Məhkəmə qərarları › İş №3(009)-1236/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1236/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1236/2025 05.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 04 may 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polisin qanuni tələbinə tabe olmamış, ictimai asayişi pozmuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixində axşam saatlarında içkili olmamış, sadəcə görmüşdür ki, haqsız yerə tanımadığı bir şəxsi polis maşınına yerləşdirirlər. Ona görə də yaxınlaşıb etirazını bildirmişdir, bu zaman yalnışlıqla polis əməkdaşına qarşı nalayiq ifadə işlətmişdir. Lakin məqsədi polisin fəaliyyətinə təsir göstərmək olmamışdır. Qeyd olunanların nəzərə alınmasını barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Bayıl qəsəbəsi 20-ci sahə dairəsində xidmətdə olarkən VAZ 2106 markalı, ** EA *** d.q.n avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğundan tərəflərindən saxlamaq işarəsi verilmişdir. Sürücü buna məhəl qoymayıb hərəkət surətini artıraraq dəfələrlə onların saxla tələbinə tabe olmayıb avtomobili təhlükəli idarə etmişdir. O, yaxınlıqda xidmət aparan YPX naryadlarını köməyə çağırmış, Elçin Əzizov küçəsində həmin sürücü saxlanılmışdır. Sürücü polisin qanuni tələbinə tabe olmamış, müqavimət göstərməyə başlamışdır. Sonra digər 4 nəfər onlara qarşı nalayiq küçə söyüşləri söyərək xidməti vəzifələrinin icrasına maneə yaradaraq müqavimət göstərməyə başlamışlar. Şəxs da onlardan biri olmuşdur. Onlar əraziyə ƏÇPA-nın və 8-ci PB-nin əməkdaşlarını köməyə çağırmış və həmin şəxsləri şöbəyə gətirmişlər. Şəxs həmin ərazidə taksi fəaliyyəti ilə məşğul olmuş və o da polisin qanuni tələbinə tabe olmayaraq nalayiq ifadələr işlətməklə ictimai asayişi pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, Şəxs söyüş söyməyini eşitməmişdir. Sərvan həmin yerdə taksi fəaliyyəti göstərir. O, qardaşının orada olduğunu demiş, müdaxilə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, Şəxs mübahisə olan ərazidə taksi fəaliyyəti göstərir, xx.xx.2025-ci il tarixində axşam saatlarında baş vermiş hadisəyə emosional reaksiya göstərmişdir, polisə qarşı aqressiv mövqe sərgilmişdir. Ona dəfələrlə kənara çəkilməsini və müdaxilə etməməsini bildirsələr də, o hərəkətlərinə davam etmişdir. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli AZA 026444 saylı inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 04 may 2025-ci il tarixdə, saat 18:05-də inzibati qaydada tutulmuşdur. - xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Bayıl qəsəbəsi 20-ci sahə dairəsində xidmətdə olarkən VAZ 2106 markalı, ** EA *** d.q.n avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğundan tərəflərindən saxlamaq işarəsi verilmişdir. Sürücü buna məhəl qoymayıb hərəkət surətini artıraraq dəfələrlə onların saxla tələbinə tabe olmayıb təhlükəli avtomobil idarə edirdi. O, yaxınlıqda xidmət aparan YPX naryadlarını köməyə çağırmış, Elçin Əzizov küçəsində həmin sürücü məcburi şəkildə saxlanılmışdır. Sürücü və onunla birlikdə avtomobildə əyləşən sərnişin polisin qanuni tələbinə tabe olmayıb müqavimət göstərməyə başlamışdır. Sonra digər 4 nəfər onlara qarşı nalayiq küçə söyüşləri söyərək xidməti vəzifələrinin icrasına maneə yaradaraq müqavimət göstərməyə başlamışlar. Daha sonra həmin şəxslər bölməyə aparılmış və bölmədə onlardan birinin Şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 03 may 2025-ci il tarixdə Bayıl qəsəbəsi 20-ci sahə dairəsində saat 20:00 radələrində ictimai qaydanı pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, həmçinin həmin vaxt polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə onun barəsində təqsirli bilindiyi daha ciddi xəta olan Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin 25 (iyirmi beş) gün müddətinə tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 04 may 2025-ci il tarixdən, saat 18:05-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 04 may 2025-ci il tarixdən, saat 18:05-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar