Məhkəmə qərarları › İş №3(009)-1194/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1194/2022

27.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1194/2022 27.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Ukraynanın Donetsk vilayətində anadan olmuş, subay, Tər-Tər rayonunun Qarağacı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 27 iyul 2022-ci il tarixdə, saat 01:00 radələrində Səbail rayonu, R.Rza küçəsində ictimai yerdə ünvansız nalayiq ifadələr işlətmiş, polisin qanuni tələblərinə tabe olmayaraq nalayiq sözlər işlətməkdə davam edərək ictimai qaydanı pozmuşdur. Bu barədə Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru, polis kapitanı X2 tərəfindən 27 iyul 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Səbail Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən 9-cu PB-nin sahə inspektoru, polis kapitanı X2 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Fransa Səfirliyinin qarşısında olarkən qardaşı ilə öz aralarında zarafat edərək ünvansız nalayiq ifadələr işlətmişlər. Bu zaman oradan keçən PPX əməkdaşları həmin ifadələri onlara ünvanladıqlarını düşünüb irad bildirmişlər. Onlara ünvanlı olmadığını desələr də, PPX əməkdaşları inanmamışlar. Bu zaman onları avtopatrula mindirmək istədikdə günahsız olduqlarını bildirərək imtina etmişlər. İkinci dəfə polis əməkdaşları minmələrini tələb etdikdə isə avtopatrula əyləşib polis bölməsinə getmişlər. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan 27 iyul 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 iyul 2022-ci il tarixdə, saat 01:00 radələrində Səbail rayonu, R.Rza küçəsində ictimai yerdə ünvansız nalayiq ifadələr işlətmiş, polisin qanuni tələblərinə tabe olmayaraq nalayiq sözlər işlətməkdə davam edərək ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir və əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir və fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetir. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs xx.xx.2022-ci il tarixdən saat 01:25-dən xx.xx.2022-ci il saat 15:20dək inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, Şəxs təyin olunacaq inzibati cərimənin məbləğindən ¼ hissəsi çıxılmalı və o cərimənin ¼ hissəsindən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2/17465 saylı Sərxoşluq hallarının müayinəsi protokolundan görünür ki, Şəxs yüngül alkoqol müəyyən edilmişdir. İnzibati xətanı törətməkdə təqsirli bilinən Şəxs əməlindən səmimi peşmanlığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməli, Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 200 (iki yüz) manat inzibati cərimənin 50 (əlli) manatından azad edilməli və üzərində 150 (yüz əlli) manat (yuxarı hədd 200 ¼ çıxıldıqda 150) məbləğində inzibati cərimə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə tətbiq edilsin. O dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar