Məhkəmə qərarları › İş №3(009)-1288/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1288/2021

22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1288/2021 22.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X4, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış "xxxx" ASC-nin sədri X1 nümayəndəsi X10 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 04 iyun 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC-nin sədri X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin 04 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin ona qarşı tərtib etdiyi 04 iyun 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına etiraz olaraq bildiririk ki, "xxxx" ASC “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmış və əsas vəzifəsi istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir. X17 Cəmiyyətin 13.11,2014-cü il tarixli 06/1131 saylı əmrinə əsasən 7 saylı X6 Sahəsi, Vİ sahəyə 11-ci dərəcəli qazanxana və istilik şəbəkələri üzrə rəis vəzifəsinə keçirilmiş, Cəmiyyətin 02.03.2021-ci il tarixli 06/210 saylı əmrinə əsasən 03.03.2021-ci il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat ixtisar edildiyi üçün) əmək müqaviləsinə xitam verilmiş, Əmək Məcəlləsinin 77.4-cü maddəsinə əsasən orta aylıq əmək haqqının 1.7 misli miqdarında müavinət və işçiyə çatacaq son haqq-hesabı (cəmi 1980,92 manat) 03 mart 2021-ci il tarixində ödənilmişdir. Lakin X17un şikayəti X12 Xidmətinin əməkdaşları tərəfindən aidiyyəti üzrə və obyektiv araşdırılmayaraq "xxxx" ASC-nin sədri X3 qarşı inzibati xətanın törədildiyindən 8 il müddətindən çox vaxt keçməsinə baxmayaraq inzibati xəta haqqında ******* saylı protokol tərtib edilib, inzibati tənbeh vermə haqqında 04.06.2021 ci il tarixli MN ******* nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsinə istinad edilərək 1000 manat cərimə yazılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunmalı olduğu halda bu prosedur qaydalar X12 Xidməti tərəfindən kobud şəkildə pozularaq bir tərəfli qayda da Cəmiyyətin xəbəri olmadan protokol tərtib olunaraq məktub vasitəsi ilə Azəristiliktəchizat” ASC-nın ünvanına göndərilmişdir. X12 vətəndaş X9 şikayəti əsasında 14.04.2021-ci il tarixli **********7 nömrəli məktubla "xxxx" ASC-yə müraciət olunmuş, Cəmiyyət tərəfindən 27.04.2021-ci il tarixli 06/70-08 saylı məktubla cavablandırılmasına baxmayaraq inibati xəta haqqında protokol 27.05.2021-ci il tarixində tərtib edilmişdir. X12 Xidməti tərəfindən 27 may 2021-ci il tarixli 2'130127001 nömrəli məktubla inizbati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması 04.06.2021-ci il tarixində saat 12:00 təyin olunması bildirilsə də, məktub Azəristiliktəchizat” ASC-nin ünvanına 07.06.2021-ci il tarixində daxil olmuşdur. X12 Xidməti tərəfindən inzibati tənbeh vermə haqqında qərar 04 iyun 2021-ci il tarixində qəbul olunmasına baxmayaraq qərarın surəti ASC-nin ünvanına 07 iyun 2021-ci il tarixində daxil olmuşdur. Eyni zamanda onuda nəzərinizə çatdırırıq ki, "xxxx" ASC-nin sədri X5 barəsində inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən sonra inzibati qərar qəbul edilmiş, yəni inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci -addəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra başlanılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibatı xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın eqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Yuxarıda qeyd olunanları və İnzibati Xətalar Məcəlləsinin 38.1 və 53.0.6-cı maddələrini nəzərə alaraq X12 Xidməti, Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 04 iyun 2021-ci il tarixli MN ******* nömrəli qərarının ləğv olunması və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən sonra inzibati qərar qəbul edildiyindən inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X11 şikayətə etiraz edərək göstərmişdir ki, X7 "xxxx" ASC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə ünvanladığı müraciətinə X12 Xidmətinin Bakı şəhər idarəsində baxılmışdır. Araşdırma zamanı təqdim olunmuş sənədlərdən X14 ilə Cəmiyyət arasında bağlanmış əmk müqaviləsinə 03.03.021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə( işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verildiyi məlum olmuşdur. Eyni zamanda araşdırma zamanı Cəmiyyət tərəfindən V.İ.Salamova 2012/2013 və 2013/2014-cü iş illəri üzrə30 təqvim günü əsas məzuniyyət verilməli olduğu halda qanunvericiliyin tələbi pozularaq hər iki iş ili üzrə 21 təqvim günü əsas məzuniyyət verilmişdir. Nəticədə Cəmiyyətin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. V.Salamovun son haqq hesabının (18 təqvim günü istifadə olunmayan məzuniyyət günlərinin pul əvəzi) Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq ən qısa zamanda ödənilməsini təmin edilməsi "xxxx" ASC-dən xahiş olunmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış "xxxx" ASC-nin sədri X1 nümayəndəsi X18 şikayəti müdafiə edərək göstərmişdir ki, inzibati xəta hadisəsi 8-9 il əvvəl baş vermişdir. Vadim Salamov X12 Xidmətinə əmək müqaviləsinin əsassız olaraq xitam verilməi ilə bağlı müraciət etmişdir. Ona əmək məzuniyyətinin 30 gün verməməsi ilə əlaqədar şikayəti olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin 04 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qərarın ləğv olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 27 may 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X8 məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Bununla da, "xxxx" ASC-nin sədri X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərini pozmuşdur. X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 04 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş X8 məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Nəticədə "xxxx" ASCnin sədri X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbləri pozulmuş və o, 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X3 ünvanlanmış 25.05.2021-ci il tarixli məktubdan görünür ki, vətəndaş X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə ünvanladığı müraciətlə bağlı 27 may 2021-ci il tarixə, saat 11:00-a X12 Xidmətinin Bakı şəhər İdarəsinə dəvət edilmişdir. X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X3 ünvanlanmış 27.05.2021-ci il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 27 may 2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılması 04 iyun 2021-ci il tarixə, saat 12:00-a təyin edilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdıması zamanı müyyən edilmişdir ki, vətəndaş X8 məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Nəticədə "xxxx" ASC-nin sədri X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbləri pozulmuş və o, 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə X12 Xidməti Bakı şəhər idarəsinin MN ******* saylı, 04 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı vətəndaş Vahid Salamovun şikayəti əsasında qəbul edilmişdir. Belə ki, X2 Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinə müraciət edərək "xxxx" ASCdən öz ərizəsi ilə işdən çıxmadığına görə onun ştatı ixtisara salınaraq işdən azad edilmişdir. Bundan başqa, 2020-ci ilin iyun –iyul ayında ərizəsi olmadığı halda məcburi qaydada onu öz hesabına məzuniyyətə buraxmışlar. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsində araşdırma aparılmışdır. "xxxx" ASC-nin sədri X5 həmin araşdırma aparılması ilə 27 may 2021-ci il tarixə, saat 11:00-a X12 Xidmətinin Bakı şəhər İdarəsinə rəsmi qaydada dəvət edilmiş və həmin tarixdə X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" ASC-nin sədri X1 əməlində inzibati xəta tərkibi olduğundan barəsində MN ******* saylı, 27 may 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 27 may 2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılması 04 iyun 2021-ci il tarixə, saat 12:00-a təyin edilməsi barədə xəbərdarlıq edilmiş və həmin tarixdə vətəndaş X8 məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilməsi sübuta yetirildiyindən "xxxx" ASC-nin sədri X5 barəsində MN ******* saylı, 04 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbləri pozduğuna görə 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. Göründüyü kimi X12 Xidmətinin Bakı şəhər İdarəsi qanunvericiliyin tələblərinə riayət edərək, öz üzərinə düşən bütün vəzifələri yerinə yetirib araşdırma aparmış və nəticədə əsaslı olaraq hesab etmişdir ki, "xxxx" ASC-nin sədri X5 vətəndaş X8 məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol vermişdir. Ona görə də MN ******* saylı, 04 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Həmçinin məhkəmə şikayətin inzibati orqan tərəfindən şikayətçinin iştirakı olmadan qərar qəbul edilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əsasən X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X3 25.05.2021-ci il tarixli məktub ünvanlayaraq vətəndaş X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə ünvanladığı müraciətlə bağlı 27 may 2021-ci il tarixə, saat 11:00-a X12 Xidmətinin Bakı şəhər İdarəsinə dəvət edilmişdir. Bundan əlavə X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X3 27.05.2021-ci il tarixdə bildiriş göndərərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 27 may 2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılması 04 iyun 2021-ci il tarixə, saat 12:00-a təyin edilməsi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi bu hissədə də, X12 Xidmətinin Bakı şəhər İdarəsi öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirərək həm inzibati xəta haqqında protokol tərtib edilməmişdən əvvəl, yəni ilkin araşdırma zamanı, həm də inzibati xəta haqqında protokol tərtib edildikdən sonra kifayət qədər "xxxx" ASC-nin sədri X3 məlumat verərək araşdırma barədə xəbərdarlıq etmişdir. Belə olan halda isə şikayətçinin həmin araşdırmalarda iştirak etməməsi, onun iştirakı olmadan qərarın qəbul edilməsinə mane olmur. Beləliklə, yuxarıda qeyd edilənlər bir daha X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbləri pozulmasını sübut edir və məhkəmə hesab edir ki, X1 şikayət ərizəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 192.4-cü maddəsində nəzərədə tutulmuşdur ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qəralardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X5 əmək qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi araşdırma zamanı öz təsdiqini tapdığından, onun tərəfindən verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 04 iyun 2021-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 134-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin sədri X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 04 iyun 2021-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar