Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1291/2021 02.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1 iştirakı ilə, AR Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-in 09 mart 2021ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək AR Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-in MN ******* saylı 09 mart 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 19.02.2021-ci il tarixində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-in əməkdaşları tərəfindən Bakı şəhəri, Park Bulvar Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən şirkətlərin məxsus X8 kafesində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasının qarşısının almamasına görə vəzifəli şəxs olaraq barəsində MN ******* nömrəli protokol tərtib edilmiş və daha sonra 09.03.2021-ci il tarixli MN ******* nömrəli qərar qəbul edilmişdir. Bildirmək istəyir ki, menecer vəzifəsində işlədiyi kafedə qanunvericiliyin üzərinə qoyduğu tələblərin pozulmasının qarşısının alınması vəzifəsi hər zaman yerinə yetirilir. Belə ki, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadəyə dair tələblərin pozulmasının qarşısının alınmaması məqsədilə, daxil olan hər bir müştəriyə və kafenin işçilərinə maskadan istifadənin mütləq olduğu nəzərlərinə çatdırılır, temperaturları ölçülür və dezinfeksiya vasitələri təklif edilir. Hazırki məsələ ilə bağlı isə, bütün işçilər iş başında olarkən fərdi qoruyucu vasitədən istifadə etmişlər. Lakin buna baxmayaraq, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ- in əməkdaşları tərəfindən protokolda işçinin tibb maskasından düzgün istifadə etmədiyini qeyd edilmiş və 300 manat məbləğində cərimə edilmişdir. Bu isə qətiyyən həqiqəti əks etdirmir. Bundan əlavə, qərar verilərkən, İXM-nin 115.1.3 (qərarda işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilir) və 115.1.4 maddələrinə (qərarda işə baxılarkən müəyyən edilmiş hallar göstərilir) riayət edilməyərək, fərdi identifikasiya nömrəsi və müəyyən edilmiş hallar bütöv şəkildə əks etdirilməmiş, sadəcə ümumi sözlərdən istifadə edərək qəbul edilmişdir. 09.04.2021-ci il tarixində İPM-nin 8.1.2-ci maddəsinə uyğun olaraq qərardan şikayətini qərarı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin, yəni Nizami rayon Məhkəməsinə baxılması üçün ünvanlamışdır. Lakin sənədlər ona geri qaytarılmışdır. Buna görə, şikayətini İXM-nin 110.1-ci maddəsinə uyğun olaraq inzibati xəta törədildiyi yerdə yerləşən məhkəməyə aidiyyati üzrə ünvanlayır. Odur ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-in 09.03.2021-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinə uyğun izahat verərək, AR Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-in 09.03.2021-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməyinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçıını dinləyərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemialogiya Mərkəzi PHŞ-in MN ******* saylı 09 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Dəniz kənarı Milli Parkda yerləşən X8 kafesində aparılna monitorinq zamanı işçinin tibbi maskadan düzgün istifadə etmədiyi halı aşkarlanmışdır. X3 Azərbaycan Respublikası İXM-in 211.2.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, bütün işçilər iş vaxtında tibbi maskadan istifadə etmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə -fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, AR Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemialogiya Mərkəzi PHŞ-in tərəfindən qəbul edilmiş MN ******* 09 mart 2021-ci il tarixli qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş sübutlar əsasında X4 inzibati xəta hadisəsi törətməsi müəyyən edilmir, onun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X6 epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozulmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X4 Azərbaycan Respublikası İXM-in 211.2.-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X9 oğlunun verdiyi şikayət təmin edilməli və AR Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemialogiya Mərkəzi PHŞ-in tərəfindən qəbul edilmiş MN ******* saylı 09 mart 2021-ci il tarixli qərar əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə AR Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemialogiya Mərkəzi PHŞ-in tərəfindən qəbul edilmiş MN ******* saylı 09 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. AR Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemialogiya Mərkəzi PHŞ-in tərəfindən qəbul edilmiş MN ******* 09 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar əsasında tətbiq edilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1291/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1291/2021
02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver