Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1190/2025 29.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 29 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Səbail rayonu, Ziya Yusifzadə küçəsində **-CP-*** dqn maşını ilə hərəkətdə olarkən qarşısına çıxan **-TT-*** dqn maşının sürücüsü ilə mübahisə edib qeyri-etik ifadə işlətmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X5 qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X2 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə günorta saat 12:00 radələrində işlədiyi 203 saylı məktəbin park yerindən yola hərəkət etmək istəyən zaman **-CP-*** d.q.n.-lı “Lexus” markalı avtomobillə qarşılaşmışlar. Bilməyərəkdən onun qarşısına çıxmışdır. Saxlayıb şüşəni aşağı salıb üzür istəmək istəyəndə həmin maşını idarə edən şəxs onu söyüb təhqir etməyə başlamışdır, ona “korsan” demişdir. O da cavabında ona “korsan” demişdir. Həmin şəxs daha da aqressiv halda təhqir etməyə davam etmişdir, qızı da avtomobildə olmuşdur. O, şüşəni qaldırıb maşını idarə etməyə davam etmişdir. Bir qədər sonra güzgüdən həmin maşının yüksək sürətlə gəldiyini görmüşdür. Gəlib ona çatanda maşının qarşısını kəsərək yenə də söyüşlərinə davam etmiş, o, isə qorxaraq həmin yerdən uzaqlaşmağa çalışmışdır. “Lexus” markalı avtomobilin sürücüsü Şəxs əl çəkməyərək maşınla sağ-sol manevrlər edərək onu əks yola çıxartmışdır, yol boyu edə-edə, şüşəsi açıq vəziyyətdə Milli Məclisin yanına qədər onu təqib etmiş, o və azyaşlı uşağı baş verənlərdən çox qorxmuşlar. Qeyd edilənləri nəzərə alaraq şəxsə həbs inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, o, keçmiş idmançı olmuşdur, hazırda fərdi əməklə məşğuldur. Onun iş yeri şüşəli bazarın yanındadır. Su satışı ilə məşğuldur. xx.xx.2025-ci il tarixdə “Lexus” markalı **-CP-*** d.q.n.-lı maşını ilə Ziya Yusifzadə küçəsində hərəkətdə olarkən sol tərəfdə dayanacaqda yəni parkingdən sağını gözləmədən bir başa yola Changan markalı **-TT-*** d.q.n.-lı maşın onun qarşısında çıxmışdır. O, həmin maşınla toqquşmamaq və qəzadan qurtulmaq üçün maşınını sağa çəkmişdir. O, həmin sürücü xanıma irad bildirərək, nə üçün belə etdiyini, qəza şəraitini yaratdığını demişdir. Xanım sürücü ona cavab olaraq “korsan görmürsən çıxıram” demişdir. O, isə xanıma onun baş yolda olduğunu və onu görmədiyini, baş yolda üstünlük onda olduğunu bildirmişdir. Xanım sürücü onu təhqir edərək, maşını onun üzərinə sürərək getmişdir. Xanımı təhqir etməmiş, söyməmiş, maşını ilə yoldan çıxarmamışdır, arxasınca getməmişdir. O, təhlükəli sürsə idi DYP onu saxlayardı. Ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xudayar-zadə Zaur Kövə oğlu izahatında göstərmişdir ki, o, həmin ərazidə yaşadığı üçün Elşadı tanıyır, xanımı tanımır, lakin bilir ki, o ərazidə işləyir, xanımı və maşını hər dəfə məktəb ərazisində görmüşdür, harada işlədiyini dəqiq bilmirdi. xx.xx.2025-ci il tarixdə günorta saatlarında Ziya Yusifzadə küçəsində olan mübahisə zamanı o da orada idi, çünki orada yaşayır. **-TT-*** d.q.n.-lı avtomobilin sürücüsü **-CP-*** d.q.n.lı avtomobilin qarşısına çıxaraq qəza şəraiti yaratmış və qadın sürücü **-CP-*** d.q.n.-lı avtomobilin sürücüsünə “Korsan” deyə ifadə işlətmişdir. “Lexus" markalı avtomobilin sürücüsü Elşad xanım sürücüyə onun günahkar olduğunu izah edəndə, həmin qadın sürücü “Lexus” markalı maşının sürücüsünü söyərək təhqir etmiş və oradan sürərək uzaqlaşmışdır. Elşad isə onunla bir qdərə dayanıb söhbət etmiş sonra getmişdir. Xanımın arxasınca getməmişdir. Məhkəmə proses iştirakçılarının və şahidin izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyindən həmin maddə ilə məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarın əsaslandırıcı hissəsindən görünür ki, təhqiqata Şəxs əməlində xırda xuliqanlıq olduğundan onların barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tədbirinin görülməsi məqsədi ilə qərarın surəti PB-nin aidiyyəti əməkdaşına həvalə olunmalıdır. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixində günorta saatlarında Səbail rayonu, Ziya Yusifzadə küçəsində digər avtomobilin sürücüsü ilə yol hərəkəti qaydalarını pozduöunu əsas gətirərək mübahisə etməklə ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol verdiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə onu da qeyd edir ki, zərərçəkmiş şəxs X2 izahatında bildirdiyi digər təhqir etmə, arxasınca maşınla təqib etmə kimi hallarla bağlı məhkəməyə hər hansı bir tutarlı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-1190/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1190/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver