Məhkəmə qərarları › İş №3(009)-1263/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1263/2021

03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1263/2021 03.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, Azərbaycan Dövlət Filarmoniyasının nümayəndəsi X1 iştirakı ilə, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası barəsində tərtib olunmuş inzibati material baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 29 may 2021-ci il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, HYUNAİ SONATA minik, 10PD278 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi barədə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası tərəfindən məlumat verilməmişdir. Bunun nəticəsində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Dövlət Filarmoniyasının nümayəndəsi X2 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. İş materiallarından görünü ki, Bakı şəhər Səbail Rayon Polis İdarəsi tərəfindən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına 31 may 2021-ci il tarixli sorğu məktubu ünvanlanmış və həmin məktubda 04.05.2021-ci il tarixdə saat 11:01-də Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının mülkiyyətində (istifadəsində) olan HYUNDAİ SONATA MİNİK markalı ** PD *** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Bakı, Salatın Əsgərova, 161 ünvanında dayanma qaydalarını pozmağa və törədilmiş inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə məlumat verilmiş və inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatın (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş və sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə İXM-nin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdarlıq edilmişdir. Bakı şəhər Səbail Rayon Polis İdarəsi 26 may 2021-ci il tarixli 703 №-li məktubundan görünür ki, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının rəhbərliliyinə “...Sizin balansınızda olan Hyundai Sonata markalı ** PD *** nömrəli nəqliyyat vasitəsinin törətdiyi qayda pozuntusu barədə tərəfimizdən Sizə göndərilən sorğuya vaxtında cavab vermədiyinizə görə Səbail RPİ-nin DYPŞ-də inzibati icraat başlanmışdır. 31 may 2021-ci il tarixədək səlahiyyətli nümayəndənizi Səbail RPİ-nin DYPŞ-nin (otaq 4) göndərməyiniz Sizdən xahiş olunur...” məzmunlu məktub göndərilmişdir. Qeyd olunan məktubda M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının rəhbərliliyindən nümayəndəsinin 31 may 2021-ci il tarixədək Səbail RPİnin DYPŞ-nə göndərilməsi xahiş olunmuş, lakin həmin müddət gözlənilmədən 29 may 2021-ci il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edimişdir. Göründüyü kimi, inzibati orqan Azərbaycan Dövlət Filarmoniyasının mülkiyətində (istifadəsində) olan və 04.05.2021-ci il tarixdə saat 11:01-də Bakı, Salatın Əsgərova, 161 ünvanda dayanma qaydalarını pozmuş HYUNDAİ SONATA MİNİK markalı ** PD *** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə məlumatların verilməsinə dair 31.05.2021-ci il tarixli sorğu göndərmiş, həmin sorğuya vaxtında cavab verilmədiyinə görə inzibati icraatın başlanıldığı haqqında Azərbaycan Dövlət Filarmoniyasının rəhbərliliyindən səlahiyyətli nümayəndəsinin 31 may 2021-ci il tarixədək Səbail RPİ-nin DYPŞ-nə göndərilməsinə dair 26 may 2021-ci il tarixli məktub göndərmiş və eyni zamanda 29 may 2021-ci il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Dövlət Filarmoniyası barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Dövlət Filarmoniyası barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edilsə də, əməldə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsidə nəzərdə tutulmuş əməlin tərkib əlamətlərinin mövcudluğu öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. (İXM-8.2) İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. (8.3) Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (84.2) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki Azərbaycan Dövlət Filarmoniyasının əməlində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, Azərbaycan Dövlət Filarmoniyasının əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 347-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Dövlət Filarmoniyasının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar