Məhkəmə qərarları › İş №3(009)-1261/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1261/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1261/2025 21.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 27760822 nömrəli inzibati tənbehvermə barədə qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 27760822 nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan və idarə etdiyi X4 markalı, **- HG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 05 may 2025-ci il tarixdə Hacıqabul- Şirvan yolunda Şirvan şəhəri istiqamətində hərəkət edən zaman mənim elektron kabinetimə EQ 27760822 nömrəli elektron qərar və protokol barədə məlumat və fotoşəkillər yerləşdirilmişdir. Halbuki, video görüntü isə yoxdur. Hesab edirəm ki, EQ 27760822 nömrəli elektron qərar və protokol tamamilə əsassızdır. Belə ki, elektron kabinetimə yerləşdirilən məlumatda bildirilir ki, guya İXM-in 327.2-ci bəndinin tələblərini pozaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşam. Bildirim ki, həmin yolda Şirvan şəhərinə gedən istiqamətində ötmə qadağan deyil. Əgər yerdə görünən düz xətti tapdalayaraq ötmə qaydasını pozmağım iddia edilirsə bu tamamilə yanlışdır. Belə ki, mənim ötmə əməliyyatına başlayaraq qarşı zolağa keçdiyim yer qırıq-qırıq xətlər olan yer idi. (həmin ərazinin başlanğıc nöqtəsinin video görüntüsü disk şəklində şikayətə əlavə edilib) Mən qırıq-qırıq xətlər olan yerdən başlayıb sol qarşı yola çıxaraq ötmə əməliyyatına başladım. Ötmə əməliyyatı davam edən zaman isə artıq həmin qırıq xətlər düz xəttə çevrildi. Yol Polisinin tərtib etdiyi fotoşəkildə məqsədli şəkildə mənim düz xətt olan yerdə görüntümü elektron kabinetə əlavə ediblər. Halbuki, qırıq xətt olan yerdə ötmə əməliyyatına başladığım barədə görüntünü təqdim etməyiblər. Buradan görünür ki, birtərəfli yanaşma ediblər və özlərinə uyğun fotoşəkli elektron kabinetə yerləşdiriblər. Əslində isə DYP mənim ötmə manevr əməliyyatına başlayan və zolağımı dəyişən andan kəsilməz surətdə video görüntünü təqdim etsə idi, hər şey ortaya çıxar idi və mənim təqsirsizliyim sübut olunar idi. Yol hərəkəti haqqında qanunun 69-cu maddəsi yolun nişanlanmasını tənzimləyir. Həmin maddənin 5-ci hissəsində qeyd edilir ki, 1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir. Hazır ki situasiya isə məhz belədir. İndiki şəraitdə DYP əgər mənim ötmə əməliyyatına başlamağımı əks etdirən nöqtənin başlanğıcı barədə video görüntü təqdim edə bilmirsə, hazırki qərar tam cəfəngiyyatdır və ləğv edilməlidir. Hətta məlumat üçün qeyd edim ki, birinci şəkildən də görünür ki, mənim arxamca hərəkət edən digər iki avtomobil də, ötmə əməliyyatına çıxıb və sanki görünür ki, 1.1 xəttini tapdalayaraq keçiblər. Lakin onlarda eyni mənim situasiyamdadırlar. Əgər bu pozuntu olsa idi kütləvi şəkildə sürücülər bu pozuntunu etməzdilər. Azərbaycan Respublikasının İXM-nin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hörmətli məhkəmədən mənim iştirakım olmadan işə baxıb qərar qəbul etməsini xahiş edir. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 27760822 nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək izahatında göstərmişdir ki, X2 qırıq xətlər bitib düz xətt başlayanda əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə hərəkəti etmişdir. İş materiallarında olan fotoşəkillərdən aydın şəkildə görünür. Şikayətin təmin edilməməsini xahiş etdi. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 şikayət ərizəsində göstərmişdir ki, iştirakı olmadan işə baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ 27760822 nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 21:19-da Hacıqabul-Şirvan yolunun 3-cü km-də “X4 minik” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “X4 minik” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda düz xəttin olmasına baxmayaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmüşdür. İş materiallarında olan videogörüntüdən görünür ki, X2 bildirir ki, ötməni yolda qırıq xəttlər olan zaman etmişdir. İş materiallarında olan əlavə və dəqiqləşmə ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixli, EQ 27760822 nömrəli inzibati tənbeh vermə qərarı üzrə əlavə olaraq bildirmək istəyir ki, Qərar real vaxt rejimində tərtib edilməyib, belə ki, inzibat xəta kimi iddia olunan hadisə 5 may 2025-ci il tarixdə saat 15:43-də xüsusi texniki vasitə ilə (daimi quraşdırılmış təxmini 5 metrlik hündürlükdə yerləşən kamera ilə) qeydə alınsa da, bundan 6 saat sonra rəsmiləşdirilərək elektron qərar tərtib olunub. Bununla da İXM-nin 122-ci maddəsinin tələbi pozulub. Belə ki, xx.xx.2025-ci il tarixli qərarın özün də də "qərarın çıxarıldığı yer" bölməsində qeyd olunub ki, inzibati xəta Hacıqabul-Şirvan yolunun 3-cü kilometrində saat 15:43-də baş verib. Bununla bağlı digər sübut isə elektron kabinetimdən çıxarışda, həmçinin sms vasitəsilə gəlmiş məlumatda öz əksini tapıb. SMS mənə saat 21:26-da gəlmiş və sms-də bildirilmişdir ki, "saat 21:19-da" xəta törədilib. Halbuki, saat 21:19-da mən ümumiyyətlə həmin ərazidə olmamışam. Məlum qərarın "müəyyən etdi" hissəsində isə inzibati xətanın saat 21:19 da baş verdiyi iddia olunur və elektron qərar həmin vaxt tərtib edilib. Bu isə onu göstərir ki, inzibati xətanın qeydə alınması real vaxt rejimində xüsusi texniki vasitə ilə deyil, hansısa DYP əməkdaşının 6 saatdan sonra görüntüləri geriyə çəkərək öz qərarı ilə inzibati xətanı rəsmiləşdirib və adını da elektron qərar qoyub. Bir daha qeyd edirəm ki, xüsusi texniki vasitə ilə deyil, öz qərarı ilə rəsmiləşdirib. Çünki xüsusi texniki vasitə ilə rəsmiləşmə real vaxt rejimində olmalıdır. Yəni ki, xəta saat 15:43-də baş veribsə, rəsmiləşdirmə və elektron qərarın tərtibi də saat 15:43-də olmalı idi. DYP-nin əməkdaşları videonəzarət sistemi kameralarının imkanlarından sui-stifadə edərək, qanunazidd hallara yol verib. Göründüyü kimi səlahiyyətli orqan mənim təqsirimi Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar daxilində sübuta yetirə bilməmişdir. İXM-nin 53.1.11-ci maddəsinə əsasən iXM-nin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. xx.xx.2025-ci il tarixli EQ 27760822 nömrəli inzibati tənbehvermə barədə qərara İXM-nin 53.1.11-ci maddəsinə əsasən xitam verilməsi xahiş edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X2 xx.xx.2025-ci il tarixdə saat 21:19-da Hacıqabul- Şirvan yolunun 3-cü km-də “X4 minik” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmüş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli EQ 27760822 nömrəli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X1 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - bir yüz manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin İ hissəsinə əsasən ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq. Həmin maddənin V hissəsinə əsasən ötmə nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə) qadağandır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 27760822 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 avtomobili İstiqlaliyyət küçəsi ərazisində “X4 minik” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmüşdür. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 27760822 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 27760822 nömrəli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar