Məhkəmə qərarları › İş №3(009)-128/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-128/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-128/2024 05.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4 müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 25 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X4 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 2500 (iki min beş yüz) manat cərimə tənbeh növü tətbiq edilmişdir. Qeyd olunmuşdur ki, ünvan 1 ünvanında “The Garden” restoranının fəaliyyəti zamanı atmosferə atılan tullantıların miqdarının çox olması, qaz-toz tutucu qurğunun olmaması səbəbindən qeyd olunan inzibati xətaları törətmişdir. Hesab edir ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə protokol tərtib edilməsi və müvafiq inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi üçün əsaslar mövcud deyil, ona görə də inzibati xəta üzrə işin icraatına xitam verilməlidir. Əməlində İXM-nin 233.1-ci maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyil. Belə ki, sahibkarı olduğu ünvan 1 ünvanında yerləşən “The Garden” restoranı beynəlxalq tələblərə cavab verən son model avadanlıqlarla təchiz olunmuşdur. Həmin avadanlqılar yüksək keyfiyyətə malikdir və atmosefrə atılan tullantıların miqdarının normadan çox olması qətiyyən mümkün deyil. Bundan əlavə, qeyd olunan halların düzgünlüyünü araşdırmaqdan ötrü ekspert rəyi əldə olunmalı idi. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X4 müdafiəçisi X3 şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, həmin tullantıların “The Garden” restoranına mənsub olması iş materialları ilə müəyyən olunmamışdır. Onda olan məlumata görə həmin avadanlıq restoranın içərisində quraşdırılmışdır. Odur ki, 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 şikayətə etiraz edərək bildirmişdir ki, “The Garden” restoranında qaz-toz tutucu qurğunun olmamışdır.Restoranın nümayəndəsi də araşdırma zamanı izahatında etiraf etmişdir ki, restoran yeni açıldığına görə avadanlıqdan istifadə etmir. Belə ki, şikayətin təmin edilməməsini və 25 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 dekabr 2023-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqında” Qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyindən 2500 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən “The Garden” restoranının fəaliyyəti zamanı atmosferə atılan tullantıların miqdarının çox olmuş, qaz-toz tutucu qurğular isə olmamamışdır. X1 Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçinin müdafiəçisi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X4 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə X4 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X4 ünvan 1 ünvanında yerləşən “The Garden” restoranının fəaliyyəti zamanı atmosferə atılan tullantıların miqdarının çox olması, qaz-toz tutucu qurğunun olmaması səbəbindən qeyd olunan inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X4 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar