Məhkəmə qərarları › İş №3(009)-1299/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1299/2022

19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1299/2022 19.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, Bakı şəhər DYPİ Yol patrul xidməti baş inspektor, polis mayoru X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3, onun müdafiəçisi Nümayəndə iştirakları ilə, xx.xx.1996-cı il təvəllüdlü, anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X1 Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən daxil olmuş materiala Səbail Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 xx.xx.2022-ci il tarixdə, saat 19:33 radələrində X11 (Səbail rayonu, X8 küçəsi 15) qarşısındakı meydançada özünə məxsus “Mazda MX5 Miata” markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə müxtəlif ziqzaqvari hərəkətlər, təkərlərin yolun səthi ilə sürtülməsi nəticəsində səslərin çıxarılmasına səbəb olan hərəkətlər etmişdir. (drift) Bu barədə Bakı şəhər DYPİ Yol patrul xidməti baş inspektor, polis mayoru X4 tərəfindən 11 avqust 2022-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Səbail Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhər DYPİ Yol patrul xidmətinin baş inspektoru, polis mayoru X4 bildirmişdir ki, X3 xx.xx.2022-ci il tarixdə X9rşısındakı meydançada özünə məxsus avtomobillə müxtəlif hərəkətlər etmiş və sosial şəbəkədə paylaşmışdır. Bu öz əksini TŞ kameralarında tapmışdır. Bununla bağlı şəxsin özü dindirildikdə həmin ərazidə drift üçün icazənin olduğunu bildirmiş, lakin hər hansı rəsmi sənəd təqdim olunmamışdır. Video görüntülərdən görünür ki, həmin meydançada təhlükəsizlik tədbirləri görülmədiyindən hər hansı bədbəxt hadisə baş verə bilər. Formula yarışlarının keçirilməsi üçün bununla bağlı yüzlərlə məktub daxil olur. Lakin X11 bununla bağlı hansısa icazə və məktubu olmamışdır. Bu səbəbdən X1 Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 bildirmişdir ki, Azərbaycanda yalnızca 3 yerdə drift etmək mümkündür, lakin heç birində yazılı qaydada icazə yoxdur. Drift idman növüdür, şəhərin mərkəzində deyil, bunun üçün xüsusi ayrılmış sahədə etmişdir. Hansı ki, həmin sahədə insanların təhlükəsizliyi üçün tədbirlər görülmüşdür. Həmin sahədən istifadə edən tək şəxs o deyildir. Avtomobil ilə hər hansı yolda, açıq sahədə drift etsə idi, bu zaman pozuntuya yol verdiyini qəbul edərdi. Lakin o icazə verilmiş ərazidə avtomobillə müxtəlif hərəkətlər etmiş və sosial şəbəkədə paylaşmışdır. İcazənin olması Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin məktubunda da öz əksini tapıb. Hər hansı inzibati xətaya yol vermədiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 müdafiəçisi Nümayəndə bildirmişdir, inzibati xəta haqqında protokolu tərtib edən şəxs həmin yerə gedib baxmadan, video görüntü əsasında protokol tərtib edib. Bunun özü xitam üçün əsasdır. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi həmin ərazidəki fəaliyyətlə bağlı DİN-ə xəbər verməyibsə, bu iki dövlət qurumu arasında olan məsələdir. Buna görə vətəndaş inzibati məsuliyyətə cəlb oluna bilməz. Sübut etmə vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Hazırda həmin əməldə inzibati xəta tərkibi olması sübuta yetirilə bilmir. Bu Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin məktubunda da öz əksini tapıb. Həmin ərazi qapalıdır, X14 və Avtomobil Federasiyası tərəfindən orada müvafiq təhlükəsizlik tədbirləri görülüb. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasında şahid qismində dindirilmiş X6 “X13” mərkəzinin rəhbəri olduğunu bildirmişdir. X11 ərazisində, hasara alınmış drift, kartinq üçün xüsusi meydançalar var. Burada Formula 1 yarışlarına hazırlıqda keçirilir. Driftin keçirilməsi üçün yazılı olmasa da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin şifahi razılığının olduğunu, eyni zamanda drift keçirilən ərazinin nəqliyyata qapalı olduğunu qeyd etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3- cü maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 11 avqust 2022-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2022-ci il tarixdə, saat 19:33 radələrində X11 (Səbail rayonu, X8 küçəsi 15) qarşısındakı meydançada özünə məxsus “Mazda MX5 Miata” markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə müxtəlif ziqzaqvari hərəkətlər, təkərlərin yolun səthi ilə sürtülməsi nəticəsində səslərin çıxarılmasına səbəb olan hərəkətlər etmişdir. (drift) İş materiallarında olan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavininin Səbail rayon Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, G-0111-R3-2022 saylı məktubundan görünür ki, X10 daxili ərazisində avtomobillə manevr xarakterli hərəkətlərin edilməsi üçün nəzərdə tutulmuş xüsusi ərazi mövcuddur. Bu ərazi Azərbaycan Avtomobil Federasiyası və X10 birgə layihəsi çərçivəsində avtomobillə manevr xarakterli, əyləncəli şou göstərilməsi üçün xüsusi olaraq ayrılmışdır. A.Efendiyev avtomobillə video çarx çəkilişi etmək məqsədilə həmin ərazidə manevr hərəkətləri etmişdir. Bu hərəkətlər X10 daxili ərazisində şou xarakterli drift hərəkətləri etmək üçün nəzərdə tutulmuş ərazidə baş vermişdir. Hər hansı idman növü ilə məşğul olmaq üçün, idman mərc oyunlarının akreditasiyası istisna olmaqla, qanunvericilkdə digər icazə, lisenziya və ya akkreditasiya mexanizmi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə –nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bununla da qanunvericiliyə görə avtoxuliqanlıq növündə inzibati xətanın obyektiv tərəfi aşağıda göstərilən 3 əlamətlə xarakterizə edilir: 1) ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması; 2) cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi; 3) yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması. Buna görə də, əməlin avtoxuliqanlıq hesab olunması üçün şəxsin hərəkətlərində bu inzibati xətanın obyektiv tərəfinin yuxarıda göstərilən əlamətlərinin hər üçü mövcud olmalıdır. İş materiallarından görünür ki, hadisə X11 ərazisində, hasara alınmış xüsusi meydançada olmuş, əhalinin dincliyi pozulmamış, avtomobil hər hansı yolda hərəkət etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, X1 hərəkətlərində İXM-nin 511.1.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əlamətlərin heç biri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, qeyd olunan xüsusatlara və qanunvericiliyin tələblərinə əsasən, Bakı şəhər DYPİ Yol patrul xidməti baş inspektor, polis mayoru X4 tərəfindən tərtib olunmuş 11 avqust 2022-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol üzrə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsilə başlanılmış inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Bakı şəhər DYPİ Yol patrul xidməti baş inspektor, polis mayoru X4 tərəfindən tərtib olunmuş 11 avqust 2022-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol üzrə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsilə başlanmış inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar