Məhkəmə qərarları › İş №3(009)-1287/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1287/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1287/2023 25.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X1 Center” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, “X1 Center” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: “X1 Center” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli, 3(009)-1287/2023 saylı qərarı ilə “X1 Center” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli, yəni 31008 (otuz bir min səkkiz) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan “X1 Center” MMC tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-1608/2023 saylı qərarı ilə “X1 Center” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin “X1 Center” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli, yəni 31008 (otuz bir min səkkiz) manat məbləğində cərimə edilməsinə dair 07 iyul 2023-cü il tarixli, 3(009)-1287/2023 saylı qərarının ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X1 Center” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, şirkət baytarlıq fəaliyyəti ilə məşğul olur, şirkətin hüquqi ünvanı Şamaxı yolu ərazisində olsa da, faktiki olraq Badamdar qəsəbəsində fəaliyyət göstərir. İnzibati xəta tərkibi olması mübahisələndirilmir, hüquqi şəxsin rəhbəri xarici ölkə vətəndaşıdır və lisenziya barədə məlumatı olmamışdır, şirkət lisenziyanın yenilənməsi ilə bağlı müraciət etmişdir. Lakin 2022-ci il üzrə şirkətin (-15384.94) manat xalis zərəri düzgün müəyyən olunmamışdır. Şirkət tərəfindən səhv hesablama aparılmışdır, sonradan düzgün hesabları vergi orqanına yenidən təqdim etmişlər, hətta şirkət tərəfindən vergi orqanına yoxlama keçirilməsi də təklif edilmişdir. Son 3 il üzrə şirkət 1387 manat xalis zərərlə başa vurmuşdur. Şirkət 2 ili zərərlə başa vurmuşdur. Ümumilikdə 2500-3500 manat gəliri olmuşdur. Bu barədə arayışı məhkəməyə təqdim edə bilər. 2020-2021-ci il üzrə zərər və gəlirin məbləğini mübahisələndirmir, 2022-ci il üzrə isə zərər düzgün müəyyən olunmamış, həmin il böyük ziyanlar olmuşdur, müəssisədən oğurluqlar olmuş, çoxlu sayda heyvan tələf olmuşdur. Bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü vardır. Ümumilikdə şirkət 2022-2023-cü illəri zərərlə başa vurmuşdur. Göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs ümumi olaraq əsas lisenziyası mövcuddur, lakin sırf həmin ünvanda yerləşən baytarlıq filialının lisenziyası olmamışdır, inzibati cərimə xalis gəlirdən tutulmalıdır, gəlir hüquqi şəxsin mühasibi tərəfindən təqdim olunmuş hesabat əsasında müəyyən edilir, vergi orqanı tərəfindən xalis gəlir kassa çıxarışı nəticəsində müəyyən edilir. Şirkətin təqdim etdiyi rəsmi xərc sənədlərinə əsasən hesablama aparılmış, müvafiq hesabat dövrləri üzrə zərər müəyyən olunmuşdur. Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və sənədləri araşdıraraq hesab edirəm ki, protokol və digər sənədlər aşağıdakılara əsasən geri qaytarılmalıdır. İş materiallarında olan 21 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “X1 Center” MMC-nin (VÖEN: **********) ünvan 2 ünvanında xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növü ilə belə razılıq (lisenziya) olmadan baytarlıq fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Nəticədə “X1 Center” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilibedilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb toplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə - inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin maddənin qeydinə əsasən Bu Məcəllənin 398, 401.1, 401.2, 402, 406-409, 411-413, 415, 428.1 və 438-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Göründüyü kimi İXM-in 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın zəruri tərkib əlaməti kimi qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində ziyanın vurulması və ya gəlirin əldə edilməsi nəzərdə tutulmuşdur. Bu zaman vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı əməlin inzibati və ya cinayət məsuliyyətinə səbəb olmasının müəyyən edilməsi üçün zəruri şərtdir. Digər tərəfdən maddənin sanksiyasında tətbiq ediləcək cərimə də vurulmuş ziyanın (əldə edilmiş gəlirin) misli ilə müəyyən edilmişdir. Belə olan halda vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı müəyyən edilmədən ümumiyyətlə inzibati xəta haqqında işə baxılması mümkün deyildir. Hazırkı protokol və ona əlavə edilmiş sənədlərdə barəsində icraat aparılan şəxsin qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində gəlir əldə edib-etməməsi, həmin gəlirin miqdarı, qanunsuz sahibkarlıq fəaliyyətinin hansı dövrü əhatə etməsi kimi iş üçün zəruri olan məlumatlar öz əksini tapmamışdır. Başqa sözlə hazırki işdə dəymiş ziyanın (əldə edilmiş gəlirin) miqdarı düzgün müəyyən edilməmişdir. Araşdırma aparılarkən, yalnız xx.xx.2023-cü il tarixli sənədgötürmə protokoluna, yazılı arayışa, dövri hesabatlara istinad edilmişdir. Lakin şirkət tərəfindən səhv hesablama aparılmış, sonradan yenidən hesablama aparılaraq müvafiq arayışlar vergi orqanına təqdim edilmişdir, lakin inzibati xəta haqqında protokol tərtib edilərkən ziyanın (əldə edilmiş gəlirin) məbləği hesablanarkən vergi məbləği həmin ziyandan çıxılmamış, bununla da əldə edilmiş gəlir konkret olaraq göstərilməmiş, bununla bağlı heç bir rəsmi sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən ziyanın (əldə edilmiş gəlirin)m məbləğini müəyyənləşdirmək mümkün olmamışdır. Belə olan halda vurulmuş ziyanın miqdarı müəyyən edilmədən ümumiyyətlə inzibati xəta haqqında işə baxılması mümkün deyildir. Məhkəməyə baxılması üçün təqdim edilmiş inzibati xəta haqqında protokol natamamlıq təşkil edir və işə baxarkən həmin natamamlığı tamamlamaq mümkün deyil. Bundan başqa qeyd edilməlidir ki, inzibati xəta haqqında protokolda,Şəxs Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, 2-ci massiv, 121 ünvanda xüsusi razılıq (lisenziya) olmadan baytarlıq fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Qeyd edilən əməldə İXM-nin 398-ci maddəsinin deyil, 210-cu maddəsinin tərkib əlamətləri var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə- fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrinə əsasən, QƏRARA ALDİ: “X1 Center” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar