Məhkəmə qərarları › İş №3(009)-1245/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1245/2021

25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1245/2021 25.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 iyun 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-nə və barəsində inzinbati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzinbati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzinbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 may 2021-ci il tarixli qərardan görünür ki, sürücü Şəxs 02.05.2021-ci il tarixdə saat 09:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes C klass” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Salyan yolu ilə hərəkət edərək 2-ci zolaqla sol istiqamətə doğru hərəkət etmək üçün manevr edib dairəyə daxil olmaq istəyərkən ehtiyatsızlıq edib manevr etmə qaydalarını pozması nəticəsində arxadan gələn sürücü X2 etibarnamə əsasında idarə etdiyi Daewoo Matiz markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq toqquşmuş, toqquşma nəticəsində sürücü X2 yüngül bədən xəsarətinin və onun idarə etdiyi avtomobilin sərnişini olan X1 dərəcəsi təyin olunmayan bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da sürücü Şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5-ci hissəsinin ( Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidi) tələblərini pozmuşdur. Odur ki, sürücü Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.1- ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi müəyyən edilməmişdir. Lakin təqsirkar sürücü Şəxs öz hərəkətləri ilə yol hərəkəti qaydalarını pozma inzibati xətanı törətmişdir. Belə olan halda toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilməsi və Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Səbail RPl-nin DYPŞ-si vasitəsi ilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Təhqiqat zamanı X3 notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək 02.05.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona dəymiş ziyan Şəxs tərəfindən tamamilə ödənilmiş, bununla bağlı şikayəti və tələbi yoxdur. Məhkəmə tibbi ekspertizanın 234 saylı 17.05.2021-ci il tarixli rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ diz oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiəti olunan sağ diz oynağı nahiyəsinin yumşaq toxumalarını şişkinliyi və qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 02.05.2021-ci il tarixli avtomobil travması, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasın səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Beləliklə, müəyyən edilmişdir ki, sürücü Şəxs 02.05.2021-ci il tarixdə saat 09:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes C klass” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Salyan yolu ilə hərəkət edərək 2-ci zolaqla sol istiqamətə doğru hərəkət etmək üçün manevr edib dairəyə daxil olmaq istəyərkən ehtiyatsızlıq edib manevr etmə qaydalarını pozması nəticəsində arxadan gələn sürücü X2 etibarnamə əsasında idarə etdiyi Daewoo Matiz markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq toqquşmuş, toqquşma nəticəsində sürücü X2 yüngül bədən xəsarətinin və onun idarə etdiyi avtomobilin sərnişini olan X1 dərəcəsi təyin olunmayan bədən xəsarətinin yetirilməsinə səbəb olan yol- nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-115, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar