Məhkəmə qərarları › İş №3(009)-125/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-125/2023

26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-125/2023 26.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) Şəxs, Səbail Rayon İcra Şöbəsinin nümayəndəsi Eldar Hüseynlinin, zərərçəkmiş şəxsin (tələbkarın) nümayəndəsi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Səbail Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri 1 saylı Notariat Kontorunun 8i-710868 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. 26 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol onunla əsaslandırmışdır ki, Bakı şəhəri 1 saylı Notariat Kontorunun 8i-710868 saylı 09 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2642 manat məbləğində vəsait tutularaq tələbkar “Bank of Baku”nun xeyrinə ödənilməlidir. İcra sənədləri 10 sentyabr 2020-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara göndərilmişdir. İcra sənədi üzrə borclunun əmlak vəziyyəti yoxlanılmış adına yönəldiləcəyi əmlak aşkar edilməmişdir. Borclu Şəxs ilə dəfələrlə ona məxsus ********** mobil nömrəsi ilə əlaqə saxlanılmış, dəfələrlə şöbəyə yaxınlaşmağa vəd vermiş, lakin icra şöbəsinə yaxınlaşmaqdan yayınmışdır. Borclunun qeydiyyat ünvanında olarkən Şəxs həmin ünvanda yaşamadığı müəyyən olunmuşdur. İcra sənədində qeyd olunan öhdəliyi tam icra etmədiyinə görə boclunun axtarılması haqqında 23 dekabr 2022-ci il tarixli qərar qəbul edilərək Səbail rayon Polis İdarəsinə göndərilmişdir. 26 yanvar 2023-cü il tarixdə borclu şöbəyə yaxınlaşmışdır. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra Şöbəsinin səlahiyyətli nümayəndəsi Eldar Hüseynli borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) Şəxs izahatında bildirmişdir ki, məhkəmə qərarından xəbərdardır, tələbkara 700 manat ödəniş etmişdir, bunun nəzərə alınıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin (tələbkarın) numayəndəsi X2 borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. İş materialına əlavə olunan ərizədən görünür ki, Şəxs tələbkara 700 manat məbləğində ödəniş etmiş və barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar