Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-117/2022 19.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 nümayəndəsi X1, qərarından şikayət verilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən qəbul edilmiş 06.01.2022-ci il tarixli 00100/0016 EP №- ******* saylı inzibati tənbeh vermə haqqında X3 verdiyi şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X14 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin 06.01.2022-ci il tarixli 00100/0016 EP №- ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 19 noyabr 2021-ci il tarixdə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı gömrük xidməti baş leytenantı X8 tərəfindən vəzifəli şəxs X9 barəsində toplanmış material üzrə inzibati xəta tərkibinin mövcudluğunu göstərən kifayət qədər məlumatlar mövcud olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi 0010-2362/21 nömrəli inzibati xəta haqqında haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. Təhqiqat orqanı müəyyən etmişdir ki, ünvan 1i ünvanında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 adına Rusiya Federasiyasından nəqliyyat vasitəsində 2 nömrəli 23.09.2021-ci il tarixli invoys üzrə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində 25.09.2021-ci 1 tarixli gömrük bəyannaməsi ilə bəyan edilən netto çəkisi 12000 kq olan "dondurulmuş sazan balığı" yüklərinə 25.09.2021-ci il tarixdə gömrük əməkdaşları tərəfindən baxış keçirilərkən idxal edilən malların netto çəkisi 12000 kq olan "soyudulmuş sazan balığı" yükləri olduğu aşkar edilmişdir. O, tanışı Hadjımurad adlı şəxsdən Rusiya Federasiyasından ona soyudulmuş sazan balığı göndərilməsini sifariş etmiş, o, da öz növbəsində onun sifarişini yerinə yetirərək ona soyudulmuş sazan balığı göndərmişdir. Mallar Azərbaycan Respublikasına gəldikdən sonra o, gömrük rəsmiləşdirilməsindən məlumatsız olduğu üçün idxal etdiyi mallara aid sənədlərə baxmadan gömrük orqanına təqdim edilməsi məqsədilə broker şirkətinə verdi. O, ancaq sonradan gətirilən malın sənəddə "dondurulmuş sazan balığı" kimi bəyan edildiyini aşkar etmişdir. O, buna çox əhəmiyyət vermədi, belə ki, o, maraqlandıqda həmin mallar üzrə rüsumun eyni olduğunu və heç bir fərq olmadığını bildirdilər. Bundan sonra o, işləri ilə əlaqədar Rusiya Federasiyasına getdi və 29.12.2021-ci il tarixdə geriyə döndükdə ona məlum oldu ki, barəsində inzibati araşdırma aparılıb və bunun nəticəsi olaraq BBGİ-nin rəisinin 06.01.2022-ci il tarixli 00100/0016 (EP №0007957) nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə onun İXM-nin 505-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edildi. Həmin qərarın surəti 06.01.2022-ci il tarixdə ona təqdim olundu. Qərar ona təqdim olunandan dərhal sonra, səhəri gün, yəni, 07 yanvar 2022-ci il tarixdə 4978,62 (dörd min doqquz yüz yetmiş səkkiz, 62) manat məbləğində gömrük ödənişi tərəfindən tam şəkildə ödənilmişdir. Onun gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmaq kimi fikri və məqsədi ümumiyyətlə olmamış, sadəcə gömrük bəyannaməsində idxal olunan malın səhvən "dondurulmuş sazan balığı" kimi göstərilməsi səbəbindən bu hal baş vermişdir. Göründüyü kimi qəbul edilmiş qərar qanuni qüvvəyə minməmiş və bu müddət ərzində tərəfindən gömrük ödənişi tam həcmdə ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsinin Qeyd hissəsində göstərildiyi kimi o, bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş və inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyi səbəbindən inzibati məsuliyyətdən azad olunması məqsədəmüvafiqdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq BBGİnin rəisinin 06.01.2022-ci il tarixli 00100/0016 (EP №0007957) nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 nümayəndəsi X6 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, BBGİ-nin rəisinin 06.01.2022-ci il tarixli 00100/0016 (EP №0007957) nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat idarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı X7 şikayət ərizəsində qeyd olunanlarla razılaşmayaraq izahatında göstərmişdir ki, gömrük orqanında aparılan araşdırma müddətində X9 gömrük ödənişlərinin ödənilməsi barədə niyyətini Əməliyyat istintaq Baş idarəsinə və digər gömrük orqanlarına şifahi və yazılı qaydada bildirməmişdir. Belə ki, İXM-nin 505-ci maddəsinin qeyd hissəsində nəzərdə tutulan stimullaşdırıcı norma yalnız inzibati tənbeh vermə haqqında qərar qəbul edilənədək tətbiq edilə bilər. Hazırki işin faktiki hallarından görünür ki, X9 icraat yekunlaşanadək gömrük ödənişlərini ödəmək niyyətində olmasını bildirməmişdir. Odur ki, göstərilən hallar nəzərə alınaraq, şikayətin təmin edilməməsini, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən qəbul edilmiş 06.01.2022-ci il tarixli 00100/0016 nömrəli “inzibati tənbeh vermə haqqında” qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 06.01.2022-ci il tarixli EP №0007957 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı X4 adına C325EQ78/AX256602 nömrəli yük nəqliyyat vasitəsində 2 nömrəli 23.09.2021-cı il tarixli invoys üzrə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********8121 sorğu nömrəli 25.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş netto çəkisi 12000 kq olan “dondurulmuş sazan balığı” yüklərinə 25.09.2021-cı ıl tarixdə “Keşlə Bazarı” adlanan ərazidə gömrük əməkdaşları tərəfindən baxış keçirilərkən idxal edilən malların netto çəkisi 12000 kq olan “soyudulmuş sazan balığı” yükləri olduğu aşkar edilmişdir. İdxal edilmiş yüklərin düzgün bəyan edilməməsi nəticəsində ümumilikdə 4970.26 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınıldığı, nəticədə X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibari xəta törətmişdir. İş materiallarında olan 06.01.2022-ci il tarixli 00100/0016 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vəzifəli şəxs- Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə təqsirli bilinərək ödənilməli olan gömrük ödənişlərinin 100 (yüz) faizi məbləğində, yəni 4970,26 manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan 07 yanvar 2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, X9 tərəfindən 07 yanvar 2022-ci il tarixdə 4978,62 (dörd min doqquz yüz yetmiş səkkiz, 62) manat məbləğində gömrük ödənişi tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 142.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlərə qərarı çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda qərarın icrasına xitam verir. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə materiallara baxan zaman işin faktiki hallarından müəyyən edilmişdir ki, X14 oğlu tərəfindən İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi öz təsdiqini tapır. Eyni zamanda xətanın yaranmasına əsas olmuş 4978,62 (dörd min doqquz yüz yetmiş səkkiz manat , 62 qəpik) manat gömrük ödənişi X14 oğlu tərəfindən 07 yanvar 2022-ci il tarixdə, inzibati tənbeh vermə haqqında qərar qəbul edildikdən sonra dövlət büdcəsinə ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iş materialları və məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ilk dəfə olaraq Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətmiş X9 tərəfindən xəta nəticəsində vurulmuş ziyan tamamilə ödənildiyindən onun barəsində həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndinin tələbləri tətbiq edilməklə o, inzibati məsuliyyətdən azad edilə və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilə bilər. Lakin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi məsələsinin baxılmasına əsaslar olduqda, həmin məsələyə qərarı çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxıla bilər. Hazırki halda inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən qəbul edildiyindən şikayətçi həmin orqana müraciət etməlidir. Buna görə də X9 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi tələbi ilə birbaşa məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin 06.01.2022-ci il tarixli 00100/0016 saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda X5 izah edilir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi məsələsinin baxılması üçün qərarı çıxarmış səlahiyyətli orqan (vəzifəli şəxs) olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133- 135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X14 oğlunun şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin 06.01.2022-ci il tarixli 00100/0016 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-117/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-117/2022
19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver