Məhkəmə qərarları › İş №3(009)-1164/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1164/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1164/2023 12.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X17 qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, zərərçəkmiş şəxs X6, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X5, tərcüməçi X2 iştirakları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 12 iyun 2023-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 12 iyun 2023-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavədən görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-263/2021-009 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq, 07 sentyabr 2010-cu il təvəllüdlü X7 və 27 oktyabr 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X12 ödənilməlidir. Suraxanı rayon məhkəməsinin 2(010)-10003/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Cavabdeh Şəxs 01,07.2009-cu il təvəllüdlü X1 üçün məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq uşaq yetkinlik yaşına çatanadək iddiaçı X3 xeyrinə hər ay bir uşağa görə 137 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə və xx.xx.2018-ci il tarixlərdə icraata daxil olmuş və müvafiq qərarla icra tədbirlərinə başlanılmışdır. İcraata başlamaq haqqında qərar və tələbin dərhal icrası ilə bağlı bildiriş borclunun ünvanına göndərilmişdir. İcra sənədi üzrə tələb icra edilmədiyi üçün borclu şöbəyə dəvət edilmiş, lakin o, çağırışlara əməl etməmişdir. Belə olan halda borclu barəsində məcburi icra tədbirlərinə başlanılmış və borclunun hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. xx.xx.2021-ci il tarixdə borclunun adına müvafiq bank hesablarının olub-olmaması barədə banklara sorğular verilmiş, lakin bank hesablarında pul vəsaiti aşkarlanmamışdır. xx.xx.2021-ci il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair səbail rayon məhkəməsinə təqdimatla müraciət edilmiş və Səbail rayon məhkəməsinin 8(009)-239/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilmişdir. xx.xx.2021- ci il tarixdə borclu barəsində axtarış qərarı verilərək icra edilməsi üçün Səbail Rayon Polis İdarəsinə göndərilmişdir. Səbail Rayon Polis İdarəsinin şöbəyə daxil olmuş xx.xx.2021-ci il tarixli, No. 065-18582-1221 saylı məktubuna əsasən borclu Şəxs barəsində xx.xx.2021-ci il tarixli, 20526/21 nömrəli axtarış işinin açıldığı bildirilmişdir. Səbail Rayon Polis İdarəsinin şöbəyə daxil olmuş xx.xx.2021-ci il tarixli, No. 065-26069-1221 saylı məktubuna əsasən borclunun Səbail RPİ-də mülki axtarışda olduğu, axtarış tədbirlərinin davam etdirildiyini və müsbət nəticə əldə olunduğu təqdirdə məlumat veriləcəyi bildirilmişdir. Borclu barəsində axtarışın nəticəsinə dair xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə Səbail Rayon Polis İdarəsinə sorğular verilmiş, lakin hazıradək borclunun axtarışı təmin edilməmişdir. xx.xx.2022-ci il tarixində 149 saylı Mənzil Kommunal İstismar Sahəsinə borclunun hazırda ünvan 1 ünvanında yaşayış-yaşamaması barədə sorğu verilmiş və alınmış xx.xx.2022-ci il tarixli, 245 saylı məktubda borclu həmin ünvanda qeydiyyatda olsada, hazırda həmin ünvanda yaşamadığı bildirilmişdir. Daha sonra axtarışın sürətləndirilməsi ilə bağlı 12.01,2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Səbail Rayon Polis İdarəsinə müraciət edilmişdir. Həmçinin bildirilir ki, borclu Şəxs axtarışda olmasına baxmayaraq atası tərəfindən tələbkarın hesabına xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2023-cü il tarixdə isə 2000 manat aliment borcu ödənilmişdir. Borclunun bugünə olan borcu 8020 manat təşkil edir. Hesab edir ki, borclu X14 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail Rayon İcra şöbəsinin icra məmuru X10 protokolu müdafiə edərək bildirmişdir ki, borclu Şəxs borcu 8020 manat təşkil edir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir, odur ki, borclu Şəxs inzibati qaydada tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, hazırda yaranmış aliment borcunu tam şəkildə ödəyə bilməyəcək, hazırda heç bir yerdə işləmir, qeyd etdiklərini nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X15 bildirmişdir ki, bu günədək borclu Şəxs müxtəlif bəhanələr gətirərək alimenti ödəməkdən yayınmış və ümumilikdə 8020 manat borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini halları nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiqi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədlərini təmin edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 114-115, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 12 iyun 2023-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X16 X4 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar