Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1218/2023 19.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X1 Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, baş ədliyyə müşaviri Elnur Musayev tərəfindən ********* nömrəli material üzrə qəbul edilmiş 14 iyun 2023-cü il tarixli, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, baş ədliyyə müşaviri Elnur Musayev tərəfindən ********* nömrəli material üzrə qəbul edilmiş 14 iyun 2023-cü il tarixli, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Şikayət nəzərdən keçirilərkən müəyyən olundu ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, baş ədliyyə müşaviri Elnur Musayevin 14 iyun 2023-cü il tarixli, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarı ilə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, qərar və toplanmış material baxılması üçün Bakı hərbi məhkəməsinə göndərilmişdir. “Elektron məhkəmə sistemi”nin məlumatından görünür ki, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş hazırda Bakı Hərbi Məhkəməsinin icraatındadır. Baxmayaraq ki, inzibati icraatın başlanılması haqqında qərar məhkəmə nəzarətinin predmeti deyil, şikayət və onun məzmunundan görünür ki, X2 cinayət təqibindən kənar İcraatlar idarəsinin rəisi, baş ədliyyə müşaviri Elnur Musayevin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermiş və 12 iyun 2023-cü il tarixdə araşdırma orqanına vəsatət verərək, inzibati icraatın başlanılması haqqında qərar qəbul edildiyi halda, baxılması üçün məhkəməyə göndərilməzdən əvvəl toplanmış materiallar və qərarla tanış edilməyinin təmin edilməsini və qərardan məhkəmə nəzarəti qaydasında şikayət verəcəyini bildirmişdir. Bununla belə, iş məhkəməyə inzibati xəta haqqında qərardan şikayət qaydasında verilmişdir. Hazırki şikayət Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin inzibati tənbeh vermə haqqında qərarından deyil, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarından verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (maddə 128) bu cür mexanizm nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 54.4-cüü maddəsinə əsasən prokuror bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində nəzərdə tutulan məlumatlara baxaraq, on beş gün müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. Qərardadın surəti məlumatları vermiş şəxslərə göndərilir. Həmin qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 100-cü maddəsində inzibati xətanın törədilməsi haqqında protokolun tərtib edilməsi və inzibati xəta haqqında protokolda göstərilməli məlumatlar qeyd olunmuşdur. Göründüyü kimi qanunvericilik şəxsin inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardadından yuxarı prokurora və ya məhkəməyə şikayət vermə hüququnu nəzərdə tutur. İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar isə inzibati xətanın törədilməsi haqqında protokolla eyni qaydada tərtib edilməklə araşdırılması və yekun qərarın qəbul edilməsi üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Hazırki halda məhkəmə hesab edir ki, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış iş hazırda Bakı hərbi məhkəməsində baxıldığından, o, həmin işə məhkəmə iclasında baxılarkən işin düzgün və hərtərəfli araşdırılması üçün inzibati xəta haqqında iş üzrə izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, baş ədliyyə müşaviri Elnur Musayev tərəfindən ********* nömrəli material üzrə qəbul edilmiş 14 iyun 2023-cü il tarixli, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarından verdiyi şikayəti geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, baş ədliyyə müşaviri Elnur Musayev tərəfindən ********* nömrəli material üzrə qəbul edilmiş 14 iyun 2023-cü il tarixli, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1218/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1218/2023
19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver