Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-126/2024 09.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs AR DİN BMCMİ-nin baş əməliyyat müvəkkili polis mayoru Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Nəsimi rayonu Ə.Hüseynzadə küçəsi, ev 92, mənzil 23-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tərtib edilmiş 09 yanvar 2024cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Səbail rayonu, N.Quliyev küçəsində ünvansız təhqiramiz ifadələr işlədərək xırda xuliqanlıq etmiş və ona yaxınlaşan polislərə tabesizlik göstərmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi baş əməliyyat müvəkkili polis mayoru Nümayəndə protokolu müdafiə edərək, 08 yanvar 2024cü il tarixdə iş yoldaşı Nəcəfov İbrahimlə birgə xidmət apararkən Səbail rayonu ərazisində Nazim Quliyev küçəsində bir şəxsin nalayiq ifadələrlə, küçə söyüşləri ilə ucadan söyüş söydüyünü eşitmiş, ona yaxınlaşaraq özlərini təqdim etmişlər. İctimai qaydanı pozmamağını ondan xahiş etmişlər, şəxs aqressivləşərək özünü təqdim etməkdən də imtina etmişdir. Nəticədə onlara tabesizlik göstərmişdir. İdarəyə gələndən sonra şəxsin şəxsiyyətini müəyyən etmişlər. Bununla bağlı da müvafiq sənədləşmə aparılmışdır. Şəxs saat 21:50-də saxlanılmışdır. Şəxs barədə qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, protokol tərtib edən şəxsi tanımır və ümumiyyətlə görməmişdir. O bir neçə gündür rayonlarda istirahət etmişdir. Sadəcə olaraq o ictimai blogerdir, “gördüm göstərdim” sosial şəbəkə kanalı vardır. Həmin kanalda bəzi qanunsuzluqları ictimailəşdirir. Rayonlarda olduğu zaman bir polis vətəndaşı rüşvət verməyi təkif etmiş, bu hal onda bir vətəndaş kimi narazıçılıq doğurmuşdur. Hadisə Ağcabədi rayonunda avtomobillərin texniki baxış məntəqəsində baş vermişdir. Bu hadisəni o, avtomobilin videoreqistratoruna qeydə almışdır və bu video görüntünü öz sosial şəbəkə kanalında paylaşmışdır. 08 yanvar 19:00 radələrinda rayonnan qayıdanda ac olduğu üçün restorana yemək yeməyə getmiş, bu zaman üç nəfər tanımadğı şəxs ona yaxınlaşaraq onu “Mercedes” markalı avtomobilə məcburi otuzduraraq, niyə polislərin rüşvət təklif etdiyi videonu yaydığını soruşaraq, onu qanunsuz olaraq idarəyə apardılar. Ona məxsus əşyaları götürüb qanunsuz baxış keçirtdilər. Hal-hazırda o, ali ixtisas üzrə oxuyur və imtahanları vermək üçün Moskvaya getməlidir. İctimai fəaliyyət ilə məşquldur və protokol ilə raz deyil, imzalamayıb , nüsxəsin götürməyib. Protokolu ləğv etməyi, onu sərbəst buraxılmasını və əşyalarının qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil1 protokola etiraz edərək, Şəxs tərəfindən inzibati xətanın törədilmədiyi üçün zaldan azad olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X1 bildirmişdir ki, 08 yanvar 2024-cü il tarixdə iş yoldaşı Nümayəndələ birgə xidmət apararkən Səbail rayonu ərazisində Nazim Quliyev küçəsində bir şəxsin nalayiq ifadələrlə, küçə söyüşləri ilə ucadan söyüş söydüyünü eşitmiş, ona yaxınlaşaraq özlərini təqdim etmişlər. İctimai qaydanı pozmamağını ondan xahiş etmişlər, şəxs aqressivləşərək özünü təqdim etməkdən də imtina etmişdir. Nəticədə onlara tabesizlik göstərmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 yanvar 2024-cü il tarixdə, saat 21:05-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş AR DİN BMCMİ-nin baş əməliyyat müvəkkili polis mayoru Nümayəndə raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində iş yoldaşım, ünvan 2 ünvanının qarşısında olarkən bir nəfər şəxsin ictimai yerdə özünü aqressiv aparmaqla ünvansız nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşdıq, özümüzü təqdim edib ictimai qaydanı pozmamağı xahiş etdik. Lakin həmin şəxs özünü daha da aqressiv aparmaqla bizim qanuni tələbimizə qəsdən tabe olmaqdan imtina etdi və öz hüquqazidd hərəkətlərini davam etdirdi. Qeyd olunan şəxs saxlanılaraq Baş İdarəyə gətirildikdən sonra onun xx.xx.1981 -ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, ev 92, mənzil 23-də qeydiyyatda olmaqla yaşayan Şəxs olması müəyyənləşmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən İnzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli, barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsdə saxlama müddətinin əvvəli 08 yanvar 2024-cü il tarixdən, saat 21:00-dan hesablanmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31,34, 43, 88, 114.1.1, 115, 128.2.1, 130.1 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 30 (otuz) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 08 yanvar 2024-cü il tarixdən, saat 21:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-126/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-126/2024
09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver