Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1236/2023 05.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü madəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 may 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixda saat 21:00 radələrində anasina dərman lazım olduğu üçün evdən çıxmaq məcburiyyətində qalmışdır. Evdən çıxanda isə heç kimə xəbər vermədən atası Seymur Aslanova mǝxsus “Mercedes-Benz” markalı **-VN-*** dövlət nömrə nişanlı avtomobilin açarını xəlvəti olaraq götürmüşdür. Atası “Socar” şirkətində işləyir və işi ilə əlaqədar olaraq gün dənizdə və 15 gün isə evdə olur. İşdə olduğu müddətdə isə avtomobilin açarlarını evdə qoyur. O da bundan istifadə edib avtomobili açarlarını götürüb və avtomobilə idarə edərək dərman almaq üçün getmişdir. Belə ki, “Mercedes-Benz” markalı **-VN-*** dövlət nömrə nişanlı avtomobili idarə edərək Səbail rayonu Əlibəyov Qardaşları küçəsi ilə hərəkətdə olan zaman bir qədər qarşı istiqamətdən avtomobil gəlməsini görüb və həmin avtomobili gördükdə fikirləşmişdir ki, yaxınlaşdıqda avtomobili sağ istiqamətə yönləndirib yol verər. Lakin həmin avtomobilə yaxınlaşdıqda təhlükə yaranmasını görüb tormoz əyləcini sıxıb qarşıdan gələn avtomobilə yol vermək istəsə də, lakin məsafə az olduğundan və asfalt örtüyü yağış yağması səbəbindan bir qədər yaş olduğu üçün təhlükənin qarşısnı ala biməmiş və idarə etdiyi avtomobil ilə qarşıdan hərəkət edən “Lada" markalı avtomobili vurmuş və idarə etməni itirməyi nəticəsində yolun sağ kənarında park etmiş vəziyyətdə olan Hyundai markalı avtomobilə dəyməsi nəticəsindǝ zəncirvari yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisədən sonra dərhal o, avtomobildən düşüb hadisəyə aydınlıq gətirmişdir. “Lada" markalı avtomobili idarə edən şəxs özünü narahat hiss etdiyi üçün hadisə yerinə X8 Stansiyasının həkim briqadası gəlmiş və həmin sürücüyə ilkin tibbi yardım göstərib xəstaxanaya aparmışlar. O isə hadisə yerində qalıb müvafiq araşdırmada iştirak etmişdir. Həmin zaman avtomobili 60 km/saat sürətlə hərəkət etdirmişdir. Toqquşma təhlükəsinin yaranmasını təxminən 10 metr məsafədə görmüşdür. Lakin məsafə az olduğundan və asfalt örtüyü bir qədər yaş olması səbəbindən toqquşmanın qarşısını almağa texniki imkanı olmamışdır. Onun avtomobili idarə etmək üçün sürücülük hüququ yoxdur. O, spirtli içki qəbul etməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü madəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 13 may 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 aprel 2023-cü il tarixdə saat 21:00 radələrində “Mercedes E240 minik” markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Əlibəyov Qardaşları küçəsi ilə hərəkət edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin 2/10070 saylı xx.xx.2023-cü il tarixli tibbi müayinə aktından görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 200 saylı xx.xx.2023-cü X1 almış olduğu xəsarətlər- sol baldırın yuxarı 1/3-nin sıyrığı, sol korpücük nahiyəsinin qançırı, eləcə də boyunin əzələ-bağ aparatının gərilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan atası X4 məxsus "Mercedes-Benz" markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhəri Səbail rayonu Əlibəyov qardaşları küçəsində birtərəfli yolda hərəkətdə olan zaman ehtiyatsızlıq edərək qarşıdan gələn sürücü X1 "Gesko" mühafizə şirkətinə məxsus, etibarnamə əsasında idarə etdiyi "Lada Granta" minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq toqquşmuş, toqquşmanın təsirindən idarəetməni itirərək yolun sol kənarında park etmiş X2 etibarnamə əsasında idarə etdiyi "Hyundai Elantra" minik markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəyərək toqquşmuş və toqquşma nəticəsində sürücü X3 dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirilməsinə və zərərçəkmiş şəxslərǝ maddi ziyan vurulması ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 332.4-cü madəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşman olmasını, hadisənin ehtiyyatsızlıqdan baş verməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-115, 128-130 və 332.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü madəsində nəzərdə tutulmuş inzibati xətalanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1236/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1236/2023
05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver