Məhkəmə qərarları › İş №3(009)-1208/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1208/2021

14.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1208/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 iştirakı ilə, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 08 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 08 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə X3 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, 07.01.2021-ci il tarixində saat 18:00 radələrində, Bakı şəhəri, “Bulvar İnn’’ otelinin qarşısındakı Üzeyir Hacıbəyli 63A küçəsində İnzibati Xətalar Məcəlləsinin epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı 211.2-ci maddəsinin tələblərini pozmadığı halda (SMS icazə müraciətinin olmasına və tənəffüs yollarını qoruyan fərdi vasitə kimi tibbi maska taxmağına rəğmən) iki polis əməkdaşı məlumatlarını götürərək heç bir xəbərdarlıq etmədən adına cərimə yazmışdır. Belə ki, qeyd etdiyi saatlarda həmin yol ilə tək gedərkən 39-cu polis bölməsinin iki əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmədən icazənin olub-olmadığını soruşmuş, icazəsinin olduğunu bildirdikdən sonra polis əməkdaşlarından biri onun sistemdə yoxlanılması üçün şəxsiyyət vəsiqəsinin seriya nömrəsini alaraq özündə hansısa qeyd edib ona maska taxmağın zərurətini vurğuladı. O, isə cavabında bir təhsil işçisi olaraq qaydalara hər zaman riayət etdiyini və tibbi maska taxdığını vurğulayıb təşəkkür edərək hadisə yerindən uzaqlaşmışdır. Bir neçə gün sonra təsadüfən adına hansısa cərimə olub-olmadığını yoxlamaq üçün sistemdə axtarış etdiyi zaman adına COVİD-19 ilə bağlı 100 manat məbləğində cərimə olduğunu öyrənmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətə baxılmış və məsələ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Bakı Şəhər Baş Polis İdarəsinə yönləndirilmişdir. Müraciətinə cavab olaraq bildirilir ki, xüsusi karantin rejiminin tələblərini pozduğu üçün barəsində Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsinə əsasən “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması haqqında protokol tərtib edilmişdir. Onun isə bu protokol haqqında heç bir məlumatı olmamışdır. Əlavə olaraq bildirilir ki, inzibati xəta haqqında protokolun ləğv olunması düzgün tərtib edilmədiyi təsdiqləndiyi halda müvafiq məhkəmə və ya icra hakimiyyəti orqanının nəzdində yaradılmış komissiya tərəfindən həyata keçirilir. Ona görə də məhkəməyə müraciət etməyi qərara alınmışdır. Bununla bağlı olaraq 12 mart 2021-ci il tarixində qeydiyyatda olduğu Nizami Rayon üzrə Məhkəməyə müraciət etmiş, lakin sənədlər arasında adıçəkilən inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar olmadığı üçün şikayəti geri qaytarılmışdır. Geri qaytarılma haqqında qərardadı əldə etdikdən dərhal saxlanıldığı küçənin Bakı şəhəri, Səbail rayonu 39-cı polis bölməsi qeydiyyatında olduğunu özü araşdırmış və oranın dəftərxanasından protokol və inzibati tənbeh vermə haqqında qərarın surətini əldə etmişdir. Barəsində tərtib olunmuş və üzünü ilk dəfə gördüyü protokolda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələbləri pozulduğu qeyd olunsa da, tərəfindən heç bir qayda pozuntusu olmamışdır. Bundan əlavə qeyd edir ki, 39-cu polis bölməsinin əməkdaşı həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İnzibati qaydada tutma haqqında protokol ilə bağlı 90-cı, inzibati qaydada tutulmuş şəxsin hüquqlarının təmin edilməsi ilə bağlı 91-ci maddələrini pozmuş və karantin qaydalarını pozmadığı halda məlumatlarını götürərək ona heç bir xəbərdarlıq etmədən adına qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokoldan da göründüyü kimi bu haqda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada ona hüquq və vəzifələri ümumiyyətlə izah edilməmiş, müvafiq olaraq da sənəd tərəfindən imzalanmamış şəkildə ondan xəbərsiz tərtib olunmuşdur. Göstərdiklərini nəzərə alaraq adına qanunsuz olaraq yazılmış inzibati xəta haqqında protokolun və onun əsasında 08.01.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4 şikayəti müdafiə edərək göstərmişdir ki, 07 yanvar 2021-ci il tarixdə o, diş həkimindən çıxdıqdan sonra, karantin qaydalarına riayət etmək məqsədi ilə tibbi maskasını taxaraq evə gedirmiş. Yoldan kənara çəkilib nəfəsində çətinlik yarandığı üçün insanların toplaşdığı yerdən kənara çəkilərək ağacın yanında tibbi maskasını 1-2 dəqiqə nəfəs almaq üçün aşağı salmışdır. Bu vaxt ərazidə olan polis əməkdaşları ona yaxınlaşaraq SMS icazəsinin olubolmamasını yoxlamaq üçün ondan şəxsiyyət sənədinə dair məlumatları əldə edərək, yəni SMS icazəsinin yoxladıqdan sonra ondan aralaşmışlar. Yəni o, polis əməkdaşları tərəfindən saxlanılarkən onun ağzında tibbi maska olduğundan, ondan yalnız SMS icazəsinin olubolmaması yoxlanılmışdır. Bir müddət sonra ona məlum olmuşdur ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələbləri pozulduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və o, 100 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39cu Polis Bölməsinin 08 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Ona görə də şikayətinin təmin edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə lazmı qaydada məlumat verilsə də, polis şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxsi dinləyib, şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən MN ******* nömrəli, 08 yanvar 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 07.01.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 07.01.2021-ci il tarixdə, saat 17:46 radələrində karantin rejimi qaydalarını (tibbi maskadan istifadə etmədiyi üçün) pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan MN ******* nömrəli, 08 yanvar 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 07.01.2021-ci il tarixdə karantin rejimi qaydalarını (tibbi maskadan istifadə etmədiyi üçün) pozduğuna görə İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd edilməlidir ki, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 08 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda Kəmalə Ömərovanın tibbi maskadan istifadə etməməsi qeyd edilsə də, həmin protokolda Kəmalə Ömərovanın barəsində inzibati xəta haqqında protokolla razı olub-olmaması qeyd edilməmiş, ümumiyyətlə barəsində inzibati icraat aparılan şəxs barəsində ki, bölümdə heç bir qeyd aşkar edilməmişdir. Bundan əlavə şikayətdən görünür ki, şikayətçi həmin gün həm SMS icazə aldığını, həm də tibbi maskadan istifadə etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, X4 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, SMS icazə sistemindən icazə alaraq yaşayış yerini tərk etmiş, diş həkimindən çıxaraq yolda nəfəs almaq üçün tibbi maskasını 1-2 dəqiqə müddətinə aşağı salmışdır. Belə olan halda məhkəmə şikayətçinin göstərdiklərini inandırıcı hesab edir. Həmçinin qeyd edilməlidir ki, hazırki işdə qərar qəbul edilərkən Kəmalə Ömərovanın iştirakının təmin edilib edilməməsi iş materilları ilə müəyyən edilməmişdir. Göründüyü kimi işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs X3 əməlində inzibati xəta tərkibi olmasına dair heç bir sübut yoxdur. Bu sübutların isə tamamlanması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin nümayəndəsi dəvət edilsə də, gəlməmiş və bunun əksi olaraq heç bir dəlil göstərməmişdir. Bu isə özü-özlüyündə inzibati xəta hadisəsinin olması faktını şübhə altına alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Belə olan halda məhkəmə hesab edir ki, X3 təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməli və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarına əsasən müəyyən edilir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni Kəmalə Ömərovanın nəfəs almaq üçün tibbi maskanı aşağı salmasına psixi münasibəti qərəzli olmamışdır. Belə olan halda, şəxsin barəsində AR İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Müəyyən edilmişdir ki, X1 rejimində nəfəs almaq üçün tibbi maskanı aşağı salmasına baxmayaraq, Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru tərəfindən əsassız olaraq İXM-nin 211.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Bununla da, protokol tərtib etmiş şəxsin gəldiyi nəticə, X6 qısa zaman ərzində tibbi maskanı aşağı salması, yəni tibbi maskadan istifadə etməməsi kimi qiymətləndirilə bilməz və işin faktiki hallarına uyğun gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB tərəfindən əhəmiyyətli olan hallar sübuta yetirilmədən X4 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 şikayəti təmin edilməli, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 08 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 08 yanvar 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar