Məhkəmə qərarları › İş №3(009)-1212/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1212/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1212/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, barəsində protokol tərtib olunmuş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən sürücü Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, 08.05.2021-ci il tarixdə, saat 16:30-da xx xxxx 2001-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi haqqında 17 may 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, 08 may 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 43 ünvanında baş vermiş yol nəqliyyat hadisəsi zamanı Şəxs xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş. “Moon” markalı mopedin sürücüsü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yarandığından, barəsində həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış material Səbail rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Şəxs ifadəsində bildirir ki, 08 may 2021-ci il tarixdə saat 16:30 radələrində idarə etdiyi “Moon” markalı, 49 kub/sm mühərrik həcmli mopedlə “Azneft” dairəsi istiqamətindən “Hökumət Evi” istiqamətinə doğru Səbail rayonu, Neftçilər prospekti və yolun 3-cü zolağı ilə hərəkətdə olarkən yoldakı sıxlıqla bağlı dayanan “Opel Astra” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin arxasından toqquşmuş, moped yerə aşmış və o, xəsarət almışdır. Avtomobilin sürücüsü ona yaxınlaşıb, xəsarət alıb-almaması ilə maraqlanmış və özünü Elsevər Ağayev kimi təqdim etmişdir. Hadisə yerinə yaxınlaşan YPX-ti əməkdaşı yolda tıxac yaratmamaq üçün avtomobili və mopedi yoldan çıxarıb hadisə yeri ilə üzbəüz T.Əliyarbəyov küçəsinin girəcəyində saxlamışdır. Sonra onların iştirakı ilə hadisə sənədləşdirilmişdir. Hadisə Səbail rayonu, Neftçilər prospekti 43 ünvanında “Azneft” dairəsi istiqamətindən “Hökumət Evi” istiqamətinə doğru yolun hərəkət hissəsinin 3-cü zolağında baş vermişdir. O, idarə etdiyi mopedlə yolun 3-cü zolağı və 30 km/saat sürəti ilə hərəkət etmiş, avtomobil isə onun önündə hərəkət etmişdir. Avtomobil yoldakı sıxlıqla bağlı dayandığına görə hadisə baş verən anda hərəkətsiz vəziyyətdə olmuşdur. Toqquşma idarə etdiyi “Moon” markalı mopedin qabaq hissəsi ilə “Opel Astra” markalı avtomobilin arxa bamperinin orta hissəsi arasında baş vermişdir. Təhlükə onun üçün önündə hərəkət edən avtomobil qəflətən dayanan zaman yaranmış, həmin an məsafə çox yaxın olduğuna görə tormoz əyləcindən istifadə etməyə imkan tapmamış və qəzadan yayına bilməmişdir. Mopedi idarə edərkən spirtli içki qəbul etməmiş, bununla bağlı müayinədən keçmiş və həmin vaxt təhlükəsizlik dəbilqəsindən istifadə etmişdir. Toqquşma zamanı başındakı təhlükəsizlik dəbilqəsi çənə və boğaz nahiyələrini sıyırmış, hər iki dizi mopedin sükanının alt hissəsinə dəyib əzilmişdir, başqa heç bir xəsarəti yoxdur. Həmin vaxt idarə etdiyi mopeddə tək olmuş, artıq yük olmamışdır. Moped təzədir və texniki cəhətdən saz vəziyyətdədir, qəza zamanı mopedin qabaq hissəsindəki plasmas örtük və qabaq faranın hissəsi sınmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı “Opel Astra” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 barəsində heç bir şikayət və tələbi yoxdur, hadisənin öz günahından baş vermiş, belə ki, önündə hərəkət edən “Opel Astra” markalı avtomobillə ara məsafəsi saxlamamışdır. O, əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül tənbeh tətbiq xahiş olunmasını xahiş etdi. İş materiallarında olan X1 izahatından görünür ki, 08.05.2021-ci il tarixdə saat 16:30 radələrində X2 məxsus olan və baş etibarnamə ilə idarə etdiyi “Opel Astra” markalı **-DU- *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Azneft” dairəsi istiqamətindən “Hökumət Evi” istiqamətinə doğru Səbail rayonu, Neftçilər prospekti və yolun 3-cü zolağı ilə hərəkət edib, yoldakı sıxlıqla bağlı dayanan zaman arxadan toqquşma səsi gəlmişdir. Avtomobildən enəndə məlum olmuşdur ki, qırmızı rəngli “Moon” markalı moped onun avtomobilinin arxa hissəsinə toqquşub və sürücüsü ilə birlikdə yerə aşıb. Mopedin sürücüsünə yaxınlaşıb xəsarət alıb-almaması ilə maraqlanmış, o, özünü Şəxs kimi təqdim etmiş və çənəsinin sıyrıldığını bidirmişdir. Hadisə yerinə yaxınlaşan YPX-ti əməkdaşı yolda tıxac yaratmamaq üçün avtomobili və mopedi yoldan çıxarmalarını bildirmiş, o, avtomobili yoldan çıxarıb Ə.Əliyev küçəsi ilə kəsişmədəki təhlükəsizlik adacığında saxlamışdır. Sonra onların iştirakı ilə hadisə sənədləşdirilmişdir. İşin mahiyyəti üzrə sualları cavablandıran Şəxs qeyd etmişdir ki, avtomobil idarə etmək üçün sürücülük hüququ vardır. Hadisə Səbail rayonu, Neftçilər prospekti 43 ünvanında, “Azneft” dairəsi istiqamətindən “Hökumət Evi” istiqamətinə doğru yolun hərəkət hissəsinin 3-cü zolağında baş vermiş, o, yoldakı sıxlıqla bağlı dayandığına görə, hadisə baş verən anda avtomobili hərəkətsiz vəziyyətdə olmuşdur. Toqquşma idarə etdiyi “Opel Astra” markalı avtomobilin arxa bamperinin orta hissəsi ilə “Moon” markalı mopedin qabaq hissəsi arasında baş vermişdir. Təhlükə onun üçün avtomobilinin arxasından gələn toqquşma səsi zamanı yaranmış, həmin an avtomobili dayanmış vəziyyətdə olduğuna görə, hadisənin qarşısının alınması üçün heç nə edə bilməmişdir. Hadisə zamanı özü heç bir xəsarət almamışdır. Avtomobili idarə edərkən spirtli içki qəbul etməmiş və bununla bağlı müayinədən keçmişdir. Həmin vaxt avtomobildə tək olmuş, sərnişin və artıq yük olmamışdır. Avtomobil icbari sığorta olunmuşdur. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdədir, qəza zamanı avtomobilinin arxa bamperi orta hissədən qırılmış, yük yerinin qapısı əzilərək deformasiyaya uğramışdır. Hadisə nəticəsində avtomobilinə təxminən 350 (üç yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. X4 baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı “Moon” markalı mopedin sürücüsü Şəxs barəsində şikayət və tələbinin avtomobilinə vurduğu zərərin ödənilməsindən ibarət olduğunu izahatının sonunda ifadə etmişdir. Video görüntüyə baxış keçirilməsi haqqında 08 may 2021-ci il tarixli protokoldan görünür ki, TŞ1-191 saylı videomüşahidə qurğusunun 2-ci stasionar kamerasına baxış zamanı saat 16:28:17 radələrində təhqiqata məlum olan “Opel Astra” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin Səbail rayonu, Neftçilər prospekti ilə “Azneft” dairəsi istiqamətindən “Hökumət Evi” istiqamətinə doğru yolun hərəkət hissəsinin 3-cü zolağı ilə “Moon” markalı mopedin isə eyni istiqamətdə və həmin avtomobilin arxası ilə hərəkət etdikləri, lakin kameranın görünüş dairəsindən itdikləri müəyyən edildi. Həmçinin, videomüşahidə qurğusunun 1-ci kamerası 360 dərəcə bucaq altında hərəkət etdiyinə görə, yol-nəqliyyat hadisəsinin baş verməsi qeydə alınmamış, lakin saat 16:29:10-cu saniyədə toqquşmanın yolun hərəkət hissəsinin 3-cü zolağında artıq baş verdiyi və “Moon” markalı mopedin “Opel Astra” markalı avtomobilin arxasında olduğu müəyyən edildi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyi” X6 260 saylı ekspertiza rəyindən görünür ki, Şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- çənəaltı nahiyənin, boynun orta 3/1-nin ön səthinin hər iki diz oynağı nahiyələrinin ön səthlərini sıyrıqları bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 08.05.2021-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində, o cümlədən hərəkətdə olan mopedin avtomaşınla toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Hazırki işdən isə müəyyən edilir ki, Şəxs törətdiyi hadisə nəticəsində zərərçəkmiş şəxsə maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.503-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tərkibi var və 80 (səksən) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar