Məhkəmə qərarları › İş №3(009)-1290/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1290/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1290/2024 10.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Ekologiya Yol Patrul Xidmətinin TP ******* saylı, 17 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə TP ******* saylı 17 iyul 2022-ci il tarixli qərar ləğv edilməsini və inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İş №3(009)-1209/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadında da qeyd edir ki, hadisə barədə protokol və qərar mövcud olmadığı üçün işə baxa bilmir. DİN BDYPİ-sinin qanuna zidd əməlləri qarşısında müdafiəsiz qalmışdır. Onun qanuna zidd əməllərdən müdafiə vasitələri vəzifəli şəxsə müraciət etməkdir, etmiş, prokurora müraciətdir etmişdir, məhkəməyə müraciətdir etmişdir. O, başına gələn müsübəti açıq aydın izah etmişdir. Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsə informasiya ehtiyatında onun haqqında olan məlumatı əks etdirən çıxarış həmin şəxsin yazılı və ya elektron müraciəti əsasında bir iş günü müddətində verilir. Onun müraciətinə isə bu günə kimi, baxılmır, heç bir məlumat verilmir.Baş prokurora müraciətim baxılmayıb cavab verilməyib. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Ekologiya Yol Patrul Xidmətinin TP ******* saylı, 17 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Ekologiya Yol Patrul Xidmətinə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X2 şikayətin təmin olunmasını, barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə TP ******* saylı 17 iyul 2022-ci il tarixli qərarın ləğv edilməsini və inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Ekologiya Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş 17 iyul 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 10 dekabr 1972-ci il tarixdə Türkiyə Respublikası, Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X2 nəqliyyat vasitəsini idarə edərkən hərəkət surətinin həddini aşmışdır. Nəticədə Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş üçün əhəmiyyət kəsb edən halların inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati tənbeh vermə haqqında qərar tərtib etmiş orqanın nümayəndəsinin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi və xüsusi texniki vasitəni təqdim etməməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-1-ci maddəsinə görə Hərəkət sürətinin həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yolda piyadanın yolun hərəkət hissəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməsinə görə qırx manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası ərazisində avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri sahəsində bütün işlər yol hərəkəti təhlükəsizliyi üzrə beynəlxalq standartlar, qaydalar və normativlər, habelə nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti üçün ayrılmış zolağın yetərliliyinin təmin edilməsi zərurəti nəzərə alınmaqla həyata keçirilməlidir. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1 -ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göründüyü kimi X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə olan halda şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Ekologiya Yol Patrul Xidmətinin üzərinə qoyulsa da, adı çəkilən orqan X1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Ekologiya Yol Patrul Xidmətinin TP ******* saylı, 17 iyul 2022-ci il tarixli qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayət ərizəsi təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Ekologiya Yol Patrul Xidmətinin TP ******* saylı, 17 iyul 2022-ci il tarixli qərarı ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar