Məhkəmə qərarları › İş №3(009)-1168/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1168/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1168/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin MN ******* saylı, 13 yanvar 2020-ci il tarixli inzibati xəta haqqında qərarından şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin MN ******* saylı, 13 yanvar 2020-ci il tarixli inzibati xəta haqqında qərarından şikayəti daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, ölkədə baş verən sərtləşmiş pandemiya qaydaları ilə əlaqədar 13.01.2021-ci il tarixində 8103 küçəyə çıxmaq üçün icazə SMS xidməti portal nömrəsinə SMS mesaj olaraq göndərmişdir. Telefonunu evdə saxlayıb alış veriş üçün çıxmış və şəxsiyyət vəsiqəsini də üzərində götürmüşdür. Azneft dairəsində ictimai nəqliyyat avtobusda olarkən avtobusa polislər daxil olmuş, onlar yoxlama reydi keçirmişlər və ondan SMS icazəsi tələb etmişlər. Telefonu evdə olduğu üçün şəxsiyyət vəsiqəsini onlara təqdim etmiş, xidmətdə olan polis məmuru kompüter onlayn yoxlama proqramına daxil etmiş və ona SMS gəldiyini bildirməyinə baxmayaraq, məlumat verdiyi polis məmuru onun sözlərinə heç bir əhəmiyyət verməmiş, inzibati xəta törədildiyi haqqında əsası olmayan protokol tərtib etmişdir. Ona məlumat verilmədən cərimə haqqında qərar çıxarılmış və qərarın icrası üçün Səbail Rayon İcra Şöbəsinə göndərilmişdir, onun da ödəniş üçün maddi imkanı yoxdur. Barəsində tərtib olunmuş ******* saylı protokol əsassızdır. Bunu telefonuna gələn icazə SMS-i haqqında 8103 icazə portalı xidmətində yoxladılmaqla da təsdiq etmək olar. Onun barəsində qəbul edilmiş 13.01.2020-ci il tarixli, MN № ******* saylı inzibati qərarı əsassız olduğu üçün ləğv edilib işə xitam verməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ 9-cu PB-nə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayətin təmin olunmasını, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin MN ******* saylı, 13 yanvar 2020-ci il tarixli qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin MN ******* saylı, 13 yanvar 2020-ci il tarixli qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və 200 manat məbləğində cərimə edilmişdir. İş üçün əhəmiyyət kəsb edən halların inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati tənbeh vermə haqqında qərar tərtib etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İş materiallarında olan abunəçi X2 məxsus ********* mobil nömrəyə aid zənglərin izahlı qaiməsindən görünür ki, X1 müvafiq icazəsi olmuşdur. Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli 122 saylı Qərarına 2 nömrəli əlavənin 2.1-ci bəndinə əsasən əsasən, kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısına daxil edilmişdir. Göründüyü kimi X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə olan halda şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Bakı şəhəri Səbail RPİ 39-cu PB-nin üzərinə qoyulsa da, adı çəkilən orqan X1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin MN ******* saylı, 13 yanvar 2020-ci il tarixli qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin MN ******* saylı, 13 yanvar 2020-ci il tarixli qərarı ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar