Məhkəmə qərarları › İş №3(009)-1299/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1299/2023

26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1299/2023 26.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Şirvan Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Bakı şəhəri Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqirəndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 22 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 22 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında keçmiş həyat yoldaşı Şəxs onun əmlakına 500 manat məbləğində ziyan vurmuşdur. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinin sahə rəisi X2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, manikur ustası işləyir, gödəkçələrə zərər yetirməmişdir. Gödəkçələri oradan aparıb haradasa cırıb, yararsız vəziyyətə salıblar, daha sonra həmin yerə gətirmişlər. Göstərilənləri nəzərə alaraq, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 izahatında göstərdi ki, qış malları (gödəkçələri) idi, sezonda malları Sədərəkdə satır, oraya gətirib saxlanılması üçün qoymuşdum. Həmin evdə Şəxs başqa heç kəs yaşamır, o səbəbdən hesab edir ki, onun əmlakına Şəxs zərər yetirmişdir. Ona 800 manat ziyan vurmuşdur, malların maya dəyəri 800 manatdır. Gödəkçələri sintifon materialdan hazırlanıb, hazırda cırılıb, tamamilə yararsız vəziyyətə düşüb. Bundan əvvəl o satıcı işləyirdi. Məhkəmə iclasında videgörüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Bakı şəhəri ünvan 2 ünvanında saxlanc yerində saxlanılan gödəkçələr nəm vəziyyətdədir, paketləri cırılmışdır. Bundan əlavə, videogörüntüdən görünür ki, Şəxs Qəmbər Abdullayevlə mübahisə edir, Şəxs gödəkçələrə zərərin onun tərəfindən vurulmadığını, Qəmbər Abdullayev isə gödəkçələrə yetirilən zərərə görə Şəxs ittiham edir. İşdə olan Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinin təhqiqatçısı Nicat Qasımovun "Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 04 may 2023-cü il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı HK-1/670 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs barəsində protokol tərtib edilməsi məqsədilə qərarın surəti Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə həvalə edilmişdir. İnzibati xəta üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXMin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən inzibati xəta düzgün araşdırılmamış, məhkəmə iclasında xətanın Şəxs tərəfindən törədilməsi sübuta yetirilə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən o, tərtib edilmiş inzibati protokol əsasında inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1 -ci maddəsi ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40.0.1,43, 48- 51, 53, 55,114.1.4, 115,128-130, 232-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar