Məhkəmə qərarları › İş №3(009)-1282/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1282/2021

01.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1282/2021 01.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, X2 nümayəndəsi “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi X8 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər idarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 26 may 2021-ci il tarixli qərarının ləğv edilməsinə dair X4 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər idarəsinin MN ******* saylı 26 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, rəhbəri olduğu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Sənaye Təhlükəsizlik İdarəsinin 1 saylı profilaktika dəstəsinin rayon mühəndisi X6 əmək haqqından yetkinlik yaşına çatmamış qızı X1 üçün aliment tutulması haqqında Bakı şəhər Nəsimi rayon Məhkəməsinin qətnaməsi 2(006)- 548/2013 saylı icra sənədi ilə İdarəyə daxil olmuşdur. Qətnamədə göstərilənləri icra etmək məqsədilə İdarənin müvafiq struktur bölməsi tərəfindən 20 dekabr 2011-ci il tarixdən başlayaraq borc məbləği tam ödənilənədək borcluya çatacaq əmək haqqının hər ay 50%-i, borc məbləği bitdikdən sonra isə ¼ % hissəsinin tutularaq iddiaçı X7 hesabına köçürülməsi təmin edilir. Vüqar Əsgərov 23 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, işlədiyi müəssisə tərəfindən aliment məbləğinin düzgün hesablanmaması və ona çatacaq məbləğdən qanunsuz olaraq aliment məbləğinin artıq tutulduğunu iddia etmişdir. Belə ki, o, ona çatacaq məbləğdən alimentin “vergilər” çıxıldıqdan sonra deyil, bütün “icbari tutulmalar” (gəlir vergisi, məcburi sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı) çıxıldıqdan sonra hesablanmasını və ondan artıq tutulmuş vəsaitlərin geri qaytarılmasını tələb etmişdir. Vüqar Əsgərovun müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsində inzibati xəta haqqında işə baxılmış və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə zidd olaraq, vətəndaş Vüqar Əsgərovun əmək haqqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyinə görə, çalışdığı dövlət müəssisəsinin vəzifəli şəxsi, yəni o, 26 may 2021-ci il tarixli MN №-1064388 saylı Qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” 23 may 2001-ci il tarixli 98 saylı Qərarının tələblərinə uyğun olaraq “Aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır”. Eynilə, “İcra haqqında" Qanununun 64-cü “Borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin hesablanması" maddəsində göstərilmişdir ki, borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin (tutmanın) miqdarı vergilər tutulduqdan sonra qalan məbləğdən hesablanır. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 6-cı maddəsində göstərilmişdir ki, “6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: fiziki şəxslərin gəlir vergisi; hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); əlavə dəyər vergisi; aksizlər; hüquqi şəxslərin əmlak vergisi; hüquqi şəxslərin və bu Məcəllənin 206.1ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; yol vergisi; mədən vergisi; sadələşdirilmiş vergi." Azərbaycan Respublikası ərazisində ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq digər vergi növləri nəzərdə tutulmadığından, Nazirlər Kabinetinin “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Qərarında və “İcra haqqında” Qanunda “vergilər” deyildikdə, yalnız Vergi Məcəlləsində yuxarıda göstərilən vergi növləri nəzərdə tutulmalıdır. SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsi Nəsimi rayon Məhkəməsinin qətnaməsinin icra edilməsi zamanı, Vüqar Əsgərovun əmək haqqından aliment tutulmalarını həyata keçirərkən, qüvvədə olan müvafiq qanunvericiliyin tələblərini nəzərə alaraq, əmək haqqından gəlir vergisi tutulduqdan sonra qalan məbləğdən alimentin tutulmasını həyata keçirir. Göstərilənləri nəzərə alaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmovun aylıq gəlirdən bütün icbari tutulmalar (gəlir vergisi, məcburi sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı) tutulduqdan sonra qalan məbləğdən alimentin tutulmalı olduğu barədə 26 may 2021-ci il tarixli MN ******* saylı Qərarının Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi pozduğunu hesab edir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin 26 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 nümayəndəsi “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil şikayəti müdafiə edərək, şikayət ərizəsinə uyğun izahat verdi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin 26 may 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi X13 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin 26 may 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş Bakı Dövlət Universitetinin Əmək və Ekolgiya hüququ kafedrasının professoru X15 bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” 23 may 2001-ci il tarixli 98 saylı Qərarının tələblərinə uyğun olaraq “Aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır”. “İcra haqqında" Qanununun 64-cü maddəsinə əsasən “Borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin hesablanması" maddəsində göstərilmişdir ki, borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin (tutmanın) miqdarı vergilər tutulduqdan sonra qalan məbləğdən hesablanır. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 6-cı maddəsində göstərilmişdir ki, “6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: fiziki şəxslərin gəlir vergisi; hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); əlavə dəyər vergisi; aksizlər; hüquqi şəxslərin əmlak vergisi; hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; yol vergisi ;mədən vergisi; sadələşdirilmiş vergi." Azərbaycan Respublikası ərazisində ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq digər vergi növləri nəzərdə tutulmadığından, Nazirlər Kabinetinin “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Qərarında və Azərbaycan Respublikasının “İcra haqqında” Qanununda “vergilər” deyildikdə, yalnız Vergi Məcəlləsində yuxarıda göstərilən vergi növləri nəzərdə tutulmalıdır. Hesab edir ki, uşağın mənafeyi nəzərə alınaraq vergi ödənildikdən sonra aliment tutulmalı, daha sonra digər icbari ödənişlər ödənildiyindən protokol əsassızdır. Məhkəmə iş materiallarını araşdırılaraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, X11 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi Həmid Ədhəmovun 26 may 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş X5 əmək haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Nəticədə, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmiş və barəsində 700 (yeddi yüz) manat inzibati cərimə tətbiq edilmişdir. Səbail Rayon Məhkəməsinin 3(009)-1282/2021 saylı, 23 iyun 2021-ci il tarixli qərarından görünür ki, X4 şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin 26 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1773/2021 saylı, 08 avqust 2021-ci il tarixli qərarından görünür ki, X2 vəkili, “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakiminin 3(009)- 1282/2021 saylı 23 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati material yenidən araşdırılması üçün məhkəmə baxışına qaytarılmışdır. Həmin qərarın təsviri hissəsindən görünür ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-548\2013 saylı 06 fevral 2013–cü il tarixli icra vərəqəsi üzrə 20 dekabr 2011-ci il tarixdən başlayaraq 07 may 2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün X3 aliment tutulmasının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Sənaye Təhlükəsizlik İdarəsinin rəisi X11 tərəfindən düzgün tutulub-tutulmamasının müəyyən edilməsi üçün xüsusi bilik tələb edən mütəxəssis, yaxud ekspert dəvət edilərək rəyi alınaraq, X11 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təkzib yaxud təsdiq edən sübutlar tədqiq edilməsi, həmin şəxsin əməlində inzibati xəta tərkibinin olub-olmaması ilə bağlı halların hərtərəfli, tam və obyektiv araşdırılaraq, bundan sonra toplanmış sübutlar əsasında qanuni və ədalətli qərar qəbul edilməsi üçün Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü məddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Qanunun 64-cü maddəsinə əsasən borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin (tutmanın) miqdarı vergilər tutulduqdan sonra qalan məbləğdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” 23 may 2001-ci il tarixli 98 saylı Qərarının 7-ci bəndinə əsasən aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır. Azərbaycan Respublikası Vergilər Məcəlləsində dövlət və yerli vergilərə məcburi sosial sığorta haqqı aid edilməmişdir. Belə olan halda Nəsimi rayon Məhkəməsinin qətnaməsinin icra edilməsi zamanı, Vüqar Əsgərovun əmək haqqından aliment tutulmalarını həyata keçirərkən, əmək haqqından gəlir vergisi tutulduqdan sonra qalan məbləğdən alimentin tutulması qanunveriliyin tələblərinə uyğun həyata keçirilişdir. Beləliklə, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinin 26 may 2021-ci il tarixli MN ******* saylı X4 barəsində inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinin 26 may 2021-ci il tarixli MN ******* saylı X4 barəsində inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar