Məhkəmə qərarları › İş №3(009)-1298/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1298/2023

19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1298/2023 19.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 16 iyun 2023-cü il tarixli 00100-01541/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs (VÖEN: **********) tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddət ərzində rəsmiləşdirilən 1 (bir) gömrük bəyannaməsi üzrə ümumilikdə 3470 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi müəyyən edilmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından bağlanılmış ümumilikdə 1 (bir) müqavilə üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş az miqdarda, yəni ümumilikdə 9300 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının” 12.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməlidirlər. Baxış nəticəsində hüquqi şəxs Şəxs ilə Gürcüstan Respublikasında yerləşən və fəaliyyət göstərən “Murphy Kazbegi” LTD şirkəti arasında bağlanılmış 1902-18 nömrəli, xx.xx.2018-ci il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək **********3314 gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş 3470 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə və Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin və Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin və Şəxs MMC-nin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş raportdan görünür ki, Şəxs MMC-yə (VÖEN: **********) bu barədə Xəbardarlıq (1400012/0xx-xx/006478; xx.xx.2022 09:01:20) və Bildiriş (1400-012/0xxxx/008458; xx.xx.2022 12:32:56) məktubları göndərilmişdir. Vahid Avtomatlaşdırılmış İdarǝetmə Sistemində banklarla Dövlət Gömrük Komitəsi arasında olan "Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2022-ci il tarixində alınmış məlumata əsasən Şəxs MMC xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə 3470 ABŞ dolları məbləğində vəsait sözü gedən hesabatda öz əksini tapmamışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli **********3314 nömrəli gömrük bəyənnamədən görünür ki, Şəxs MMC-nin (VÖEN **********) ünvanına 1000,00 kq çəkisi olan yuyucu və təmizləyici vasitələr ölkə ərazisinə daxil olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ixracatçı Şəxs MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankdakı hesablarına köçürülməsi təmin edilməmişdir. Halbuki Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114- 115 və 483-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 3470 (üç min dörd yüz yetmiş) ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 (otuz) faizi həddində, 1041 (bir min qırx bir) ABŞ dolları, yəni – 1770 (bir min yeddi yüz yetmiş) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar