tərəfindən tərtib edilmiş **********9428 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında da öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ATSC-nin nümayəndəsi Nümayəndə Mirsafiq oğlu protokola etiraz edərək göstərmişdir ki, Rusiya Federasiyası ilə aralarında 2 müqavilə var. Biri 2004-cü tarixli, digəri isə 2007-ci il tarixli. 2004-cü il tarixli müqavilə daimi enerji xidmətinin verilməsi, 2007-ci il tarixli müqavilə isə qəza vəziyyətində enerjinin verilməsi ilə bağlıdır. Protokol tərtib olunan vaxta qədər natamam bəyannamə tərtib edilərək göndərilmişdir ki, həmin ay ərzində nə qədər elektrik enerjisi vermək mümkündür. Amma qəza vəziyyətində enerji verilməsi ilə bağlı nə qədər enerjinin veriləcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Ola bilsin həmin ay Rusiya Federasiyasında qəza olmasın. Bu səbəbdən həmin müqavilə üzrə natamam bəyannamə göndərilməmişdir. Həmçinin bəyannamə tələb olunmamışdır. Göstərilənlərə əsasən icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs ATSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Rəsmiləşdirmə Mərkəzi 2-ci şöbəsinin baş inspektoru Rahib Səfərov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, "AZƏRENERJ” ATSC (VÖEN: **********) tərəfindən "xxxx" ASC-nin ünvanına Elektrik enerjisinin ixrac edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, **********9428 saylı gömrük bəyannaməsi təqdim edilmiş və həmin bəyannamədə elektrik enerjisinin "xxxx" ASC-nin ünvanına 2025-ci ilin fevral ayı ərzində qəza vəziyyəti ilə əlaqədar ixrac edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 331 saylı "Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında qərarının 2.4-cü bəndinə əsasən elektrik enerjisinin ixracı zamanı natamam bəyannamə təqdim edilməlidir. Lakin, “AZƏRENERJ" ATSC (VÖEN: **********) tərəfindən natamam bəyannamə gömrük orqanına təqdim edilməmişdir. Həmçinin, natamam bəyannamənin təqdim edilməməsi "AZƏRENERJ” ATSC (VÖEN: **********) tərəfindən tərtib edilmiş **********9428 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında da öz əksini tapmışdır. İş materiallarında olan **********9428 saylı gömrük bəyannaməsinin 40-cı qrafasından görünür ki, Şəxs ATSC tərəfindən natamam bəyannamə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş Şəxs ATSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycandan Rusiyaya qəza vəziyyətində elektrik enerjisinin ixracı üzrə 1 dekabr 2007-ci il tarixində 01-031/2007-1 saylı Müqavilə imzalanıb. Bundan əlavə, normal şəraitdə paralel iş rejimi üzrə Rusiyaya elektrik enerjisinin ixracı üzrə 16 avqust 2004-cü il tarixli 01-031/2004-1 saylı Müqavilə də mövcuddur. Bu Müqavilə üzrə hesabat ayının əvvəlində Rusiyaya ixrac olunacaq elektrik enerjisinin təxmini həcmini göstərən natamam bəyannamə gömrük orqanlarına təqdim olunur. Bu Müqavilə üzrə hər iki tərəf hesabat ayı başlamamış qarşılıqlı idxal ixrac olunacaq elektrik enerjisi həcmini razılaşdırdığı üçün natamam bəyannaməni vermək mümkün olur. Qəza hallarında ixrac halında isə adından da göründüyü kimi, hesabat ayı başlamadan və ya hesabat ayının gedişində ixrac olunacaq elektrik enerjisinin miqdarını öncədən təxmin etmək mümkün deyil. Çünki davam edən ayın gedişində Rusiyada nə zaman qəza halının və ya təmir işlərinin olacağını əvvəlcədən proqnozlaşdırmaq qeyri-mümkündür. Bunu hətta Rusiya tərəfi özü belə əvvəlcədən bilmir. Ayın gedişində bir dəfə deyil, sifariş olduqca bir neçə dəfə, bir çox hallarda isə ayın son günlərində Rusiya tərəfindən qəza səbəbindən müəssisəmizdən anidən elektrik enerjisi tələb olunur. Bu tələb olunan miqdarı hər dəfə tələb olunduqca və ya həmin ayın sonunda natamam rejimdə rəsmiləşdirmək məntiqə uyğun deyil, çünki enerjinin miqdarı ay başlamamış, ən pis halda isə hesabat ayının əvvəlində proqnoz kimi gömrük orqanlarına təqdim olunmalıdır. Buna görə də, yuxarıda qeyd olunan səbəbdən qəza halları üzrə enerjinin natamam rejimdə rəsmiləşdirməsi işin spesifilkliyi baxımından mümkün olmur. Bundan əlavə qeyd olunmalıdır ki, məhz bu spesifikliyi nəzərə alan gömrük orqanları 2007-ci ildən bəri 18 il ərzindıə qəza halları üzrə natamam bəyannamə tələb etmirdilər. Lakin, ən son qəza halında, cari ilin fevral ayında Rusiyaya qəza vəziyyətində ixrac olunmuş elektrik enerjisi üzrə tam bəyannamə rəsmiləşdirərkən bəyannamədə natamam bəyannamənin olmaması pozuntu kimi göstərilmişdir. Bu barədə tərəfimizə ilk dəfə, həm də hesabat ayı bitdikdən sonra məlumat verildiyi üçün bunu xəbərdarlıq şəklində bildirilməsini və dövlətə məxsus qurum olaraq bizə güzəşt olunmasını düzgün sayırıq. Qəza halları üzrə natamam bəyannaməsinin verilməsinin məcburilyi bizə yenicə bildirildiyindən, növbəti aylarda qəza halları üzrə natamam bəyannaməsinin tərəfimizdən verilmədiyi təqdirdə məsuliyyət daşıya bilərdik. Yuxarıda qeyd olunan səbəblərdən, sözü gedən iş üzrə cərimə tətbiq olunmaması xahiş edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ATSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər. Həmin Məcəllənin 156-cı maddəsinə əsasən bəyannaməçi gömrük bəyannaməsini üzrlü səbəblərə görə tam şəkildə doldura bilmədikdə, gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada natamam bəyannamənin verilməsinə icazə verirlər. Natamam bəyannamədə gömrük məqsədləri üçün lazım olan əsas məlumatlar göstərilməlidir. Çatışmayan məlumatlar bəyannaməçi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə təqdim edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ATSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 490-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ATSC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə təqsirli bilinərək barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar