Məhkəmə qərarları › İş №3(009)-1226/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1226/2021

01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1226/2021 01.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X1, “xxxx” MMC-nin səlahiyyətli nümayəndələri X4, Vəkil iştirakı ilə, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən “xxxx” MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-0909/21 saylı, 27 may 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) İspaniyada fəaliyyət göstərən “DERYPOL S.A” şirkətindən EXP-RV- 21/000139 nömrəli 23.03.2021-ci il tarixli invoys sənədinin müşaiyəti ilə BK739Kb/QQ136O nömrəli avtomobilə yüklənilmiş vəziyyətdə “TGHU 0317693” nömrəli konteynerdə gömrük ərazisinə gətirilmiş “EC6029A” adlı akril polimeri, ammonium xlorid (CAS 12125-02-9), kalsium karbonat (CAS 471-34-1) və su (CAS 7732-18-5) əsaslı qazma məhluluna qatılaşdırıcı əlavə yükünü 16 aprel 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********6475 sorğu nömrəli gömrük bəyannaməsi ilə “son istifadə” xüsusi gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən bu malın 3824 99 960 9 alt yarım mövqeyində sinifləşdirilməli olduğunu və bu kodun DGK tərəfindən VAİS sisteminə əlavə edilmiş vergi və rüsumlardan azad olunmuş malların siyahısında (AZƏRİ- 01/14 saylı azadolma sertifikatında qeyd olunan kodlarla) olmadığına qabaqcadan bildiyi halda, bu mala görə vergi və rüsumlardan azad etməyə həmin sertifikatın əsas vermədiyinə baxmayaraq, malları “300” imtiyazı ilə (Azəri-Çıraq) layihəsi bəyan edərək ödənilməli olan 2734.40 manat idxal rüsumu, 10408.02 manat Əlavə dəyər Vergisi, 400 manat gömrük yığımı, 35.40 elektron gömrük xidməti haqqından ibarət olmaqla 13577.82 manat gömrük ödənişlərinin ödənilməsindən hərəkətlə yayınmış, inzibati araşdırma zamanı nümayəndəsi vasitəsilə gömrük ödənişləri ödəməklə məsuliyyətdən azad olunmaq hüququnun olmasına dair 08.05.2021-ci il tarixli bildirişi alsa da, gömrük ödənişləri müvafiq hesaba ödəməyərək gömrük ödənişlərinin ödənilməsindən yayınmanı hərəkətsizliklə davam etdirmişdir. Nəticədə, “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X2, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi Vəkil yazılı etiraz təqdim edərək bildirmişdir ki, “xxxx” MMC barəsində İXM-nin 505-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş əsassızdır və həmin iş üzrə icraata xitam verilməlidir. Belə ki, “xxxx” MMC ilə “xxxx” Şirkəti arasında imzalanmış CW2049353/CW173731 nömrəli müqavilə əsasında, adı çəkilən MMC qeyd edilən Şirkətə qazma təyinatlı kimyəvi reaqentlərin tədarükü, təczihatı və işlənməsi xidmətlərini həyata keçirir. Hazırki işin faktiki halları ondan ibarətdir ki, “xxxx” MMC 14.04.2021-ci il tarixində müvafiq gömrük orqanına **********5183 nömrəli qısa idxal bəyannaməsini bəyan etmişdir. Daha sonra 15.04.2021-ci il tarixində BP Exploration (KaspSan Si) Ltd əməliyyat şirkətinin NA/Lİ/0450-04.21 istinad nömrəli gömrük rəsmiləşməsini idxal və ixrac rüsümlarında azadolma sertifikati ilə həyata keçirilməsi üçün rəsmi məktub alınmışdır. Bundan sonra isə, 16.04.2021-ci il tarixində son istifadə üçün **********6475 nömrəli bəyannamə ilə gətirilən mal müvafiq gömrük orqanına bəyan edilmiş və bəyannamənin 44-cü qrafasında bütün lazım olan sənədlər e-bəyannaməyə əlavə olunmuşdur. Lakin həmin tarixdə, yəni 16.04.2021-ci il tarixində X9 inspektoru Baba Hüseynov adlı şəxs **********6475 nömrəli son istifadə bəyannaməsində ölkəyə gətirilən malın kodunun düzgün bəyan edilməməsini “xxxx” MMC-nin nümayəndələrinə bildirmişdir. Belə ki, **********5183 nömrəli qısa idxal bəyannaməsi doldurulan və bəyan edilən zaman, istehsalçı-göndərilən malın fakturasında göstərilmiş malın kodu 39069090 kimi qeyd edilmişdir. Daha sonra isə son istifadə rejimində (20) **********6475 nömrəli bəyannamənin doldurulması zamanı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyasının vaxtı ilə verilmiş rəyi əsası götürülərək həmin malın kodu dəyişdirilərək 3824 99 9609 kimi qeyd edilmişdir. Hazırda onu da bildiririk ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyasının bu mal üzrə bir necə rəyi mövcuddur və həmin rəylərdə vaxtilə müvafiq Gömrük Orqanının diqqətinə rəsmi olaraq çatdırılmışdır. Bildiririk ki, yuxarıda qeyd olunan qaydada X9 inspektoru Baba Hüseynova qeyd olunan hallara dair “xxxx” MMC-nin nümayəndələri tərəfindən sübutlar təqdim etmələrinə və izahatlar vermələrinə baxmayaraq, həmin inspektor məsələ ilə bağlı güya araşdırma aparılması tələb olunduğundan, həmin malla bağlı materialları Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinə göndərmişdir. Həmçinin, əvvəllərdə bu maldan (EC 6029A) “BP X7 Ltd” Şirkəti qazma əməliyyatlarını idarə etmək məqsədi ilə ölkəmizə müvafiq idxallar həyata keçirmiş və istehsalçının, yəni mal göndərən tərəf malın kodunun 39069090 kimi qeyd etmiş və baxmayaraq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyasının 2015-2020-ci illərdə təyin etdiyi kod isə 3824 99 9609 kimi bəyan edilmiş və son istifadə rejimində də məhz bu 39069090 qaydada idxal edilən mallar rəsmiləşdirilmişdir. Sübut kimi 29.01.2021 və 17.03.2021-ci il tarixli gömrük bəyannamələrinin surətləri təqdim edilmişdir. Sözügedən materiallar Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinə göndərildikdən sonra da, orada da artıq “xxxx” MMC-nin nümayəndələri tərəfindən hazırkı etirazda qeyd edildiyi kimi izahatlar verilmişdir. Hətta həmin vaxtı “xxxx” MMC-nin nümayəndələri tərəfindən xahiş olunmuşdur ki, malı gətirən avtonəqliyyat vasitəsi 16.04.2021-ci il tarixindən 10 (on) gündür ki, boş dayanmadadır və xeyli miqdarda, yəni 2000 (iki min) ABŞ dolları civarıda üzərlərinə cərimə yazılmaqdadır. Ona görə də, həmin avtonəqliyyat vasitəsinin geri buraxılması həmin cərimənin hesablanmasına son qoya bilər. Məhz bu xahiş nəzərə alınaraq həmin təhqiqat şöbəsi qeyd edilən avtonəqliyyat vasitəsindən malın boşaldılmasına icazə vermişdir. Belə ki, bu zaman **********6475 nömrəli son istifadə bəyannaməsi ləğv edilmiş və 26.04.2021-ci il tarixində **********7745 nömrəli yeni məsul saxlanc (61) bəyyannaməsi doldurulmuş və gömrük orqanı tərəfindən mal və nəqliyyat vasitəsi buraxılmışdır. Lakin bundan sonra da həmin iş üzrə materiallar əsassız olaraq təhqiqat şöbəsinin icraatında qalmaqda davam etmişdir. Halbuki ölkəyə idxal edilmiş kimyəvi reaqent EC 6029A adlı malın adı məhz 29 aprel 2021-ci il tarixindən Dövlət‘Gömrük Komitəsinin e-gov.az saytında idxal-ixrac vergilərindən azadolma haqqında sertifikata əlavə edilmişdir. Belə ki, işin tam aydın və şəffaf olması məqsədi ilə, Dövlət Gömrük Komitəsinə 29.04.2021-ci il tarixində yeni siyahi göndərilərək, hazırki malın, yəni EC 6029A tam adı və Mərkəzi Laboratoriyanin rəyi əsasında verilmiş yeni kodu ********** bir daha qeyd edilmişdir. Həmin siyahıda Dövlət Gömrük Komitəsi tərəfindən təsdiqlənmişdir. Bundan başqa “BP Exploration(Kaspian Si) Ltd” Əməliyyat Şirkləti ilə imzalanmış müqavilənin icrasını təmin etmək üçün, ölkəyə idxal edilmiş kimyəvi reaqent EC 6029A, BP əməiyyat şirkətinin 15.04.2021-ci il tarixli NA/Lİ/0450-04.21 istinad nömrəli məktubu ilə də təsdiqlənmişdir. Lakin bütün bunlara baxmayaraq 06 may 2021-ci il tarixində “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi BBGİnin Təhqiqat şöbəsinə dəvət olunmuş və ona bu mal ilə bağlı yeni bildiriş təqdim edilərək, güya bu malın vergidən azadolmaya düşməməsi səbəbindən son istifadə deyil, daimi idxal olmaqla tam rüsümlarla rəsmiləşməsi bildirilmişdir. Halbuki, 2021-ci ilin idxal və ixac əməliyyatlarından azadolma sertifikatının alınması zaman verilmiş malların siyahısında məhz ölkəyə gətirilən bu malın adı da aydın şəkildə qeyd olunubdur. Təhqiqat prosesinin gedişi zamanıda “xxxx” MMC-nin nümayəndələri tərəfindən bütün lazımı sənədlər və izahatlar verilmiş və yuxarıda qeyd olunan bütün hallar həmin təşkilata imkan və hüquq verir ki, hazırki idxal olunan malı son istifadə (20) rejimində bəyan edib rəsmiləşməsini həyata keçirsin. Belə ki, bütün bu hallar açıq şəkildə rəsmi olaraq 19 may 2021-ci il tarixində Azərbaycan Respublikası DGK-i Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X3 diqqətinə çatdırılmasına baxmayaraq. gömrük təhqiqatçısı tərəfindən 8 gün sonra əsassız olaraq “xxxx” MMC barəsində İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair 00100-0909/21 nömrəli 27 may 2021-ci il tarixli inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Səbail rayon məhkəməsinə göndərilmişdir. Lakin hazırki vəziyyətdə, yəni göstərilən sübutlara əsasən, “xxxx” MMC-nin İXM-nin 505-ci maddəsi ilə təqsirli bilinməsi yolverilməzdir. Belə ki, hazırda yuxarıda qeyd edilən hallara görə “xxxx” MMC-nin əməlində İXM-nin 505-ci maddəsinin tərkib əlamətləri yoxdur və ona görədə onun barəsində 00100-0909/21 nömrəli 27 may 2021-ci il tarixli inzibati xəta haqqında Protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən «xxxx» MMC-nin səlahiyyətli nümayəndəsi X6 “xxxx” MMC-nin əməlində İXM-nin 505-ci maddəsinin tərkib əlamətləri olmadığından, 00100-0909/21 nömrəli 27 may 2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata “xxxx” MMC barəsində tərtib edilmiş protokol üzrə işin icraatına xitam verilməlidir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC ilə “xxxx” Şirkəti arasında imzalanmış CW2049353/CW173731 nömrəli müqavilə əsasında, adı çəkilən MMC qeyd edilən Şirkətə qazma təyinatlı kimyəvi reaqentlərin tədarükü, təczihatı və işlənməsi xidmətlərini həyata keçirir. 15.04.2021-ci il tarixində BP Exploration (KaspSan Si) Ltd əməliyyat şirkətinin NA/Lİ/0450-04.21 istinad nömrəli gömrük rəsmiləşməsini idxal və ixrac rüsümlarında azadolma sertifikati ilə həyata keçirilməsi üçün rəsmi məktub alınmışdır. Bundan sonra isə, 16.04.2021-ci il tarixində son istifadə üçün **********6475 nömrəli bəyannamə ilə gətirilən mal müvafiq gömrük orqanına bəyan edilmiş və bəyannamənin 44-cü qrafasında bütün lazım olan sənədlər e-bəyannaməyə əlavə olunmuşdur. Həmçinin istehsalçının, yəni mal göndərən tərəf malın kodunun 39069090 kimi qeyd etmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyasının 2015-2020-ci illərdə təyin etdiyi kod isə 3824 99 9609 kimi bəyan edilmiş və son istifadə rejimində də bu 39069090 qaydada idxal edilən mallar rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui- istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin əməlində inzibati xəta tərkibi olmasına dair heç bir sübut yoxdur. Bu sübutların isə tamamlanması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin nümayəndəsi dəvət edilsə də o, bunun əksi olaraq heç bir dəlil göstərməmişdir. Bu isə özü-özlüyündə inzibati xəta hadisəsinin olması faktını şübhə altına alır. Qeyd edilənlərdən göründüyü kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən əhəmiyyətli olan hallar sübuta yetirilmədən “xxxx” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. zərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, “xxxx” MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : “xxxx” MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar