Məhkəmə qərarları › İş №3(009)-1246/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1246/2025

30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1246/2025 30.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Protokol tərtib etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin sahə rəisi X4, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs X2 iştirakları ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin 28 fevral 2025-ci il tarixli, EPQ ******* saylı qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən onun barəsində qəbul edilmiş 28 fevral 2025-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun yaşadığı ərazidə zibil atmaq üçün yaxında yer yoxdur. Bununla əlaqədar olaraq o, Badamdar bələdiyyəsinə müraciət etmişdir. Oradan ona bildirilmişdir ki, ona maşın ayrılacaq, ödənişli ayda 15 manat. 2-3 ildir ki, zibili qapının ağzına qoyur gəlib götürürlər. Əvvəlcə xəbərdarlıq edilməli idi, o bunu qərəzli hesab edir. Bunların nəzərə alınıb cərimənin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs X3 şikayətini müdafiə edərək, onun təmin olunmasını və 28 fevral 2025-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin sahə rəisi X5, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs X1 məişət tullantılarının atılması üçün Badamdar bələdiyyəsi ilə olan müqaviləni tələb etməsinə baxmayaraq sonuncu tərəfindən təqdim olunmadığını, şikayətin təmin olunmamasını və 28 fevral 2025-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 28 fevral 2025-ci il tarixli, EPQ ******* saylı qərarı ilə X3, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 300 manat məbləğində cərimə edilmə növü haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş fotoşəkildən görünür ki, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması müəyyən olunmuşdur və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxs X3 tərəfindən həmin məişət tullantılarının bələdiyyə və ya hər hansı bir şəxs tərəfindən atılmasına dair müqavilə məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X2, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin 28 fevral 2025-ci il tarixli, EPQ ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin 28 fevral 2025-ci il tarixli, EPQ ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar