Məhkəmə qərarları › İş №3(009)-1270/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1270/2023

07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1270/2023 07.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 26302.00 Avro məbləğində vəsaiti 09 İyun 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 26302.00 Avro məbləğində vəsait hesabına alman malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 10 İyun 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 19 iyun 2023-cü il tarixdə Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair “İnzibati xəta haqqında” EP ******* saylı Protokol tərtib edilmiş, bu Protokola əsasən Şəxs MMC tərəfindən 09 iyun 2021-ci il tarixdə 26302 AVRO məbləğində pulun xaricə köçürüldüyü, lakin bu məbləğ üzrə hər-hansı malın Azərbaycana idxal edilmədiyi və qeyd olunan vəsaitin də ölkəyə qaytarılmadığı qeyd edilmiş, beləliklə də Şəxs MMC tərəfindən 10 iyun 2023-cü il tarixdə AR İXM-nin 430.4-cü maddəsində qeyd edilən inzibati xətanın törədildiyi göstərilmişdir. Protokol əsassızdır. Belə ki, Şəxs MMC ilə "xxxx" Şirkəti arasında bağlanmış 01 fevral 2020-ci il tarixli, 9894-saylı Müqaviləyə əsasən, Satıcı -"xxxx" Şirkəti Alıcı-Şəxs MMC-yə məxsus müəssisənin/zavodun işlək vəziyyətdə saxlanılması üçün ona müxtəlif avadanlıqlar, onların ehtiyat hissələri və zəruri ləvazimatlarla satır/təchiz edir. Müqavilənin 6.1. bəndinə əsasən, Alıcı hesabda göstərilmiş ümumi məbləği 100% qabaqcadan Satıcının hesabına köçürmə yolu ilə yerinə yetirəcəkdir. Yalnız bundan sonra müqaviləyə edilmiş əlavələrə (ANNEX-lərə) uyğun məbləğlərdə köçürülmüş vəsaitlərə uyğun mallar Satıcı tərəfindən Alıcıya təqdim edilir və Alıcı: Şəxs MMC də öz növbəsində bu malları qanunvericiliyə müvafiq qaydada zəruri sənədlər Gömrük orqanına təqdim edilərək ölkə ərazisinə idxal edir və bəyannamə tipi: 40 rejimi ilə sərbəst dövriyyədə idxal bəyannaməsi açılır. Hazırki iş üzrə 19 iyun 2023-cü il tarixli “İnzibati xəta haqqında” Protokolun əsasını təşkil edən 09 iyun 2021-ci il tarixli, 10879-saylı ödəniş Tapşırığından göründüyü kimi, bu ödəniş tapşırığının əsasını Şəxs MMC ilə "xxxx" Şirkəti arasında bağlanmış 01 fevral 2020-ci il tarixli, 9894-saylı Müqaviləyə 61,62,63,64,65, və 66- saylı Əlavələr təşkil edir və bu Əlavələr üzrə 09 iyun 2021-ci il tarixdə cəmi 26302 AVRO məbləğində pul Şəxs MMC tərəfindən "xxxx" Şirkətinə köçürülmüşdür. Şəxs MMC (əvvəlki adı CNİM Azərbaycan MMC) tərəfindən 09 iyun 2021-ci il tarixli, 10879-saylı ödəniş Tapşırığında qeyd edilən 26302 AVRO məbləğini də özündə əks etdirən ümumi invoys dəyəri 111378,64 AVRO olan xx.xx.2021-ci il tarixdə mal larin **********8029-sorğu nömrəli, bəyannamə tipi: 40 gömrük rejimi ilə malları ölkə ərazisinə idxal edilmiş, müvafiq gömrük prosedurları həyata keçirilməklə, habelə ümumilikdə bu Bəyannamə üzrə cəmi 65785,79 AZN gömrük rüsumları və vergilər ödənilməklə mallar Azərbaycanda gömrüyə bəyan edilmiş və Gömrük orqanı tərəfindən Şəxs MMC-nin adİNa gələn bu mallar üzrə sərbəst dövriyyədə buraxılış verilmişdir. Qeyd edilən bu **********8029-sorğu nömrəli Gömrük Bəyannaməsindən göründüyü kimi, 01 fevral 2020-ci il tarixli, 9894-saylı Müqaviləyə 61,62,63,64 və 66-saylı Əlavələr üzrə 09 iyun 2021-ci il tarixdə xaricə köçürülmüş cəmi 26302 AVRO məbləğində pul vəsaiti üzrə də malların hamısı tam dəyərdə ölkə ərazisinə gətirilmiş və bütün gömrük prosedurları həyata keçirilməklə bu mallar qanunvericiliyə müvafiq qaydada Şəxs MMC (əvvəlki adı CNİM Azərbaycan MMC) adma ixdal edilmiş və bu müqavilə əlavələrinin də hər biri Gömrük Bəyannaməsində (Bəyannamənin 44-cü qrafası və Qoşma Vərəqlər) öz əksini tapmışdır. Unibank tərəfindən bununla bağlı sorğu göndərilib və xx.xx.2023-cü il tarixdə banka email vasitəsilə cavab göndərilib və sorğuya cavabda da malların ölkəyə tam olaraq gəldiyini və faktiki olaraq gömrük rəsmiləşdirilməsinin icra edildiyini və gömrük bəyannamə nömrəsinin **********8029 saylı olduğu qeyd olunmuşdur. Bununla belə, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 19 iyun 2023cü il tarixdə Şəxs MMC (əvvəlki adı CNİM Azərbaycan MMC) barəsində İXM-nin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair “İnzibati xəta haqqında” Protokol tərtib edilmişdir. Şəxs MMC tərəfindən AR İXM-nin 430.4. maddəsində qeyd olunan inzibati xəta törədilməmişdir, Avans yolu ilə xaricə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar tam həcmdə Azərbaycana idxal edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının Şəxs MMC (əvvəlki adı CNİM Azərbaycan MMC) barəsində İXM-nin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair müraciəti/tələbi təmin edilməsin, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC -nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, Mərkəzi Bankın “Azərbaycan Respublikasının rezident və qeyri- rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” na əsasən AR rezident və qeyri- rezident hüquqi şəxslər tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmadıqda və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadığından bu barədə məlumat və qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş 09 iyun 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, 01 fevral 2020-ci il tarixli, 9894 saylı müqavilə və 01 may 2021-ci il tarixli, FB 210027, 210030, 210033, 210034, 210036, 210037 saylı İNVOİCE əsasında Şəxs MMC tərəfindən 26302.00 Avro məbləğində vəsait "xxxx" Şirkətinin bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş gömrük bəyannamələrindən görünür ki, 09 iyun 2021-ci il tarixdə Şəxs MMC tərəfindən xaricə köçürülmüş 26302.00 Avro məbləğində vəsait hesabına alınmış mallar Azərbaycan Respublikasına idxal edimişdir. İş materiallarına əlavə edilmiş elektron yazışmadan görünür ki, Şəxs MMC tərəfindən xaricə köçürülmüş 26302.00 Avro məbləğində vəsait hesabına alınmış mallar Azərbaycan Respublikasına idxal ediməsinə dair gömrük bəyannamələri "xxxx" ASC-yə təqdim edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 09 iyun 2021-ci il tarixdə xaricə köçürülmüş 26302.00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal edilməsi təqdim edilmiş gömrük bəyannamələri ilə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,53,114-117və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar