Məhkəmə qərarları › İş №3(009)-1264/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1264/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1264/2025 03.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon X7 Şöbəsinin 31 oktyabr 2024-cü il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon X7 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, X2 xx.xx.2024-cü il tarixdə, saat 11:50-də Səbail rayonu X6 ərazisində BDY Destroyer 05 PLUG markalı, **-SG-*** dövlət qeydiyyat nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə hərəkəti icra etməsi, bununla da X3 Azərbaycan Respublikası İXM 327.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. xx.xx.2024-cü il tarixində Bakı şəhəri Səbail rayon yeni Salyan yolu ərazisində onun idarə etdiyi BYD Destroyer 05 markalı, 77SG387 dövlət qeydiyyat nişanlı avtomobillə KİA Optima markalı **-LU-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin nəqliyyat hadisəsi ilə bağlı X7 əməkdaşları hadisə yerinə gəlmişdir. Hadisə ilə bağlı araşdırma aparmış, hadisədə təqsirkar sürücünün kim olması, işlə bağlı müvafiq qərar qəbul edilməsi üçün avtotexniki ekspertiza keçirilməsi üçün iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndərilmişdir. Səbail Rayon DYPŞ tərəfindən tərtib edilmiş qərar səhv tərtib edilib, ekspert rəyi ilə də razı deyildir. Belə ki, onun tərəfindən heç bir inzibati xəta törədilməmişdir, o yol hərəkəti haqqında Azərbaycan Respublikası qanunun heç bir tələbini pozmamışdır. X3 qərarda qeyd edildiyi kimi, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə hərəkəti icra etməmişdir. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixində Bakı şəhəri Səbail rayon yeni Salyan yolu ərazisində özümə məxsus BYD Destroyer 05 markalı, 77SG387 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, KİA Optima markalı, 10LU054 dövlət nömrə nişanlı avtomobil avtobus zolağına girərək sağ tərəfdən manevr (abqon) etmiş nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi KİA Optima markalı, 10LU054 dövlət nömrə nişanlı avtomobilin qanunsuz olaraq, yol hərəkəti haqqında Azərbaycan Respublikası qanunun tələblərinin pozaraq avtobus zolağına girərək sağ tərəfdən manevr etmiş və bununlada nəqliyyat vasitələri bir-birinə çırpılmışdır. Göründüyü kimi yol nəqliyyat hadisəsinə səbəb KİA Optima markalı, 10LU054 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün qanunsuz olaraq sağ tərəfdən yüksək surətlə manevr etməsi olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbində isə sağdan manevr etmək qadağandır. Şikayətçi isə avtobus zolağındakından sonrakı birinci xətdən dönmə işığını yandıraraq sağa dönmək istəmişdir. O, dönmə işığını yandırıb yolun sağ istiqamətinə dönmək istərkən KİA Optima markalı, 10LU054 dövlət nömrə nişanlı avtomobilin qadağan olunan sağ tərəfdən manevr etməsi nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Bunu yol qırağında quraşdırılmış kamera görüntülərinə baxmaqla da müəyyən etmək olar. Görüntülərə baxıldığı zaman yol nəqliyyat hadisəsinin KİA Optima markalı, 10LU054 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün ötmə manevrinin sağ tərəfdən icra etməsi nəticəsində baş verdiyi müəyyən etmək olar. Səbail Rayon DYPŞ xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarını xx.xx.2025ci il tarixində əldə etmişdir. Bütün yuxarıda qeyd edilənlərdən də göründüyü kimi Səbail Rayon DYPŞ heç bir araşdırma aparmadan əsassız qərar qəbul etmişdir. Ona görədə hesab edir ki, Səbail Rayon DYPŞ xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayədə qeyd edilənləri müdafiə edərək Səbail Rayon DYPŞ xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon X7 Şöbəsinin 31 oktyabr 2024-cü il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ilə X3 xx.xx.2024cü il tarixində saat 11:50 radələrində Bakı şəhəri, Səbail rayonu X6 ünvanında BYD Destroyer 05 markalı avtomobillə İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, qırx (qırx) manat miqdarında cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş protokol tərtib etmiş orqan tərəfindən təqdim edilmiş DVD diskdən görünür ki, X3 manevr etmə qaydalarını pozmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon X7 Şöbəsinin 31 oktyabr 2024-cü il tarixli, İXP ******* saylı inzibatı protokol əsasında qəbul olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Hazırki halda X3 tərəfindən Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi işin təkzibedilməz halıdır və iş materialları ilə təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Hazırki şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X2 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, X2 şikayət ərizəsi təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon X7 Şöbəsinin 31 oktyabr 2024-cü il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon X7 Şöbəsinin 31 oktyabr 2024-cü il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar