Məhkəmə qərarları › İş №3(009)-1246/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1246/2021

24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1246/2021 24.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Tovuz rayonu, Abdulbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 iyun 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, Şəxs oğlu 13.05.2021-ci il tarixdə, saat 16:30-da Bakı şəhəri Badamdar qəsəbəsi “Bazarstore” marketinin qarşısında idarə etdiyi Toyota Camry markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə MERSEDES markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomaşının toqquşması, daha sonra Toyota Camry markalı avtomaşının piyada qismində hərəkətdə olan X2 vurması nəticəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 13.05.2021-ci il tarixdə saat 16.30 radələrində o etibarnamə ilə idarə etdiyi Toyota Camry markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu Badamdar qəsəbəsindən Badamdar şossesi ilə üzü mərkəz istiqamətinə 2-ci zolaqla saatda 60 km/saat sürəti ilə hərəkətdə olan zaman “Bazarstore” supermarketə 50-70 metr qalmış yolun sağındaki avtomobilə fikri yayındığından qarşıya baxdıqda bir nəfər xanımın yolu sağ istiqamətdən “Bazarstore” istiqamətinə keçdiyini görmüşdür. Məsafə az olduğundan o avtomobilini sağ kənara çəksə də hadisədən yayına bilməmişdir və nəticədə avtomobilin sol ön hissəsi ilə yolu keçən piyadanı vurmuşdur, zərbənin təsirindən piyada yerə yıxılmışdır. Avtomobilini sağa çəkdiyinə görə bir anlıq idarə etməni itirmiş və yolun sağ zolağında dayanmış Mercedes markalı avtomobilin arxa hissəsi ilə toqquşaraq dayanmışdır. O dərhal avtomobildən düşərək piyadaya kömək etmiş, Onu avtomobil ilə Caspian İnternational klinikasına aparmışlar. Orada həmin şəxsə tibbi müayinə etmişlər. Həmin vaxt o spirtli içki və psixotrop maddə qəbul etməmişdir. O zərərçəkimş şəxslə barışmış, ona dəymiş zərəri tamamilə ödəmişdir. Ona görə də barəsində başlanılmış inzibati xəta haqqqında iş üzrə yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-yə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə verilməsi haqqında 27 may 2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs Azərbaycan Respublikasının İXMnin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü toplanmış materialın Səbail RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 17 may 2021-ci il tarixli 272 saylı Ekspert rəyindən görünür ki, Vət. Ç.S.Süleymanovanın bədəni üzərində müəyyən edilmiş xəsarətlər - baş beyin slikələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, alın nahiyəsinin sol yarısının, sol qaş qövsünün bayır qurtaracağı proyeksiyasının və sol üst göz qapağının bayır yarısının hematoması, sağ qulaq seyvanı arxasında qulaqdibi nahiyənin qançırı, sağ çiyinüstü nahiyənin sıyrığı, sağ budun yuxarı, sol budun orta-aşağı 1/3-nin bayır səthlərinin cüzi şişkinlik fonunda qançırları, sağ baldırın yuxarı 1/3-nin ön-bayır səthinin sıyrığı, sol budun aşağı 1/3-nin arxa səthinin, sol diz çuxuru nahiyəsinin və sol baldırın yuxarı 1/3-nin arxa-iç səthinin qançırı, sağ baldırın aşağı 1/3-nin bayır yarısında bayır topuq proyeksiyasının sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 13 may 2021-ci il tarixli avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İş materiallarında olan 13 may 2021 il tarixli 2/13270 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, müayinə aparılarkən Şəxs sərxoşluq vəziyyəti müəyyən edilməmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, 13.05.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Şəxs oğıluna qarşı heç bir iddiası və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar