Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1219/2021 24.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, şikayət vermiş şəxs X1, onun nümayəndəsi Vəkil iştirakları ilə, X1 Bakı Baş Gömrük İdarəsinin 21 may 2021-ci il tarixli, 00100/0959 saylı qərarından verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Baş Gömrük İdarəsinin 21 may 2021-ci il tarixli, 00100/0959 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 2020-ci ilin dekabr ayında şəxsi istifadəsi üçün Cənubi Koreya Respublikasının dünyada tanınmış “Auto VVini” ticarət şirkətinin satışa çıxarıldığı 2016-cı il buraxılışı olan "Hyundai Avante” markalı avtomobili bəyənərək, onu sifariş edərək Azərbaycana gətizdirmişdir. Bununla əlaqədar olaraq bütün zəruri prosedurlardan keçərək avtombilə görə gömrük ödənişləri edərək, yekunda aldığı avtomobili AR DİN BDYPİ-də dövlət qeydiyyatından keçirdərək 990T854 dövlət qeydiyyat nişanı verilmiş və bu haqda müvafiq qeydiyyat şəhadətnaməsi almışdır. Avtomobili alarkən satıcı “Avto VVini” tərəfindən 15 gün müddətində avtomobilin vacib hesab edilən aqreqatlara (yəni, mühərrik, korobka və sair ehtiyat hissələrə) zəmanət verilmişdir. Lakin avtomobili istifadə etməyə başladığından sonra, korobka hissəsində problemlər yaranmış və nəticə etibarı ilə avtoustaya müraciət etməyə məcbur olmuşdur. Nəticədə, yaranmış qüsurun dəqiq müəyyən edilməsi məqsədilə, o avtotəmir sahəsində çalışan ustaların birinə, Rövşən Məmmədov adlı şəxsə müraciət etmişdir. Orada diaqnostika olunaraq avtomobilin korobka hissəsinə aid olan detalların xarab olması müəyyən edilmişdir. Bundan sonra satıcı “Avto VVini” ilə electron qaydada əlaqə yaradaraq əmələ gəlmiş qüsur haqqında məlumat vermişdir. Satıcı isə arasında olan razılaşmaya əsasən qüsurlu detalların dəyişdirilməsinə köməklik göstərəcəyini bildirmiş, lakin həmin ehtiyat hissələrinin ümumi dəyərinin 50 % tərəfindən ödənilməli olduğunu bildirmişdir. O da buna razılaşmış, bununla əlaqədar satıcı tərəfindən ona “İnvoice” sənədi göndərilmiş və bu sənədə əsasən göndərilən malların ümumi dəyəri 664,50 ABŞ dollar təşkil etmiş və malın ümumi dəyərindən 300 ABŞ dollar mənə güzəşt olunaraq, ümumlikdə 364,50 ABŞ dolları “xxxx” ASC-nin vasitəsilə 19.02.2021-ci il tarixində “xxxx” Şirkətinə ödəniş etmişdir. Bir neçə vaxtdan sonra adı çəkilən malların adına gəlməsi haqqında gömrük orqanından ona məlumat verilmiş və o Qaradağ rayonundakı Gömrük Bölməsinə getmişdir. Gömrük orqanlarının əməkdaşları tərəfindən ona işin asanlaşdırılması üçün gömrük sahəsində təmsilçilik fəaliyyəti göstərən AR Dövlət Gömrük Komitəsinin ''Azərterminalkompleks” Birliyi ilə müqavilə bağlamağı ona göstəriş verilmiş və nəticədə həmin Birliklə 08.05.2021-ci il tarixli 748/B nömrəli “Elektron sənəd mübadiləsi yolu ilə Gömrük rəsmilləşdirilməsi üçün təmsilçilik xidmətlərinin göstərilməsi haqqında” Müqavilə aralarında imzalanmışdır. Göstərilən xidmətin əvəzində o Birliyə 08.05.2021-ci il tarixində ödəniş terminal vasitəsilə 24 manat xidmət haqqı ödəmişdir. Daha sonra isə gömrükçülərin ona verdiyi göstərişə əsasən 08.05.2021-ci il tarixində 233,08 manat məbləğində “xxxx” ASC-nin 1 saylı Şöbə vasitəsilə gömrük onlayn ödənişi etmişdir. Lakin daha sonra gömrük əməkdaşları onunla əlaqəda saxlayaraq əlavə olaraq 265,49 manat məbləğində gömrük ödənişi etməli olduğunu bildirmişlər. Nəticədə, o yenə də həmin Gömrük Mərkəzinə gedərək 265,49 manat məbləğində “xxxx” ASC-nin 1 saylı Şöbə vasitəsilə gömrük onlayn ödənişi etmişdir. Bu ödənişlər ondan tələb olunarkən ona belə izah edilmişdir ki, ay ərzində gətirdiyi malın ümumi dəyəri 300 ABŞ dollarından artıq olduğuna və təqdim olunan “invoice” sənədinə əsasən malın ümumi dəyəri 664,5 ABŞ dolları təşkil etdiyinə görə limitdən artıq olan hissəyə görə əlavə ödəniş etməli olduğunu izah etmişdirlər. Lakin aralarında olan razılığa əsasən malın ümumi dəyərindən 300 ABŞ dollar hissəsində satıcı tərəfindən ona endirim olunmuşdur. Nəticədə, o yuxarıda qeyd etdiyi kimi, 364,50 ABŞ dollar məbləğində satıcıya ödəniş etmişdir. Bundan sonra onu Gömrük Mərkəzindən sərbəst buraxmışlar. Ancaq bir neçə gün keçdikdən sonra, o AR Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə çağırılmış və orada onun guya gömrük qaydalarını pozduğuma görə barəsində inzibati :xəta icraatı başlanılmalı olduğunu bildirmişlər. Ona hüquq və vəzifələrim izah olunmadan, özünün müdafiə olunmaq hüququ izah edilmədən, barəsində hər hansı bir qanuni əsas olmadan 21.05.2021-ci il tarixli, 00100/0959 nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul olunmuşdur. Qərara əsasən o AR İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı guya törətdiyinə görə barəsində qanunsuz olaraq qərar qəbul olunmuşdur. Hesab edir ki, o, bu inzibati xətanı törətməmişdir və barəsində qəbul olunmuş qərar qanunsuzdur. Belə ki, qərarda qeyd olunur ki, aparılmış araşdırma zamanı ünvanına daxil olmuş -"47B53310/47B53410 nömrəli nəqliyyat vasitəsi 06.05.2021-ci il tarixində gömrük ərazisinə daxil olduğu, lakin həmin nəqliyyat vasitəsində ölkə ərazisinə gətirilən yüklərə dair elektron qaydada qısa idxal bəyannaməsinin verilmədiyi məlum olmuşdur. Daha sonra qərarda AR Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin əsasları gətirilir. Orada qeyd olunur ki, Fiziki şəxslər t ə r ə f i n d ə n gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Daha sonra bu maddənin suni şəkildə ona şamil olunması məqsədilə qərarda göstərilir ki, verdiyi izahatda, 2014-cü ildən fərdi sahibkarlıqla məşğul olur və 2021-ci ilin yanvar ayından fəaliyyətə başladığını və həmin ehtiyat hissələrin də şəxsi istifadəsində olan “Hyundai Avante” markalı, 990T854 dövlət qeydiyyat nişanlı Avtomobil üçün gətizdirmişdir. Ancaq işə baxan gömrük xidmətinin baş leytenantı Günel Pənahova verdiyi izahatı təhrif edərək, ona lazımi hüquqi qiymət verməyərək, onu sübut kimi qiymətləndirməyərək, işin ümumi hallarını, eləcə də ehtiyat hissələrin gömrük ərazisində keçirilən zaman Gömrük Xidməti tərəfindən mənə təklif edilən gömrük təmsilçisi qismində “ Azerminalkompleks” Birliyinin vasitəsilə gömrük prosedurundan keçirildiyini nəzərə almadan təqdim etdiyi əlavə sübutları qəbul etmədən bu qanunsuz qərar qəbul olunmuş və əfsuslar olsun ki, yuxarı vəzifəli şəxs tərəfindən BBGİ-nin rəisi gömrük xidməti general-mayoru Məmmədov tərəfindən imzalanmışdır. Hesab edir ki, bu qərar qanunsuzdur. Çünki o şəxsi istifadəsi üçün aldığı avtomobildə problem çıxdığına görə, satıcı ilə əvvəlcədən razılaşdırdığı şərtlərə əsasən avtomobilə verilən 15 gün zəmanətə əsasən ona göndərilən ehtiyat hissələri şəxsi istifadəsi üçün almışdır. Həmin mal (ehtiyat hissəsi) kommersiya məqsədləri üçün nəzərdə tutulmayan maldır və mülkiyyətində olan “Hyundai Avante” üçün gətizdirilmişdir. Çünki, bu ehtiyat hissəsi xarab olduğuna görə onu dəyişdirilmədən avtomobildən istifadə etmək həm özünün, həm də ərafdakılar üçün təhlükəlidir. Qərarda, AR İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərəfindən törədilməsi sübuta yetirildiyini göstərilsə də, buna dair əsaslı və mötəbər sübut gömrük orqanı tərəfindən təqdim olunmayıb. Əksinə, onda olan sübutları gömrük orqanı araşdırmamış və onlara ümumiyyətlə hüquqi qiymət verməmişdir (elektron qaydada satıcı ilə apardığı yazışmaların surəti, avtomobilə təmir servisində baxış keçirilməsi haqqında video materiallar əlavə olunur.) Həmçinin iş üzrə şahid qismində dindirilməli olan şahid də dindirilməmişdir. Halbuki, AR İXM-nin müvafiq maddələrə görə aparılmış araşdırma zamanı mövcud olan bütün sübutlar araşdırılmalı və onların araşdırılmasında onun da iştirak etmək hüququ var idi. Amma işə baxan gömrük əməkdaşı Günel Pənahova bunu etməmiş və onun hüquqlarını kobud surətdə pozmuşdur. Amma demək olar ki, bütün bu hüquqlarımın hamısından istifadə etməyinə araşdırma aparan şəxs G.Pənahova buna şərait yaratmamış və bununla da kobud surətdə hüquqlarını pozmuşdur. Qeyd etmək istəyir ki, onun hüquqi təhsili yoxdur və qanunlarında mükəmməl bilmir. Amma işi aparan Günel Pənahova bundan sui-istifadə edərək barəsində inzibati xəta icraatı apararkən Məcəllədə, eləcə də Azərbaycan Republikası Konstitusiyasında nəzərdə tutulmuş hüquqlarını kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013- cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal,.a kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş” Qaydalarının 2.1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş, mallar göstərilən mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. Qeyd olunduğu kimi, bu ehtiyyat hissələr nə istehsal, nə də ki, kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallardı. Bu mallar bir neçə ay əvvəl gətirilmiş, şəxsi avtomobilin qüsuru yarandığı üçün dəyişdirilməsinə ehtiyac yaranmışdır.Lakin işə baxan gömrük əməkdaşı Günel Pənahova bu məsələyə diqqət yetirməmiş, Hüseynov Rəşadın fərdi sahibkar qismində dövlət qeydiyyatına alınmağını əsas tutaraq, yuxarıda qeyd olunanları məhz kommersiya məqsədləri üçün gətirildiyini qəbul etmişdir. Bu da yolverilməzdi, çünki iş üzrə əhəmiyyət kəsb edən bütün sübutlar araşdırılmalı və onlara lazımi hüquqi qiymət verilməlidir. Hüseynov Rəşad ehtiyat hissəni öz şəxsi istfadəsi üçün, yəni mülkiyyətində olan avtomobilin ehtiyat hissəsini Cənubi Koreyanın “AvtoVVini” şirkətindən almışdır. Bu haqda da müvafiq sənədlər mövcuddur. Araşdırma aparmış gömrük işçisi buna diqqət yetirməmiş, əsassız olaraq barəsində inzibati xəta iş üzrə icraat apararaq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Odur ki, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru, K.Məmmədovun inzibati tənbeh vermə haqqında” Qərarını ləğv etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X2 şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X1 nümayəndəsi Vəkil şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş orqanının nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X2 tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin 21 may 2021-ci il tarixli, 00100/0959 saylı qərarından görünür ki, X1 ünvanına daxil olmuş 47B53310/47B53410 nömrəli nəqliyyat vasitəsinə 06 may 2021-ci il tarixində gömrük ərazisinə daxil olduğu, lakin həmin nəqliyyat vasitəsində ölkə ərazsinə gətirilən yüklərə dair elektron qaydada qısa idxal bəyannaməsinin verilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədi üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elektron formada qisa idxal bəyannaməsi verilməlidir. X2 Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin yükə dair elektron formada qısa idxal bəyannaməsini gömrük orqanına verməmişdir. Həmçinin, həmin qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Elşad Nəsibov tərəfindən həmin ehtiyat hissələri şəxsi istifadəsində olan “Hyundai Avante” markalı, 990T854 dövlət qeydiyyat nişanlı Avtomobil üçün gətizdirmiş, kommersiya məqsədi ilə gətirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə isə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Qeyd olunan Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından Bakı Baş Gömrük İdarəsinin 21 may 2021-ci il tarixli, 00100/0959 saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALİR: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə olunmasına dair Bakı Baş Gömrük İdarəsinin 21 may 2021-ci il tarixli, 00100/0959 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1219/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1219/2021
24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver