Məhkəmə qərarları › İş №3(009)-13/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-13/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-13/2025 07.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələri X2, X3 və Nümayəndə2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs və onun nümayəndəsi “Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 12 dekabr 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 12 dekabr 2024-cü il tarixdə tərtib olunmuş EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində aparılmış tematik yoxlama (xx.xx.2022 - xx.xx.2024-cü il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir: 1.1.“Cinayət yolu ilə əldə edilmiş əmlakm leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (ƏL/TMM) Qanunun 4.10-cu maddəsinə görə (anoloji tələb aşağıda göstərilən xətalar törədilən zaman qüvvədə olmuş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (PL/TMM) Qanunun 9-2-ci maddəsində göstərilmişdir.) öhdəlik daşıyan şəxslər bütün mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırmalı, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyini müəyyən etməli və bunlarla bağlı təhlil hesabatı tərtib etməlidirlər. Yoxlama zamanı MMC tərəfindən qeyri-adi hesab olunan əməliyyatların icra edildiyi, lakin həmin əməliyatlara münasibətdə təhlil və araşdırmanın aparılmadığı, təhlil hesabatlarının tərtib edilmədiyi aşkar edilmişdir (Yoxlama haqqında hesabat. Səh 7). Bu əməliyyatlar aşağıdakılardan ibarətdir: Kiçik zaman dövrü ərzində (2 il) MMC-nin 7 müştərisi tərəfindən 584 əməliyyat üzrə müxtəlif şəxslərə 900 min manatdan çox vəsait sürətli pul köçürməsi vasitəsilə xaricə köçürülmüş, həmçinin MMC-nin 1 müştərisi tərəfindən 602 sayda ölkədaxili köçürmə əməliyyatları üzrə 247 şəxsə 59 min manatdan çox vəsait köçürülmüşdür (Yoxlama haqqında hesabat. Səh 21-22). Kiçik zaman dövrü ərzində (2 il) MMC-nin 2 müştərisi tərəfindən 168 sayda müxtəlif şəxslərdən 624 əməliyyat üzrə ümumilikdə 280 mindən manatdan çox vəsait qəbul etmişdir (Yoxlama haqqında hesabat. Səh 23). Yasamal bələdiyyəsi tərəfindən xx.xx.2022 - xx.xx.2024-cü il tarixlərində "asfalt işi" təyinatı ilə 24 sayda əməliyyat olmaqla 442.466 manat məbləğində vəsait 19 hüquqi şəxsə və "bələdiyyənin inzibati ərazisinin təmizi və abadlıq işləri" təyinatı ilə 14 sayda əməliyyat olmaqla 190.175 manat məbləğində vəsait 13 hüquqi şəxsə köçürülmüşdür. Həmçinin Xətai bələdiyyəsi tərəfindən xx.xx.2022 - xx.xx.2024-cü il tarixlərində inzibati ərazinin təmiri və abadlıq işləri təyinatı ilə 29 sayda əməliyyat olmaqla 714.057 manat məbləğində vəsait köçürülmüşdür. Halbuki, xidmət göstərən hüquqi şəxslərin aylıq əsaslarda tez-tez dəyişməsi, onların biznes fəaliyyətinə dair açıq informasiya mənbələrində məlumatın olmaması, nizamnamə kaiptalının məbləğinin 5-20 manat olması və bu məbləğə münasibətdə dövlət qeydiyyatma alındığı tarixdən qısa müddət ərzində yüksək məbləğli vəsait qəbul etməsi qeyri-adi və şübhəli haldır. 2.ƏL/TMM Qanunun 6.2-ci maddəsinə görə (anoloji tələb PL/TMM Qanunun 10-cu maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər bu Qanunun 4-cü maddəsinə uyğun olaraq müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədləri, işgüzar yazışmaları, hesablara, habelə aparılmış hər hansı təhlilin nəticələrinə dair məlumat və sənədləri qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmadıqda, işgüzar münasibətlərə xitam verildikdən və yaxud hər hansı birdəfəlik əməliyyat bitdiyi tarixdən sonra ən azı 5 il ərzində saxlamalıdırlar. Yoxlama zamanı sorğu edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, 4 müştəri ilə işgüzar münasibətlər başa çatdıqdan sonra növbəti 5 il ərzində müştərilərin eyniləşdirmə sənədləri qorunub saxlanılmamışdır (Yoxlama haqqında hesabat. Səh 7). ƏL/TMM Qanununun 4.2.2-ci maddəsinə görə iyirmi min manat məbləğində və ya daha artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala, həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir) öhdəlik daşıyan şəxslər müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər. Həmçinin, "Müştəri uyğunluğu və yeni texnologiyalarının tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair" Qaydalarının (MUT Qaydaları) 2.1.1.8-ci yarımbəndinə görə birdəfəlik əməliyyatlar zamanı müştəridən əməliyyata növü, və vəsaitin mənbəyi barədə məlumat əldə edilməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasında 30 sayda iyirmi min manat və ya daha artıq məbləğdə valyuta mübadiləsi əməliyyatları icra edilsə də, həmin vəsaitlərin mənbəyinin müəyyən edilməsi ilə bağlı tədbir görülməmişdir (Yoxlama haqqında hesabat. Səh 12). 1-ci bənddə qeyd edilən 4 müştəri və 1907 sayda əməliyyat üzrə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. DNP-nin 4.2.5-ci və 4.2.9-cu yarımbəndlərinə görə öhdəlik daşıyan şəxsin fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla öhdəlik daşıyan şəxsin rəhbərliyi tərəfindən hazırlıq və təlim keçməli olan işçilərin siyahısı təsdiq edilməli və həmin işçilərin ildə bir dəfədən az olmayaraq planlı təlimdə iştirakı təmin edilməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, bütün aidiyyəti struktur bölmə rəhbərlərinə, hüquq və daxili audit şöbələrinin əməkdaşlarma müvafiq təlimlər keçirilməmişdir (Yoxlama haqqında hesabat. Səh 11). DNP-nin 3.2.3.6-ci yarımbəndinə görə ən azı hər 6 (altı) ayda bir dəfə rəhbərliyə yüksək riskli əməliyyatlar (əqdlər), öhdəlik daşıyan şəxsin ƏL/TM risklərinə məruz qala bilinəcək potensial riskləri, müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı risklilik meyarları üzrə dəyərləndirilməsinə dair nəticələri və MMX-ya təqdim edilmiş hesabatlar barədə məlumat vermək məsul şəxsin vəzifəsidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də məsul şəxsin rəhbərliyə təqdim etdiyi hesabatlarda müvafiq məlumatlar əks edilməmişdir (Yoxlama haqqında hesabat. Səh 10-11). 2.3.DNP-nin 4.2.3.2 və 4.2.3.5-ci yarımbəndlərinə görə öhdəlik daşıyan şəxs öz işçilərinə vəzifə funksiyalarından asılı olaraq ən azı öhdəlik daşıyan şəxs tərəfindən ƏL/TMM sahəsi üzrə müəyyən edilmiş daxili nəzarət proqramı ilə tanışlıq və şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarları (indikatorlar) üzrə təlimlər təşkil etməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də bütün aidiyyəti struktur bölmələrin rəhbərlərinə, hüquq və daxili audit şöbələrinin əməkdaşlarına müvafiq təlimlər keçirilməmişdir (Yoxlama haqqında hesabat. Səh 11). 2.4.DNP-nin 4.2.14-cü yarımbəndinə görə daxili nəzarət proqramında keçirilmiş təlimlərin keyfiyyəti qiymətləndirilməsi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də ƏL/TMM sahəsi üzrə keçirilmiş təlimlərdən sonra iştirakçıların bilik səviyyəsindəki dəyişimini ölçmək üçün imtahan keçirilməmiş və keçirilmiş təlimlərin keyfiyyət qiymətləndirilməsi aparılmamışdır (Yoxlama haqqında hesabat. Səh 11). 2.5.ƏL/TMM Qanununun 21.7-ci maddəsinə və DNP-nin 2.1.1.9-cu yarımbəndinə görə öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər illik əsasla cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional riskləri müəyyən etməli, qiymətləndirməli, qiymətləndirmə nəticələrini sənədləşdirməli və nəzarət orqanına təqdim etməli, həmçinin rəhbərlik tərəfindən təsdiq edilən daxili qayda və prosedurlara uyğun olaraq risklərin idarə olunması, aradan qaldırılması və ya azaldılması üçün tədbirlər görməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən ƏL/TMM, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi risklərinin qiymətləndirilməsi üçün institusional risk qiymətləndirilməsini nəzərdə tutan prosedur və metodologiya müəyyən edilməmiş və belə qiymətləndirmə aparılmamışdır (Yoxlama haqqında hesabat. Səh 7). 2-ci bənddə qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. 3.1.ƏL/TMM Qanununun 11.3.3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin bank və digər ödəniş hesabları üzrə əməliyyatlar barədə məlumat və sənədlər məbləğindən və ya şübhəlilik əsaslarının mövcud olub-olmamasından asılı olmayaraq öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən maliyyə monitorinqi orqanına təqdim olunur. Yoxlama zamanı müəyyən edilmişdir ki, 2023-cü ilin dekabr ayında MMC tərəfindən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən qeyri-hökümət təşkilatı tərəfindən həyata keçirilmiş 6 əməliyyat barədə məlumat və sənədlər maliyyə monitorinqi orqanına təqdim olunmamışdır (Yoxlama haqqında hesabat. Səh 5, 17-18). 3-cü bənddə qeyd edilən 6 sayda əməliyyat üzrə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.4-cü maddəsinin tərkib əlamətlərini varadır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.4cü maddələrinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Şəxs tərəfindən MMC-nin fəaliyyət göstərdiyi ünvan 2 ünvanında xx.xx.2022 - xx.xx.2024-cü il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində 20 iyun 2024-cü il tarixində aşkarlanmışdır. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələri X2, X3 və Nümayəndə2 inzibati xəta haqqında protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs və onun nümayəndəsi “Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosunun vəkili X4, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, inzibati xəta haqqında protokolda bildirilir ki, aşağıda qeyd olunanlara əsasən inzibati xəta haqqında protokolun əsassız və qanunsuz olduğunu hesab edir. Belə ki, protokolda qeyd olunan mürəkkəb, qeyri-adi irihəcmli və sair məsələlər Qanunda qeyd olunmur, qeyd edilən məsələlər yəni mürəkkəb, qeyri-adi irihəcmli və sair şübhəli əməliyyatların aşkarlanması üçün MMX tərəfindən tövsiyə xarakterli meyarlarında və ya MMC tətərfindən müəyyən edilmiş meyarlarda müyyən edilir. Bundan irəli gələrək bu tip əməliyyatları müəyyən etmək üçün “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə uyğun olaraq Maliyyə Monitorinqi Xidməti “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər” təsdiq edib. Həmin Tələblərin 2.7-ci bəndi meyarlar barədə tələbləri müəyyən edir və 2.8-ci maddəsi şübhəli əməliyyatlar üzrə tələbləri müəyyən edir. Şəxs Mərkəzi Bank 4.10-cu maddəsinin tərkib hissəsini yoxlama aktında qeyd olunan əməliyyatlara istinad edərək belə ki həmin əməliyyatların indikatorlarını aşağıda qeyd etmişdir: İndikator 2.1.86 - Eyni gün ərzində pul köçürmə sistemləri vasitəsilə müxtəlif şəxslərdən eynitipli köçürmələrin qəbul edilməsi; indikator 2.1.103 - Qısa müddət ərzində bir neçə müştərinin eyni bir şəxsə ( benefisiara) köçürmə etməsi; Fiziki şəxs tərəfindən çoxsaylı fiziki şəxslərdən eyni gündə təxminən eyni məbləğlərin qəbul edilməsi, (indikator 2.1.92. Nisbətən kiçik zaman dövrü ərzində eyni və ya təqribən eyni məbləğlərdə vəsaitlərin əldə edilməsi və köçürülməsi) Qeyd olunan 3 indikator MMX-nin “Pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halların aşkarlanması meyarları (xüsusi indikatorlar)” sənədinə istinad edilir. Sənədin giriş hissəsində qeyd olunan məqam, sənədin qüvvədən düşməsini təsdiq edir: “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdiriləməsinə qarşı mübarizə” haqqında Azərbaycan Respublikasının 10 fevral 2009-cu il tarixli 767-İİİQ nömrəli Qanununun (bundan sonra PL/TMM Qanunu) 11ci maddəsinə əsasən, müvafiq Qanunun 4-cü və 5-ci maddələrində qeyd edilmiş fəaliyyət subyektləri (monitorinq subyektləri) Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə (bundan sonra “Xidmət”) PL/TMM Qanununun 7-ci maddəsində siyahısı müəyyən edilmiş maliyyə əməliyyatları haqqında məlumat təqdim etmək öhdəliyinə malikdir. Lakin qeyd olunan Qanun xx.xx.2022-ci il tarixində qüvvədən düşüb. Əlavə olaraq yoxlama aktında digər iki indikatora istinad olunub. Qeyd olunan indikatorlar yeni Qanunun qüvvəyə minməsindən sonra MMX tərəfindən banklar üçün hazırlanıb. Sənədin adı da “Banklar tərəfindən şübhəli əməliyyatların və halların müəyyən edilməsi meyarları” kimi qeyd edilib və bu meyarlarda “Eyni fiziki şəxsə eyni gün ərzində digər şəxslərdən sürətli pul köçürmə sistemləri vasitəsilə daxil olan vəsaitlər üzrə əməliyyatların sayının 10 (on) və ondan yuxarı olması”; “Təqvim ayı ərzində sürətli pul köçürmə sistemləri vasitəsilə müxtəlif fiziki şəxslər tərəfindən ölkə xaricindəki eyni şəxsə göndərilən vəsaitlərin ümumi məbləği 15 000 ( on beş min) ABŞ dolları və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı olduqda;” öz əksini tapmışdır. Mərkəzi Bankın mövqeyinə görə, Cəmiyyət yuxarıda qeyd olunan indikatorlara əsasən müvafiq əməliyyatları araşdırmalı idi və təhlil arayışları hazırlamalı idi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs aşağıdakı səbəblərə görə qeyd edilənlərlə razı olmadığını qeyd etmişdir: 1. Pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halların aşkarlanması meyarları (xüsusi indikatorlar) sənədin qüvvədən düşməsi və tövsiyyə xarakterli olması səbəbindən; 2. “Banklar tərəfindən şübhəli əməliyyatların və halların müəyyən edilməsi meyarlar”sənədin banklara aid olması səbəbindən; İXM 598.1.2-ci maddəsinə münasibətdə isə Şəxs tərtib edilmiş protokolun 2.1-ci hissəsinə münasibətdə təlim planı keçirilməlisi ilə bağlı qeyd etmişdir ki, aidiyyəti struktur bölmələrin rəhbərləri” dedikdə Maliyyə departamenti və İH bəzi üzvləri, ayrıca olaraq Hüquq şöbəsi və Audit departamenti nəzərdə tutulmuşdur, qeyd olunan şəxslərin böyük qisminə təlimlər keçirilmişdir. Qeyd olunan sənəd MB-ya təqdim olunmuşdur və qəbul olunmuşdur. Ümumi olaraq 600 nəfərdən çox şəxslərə növbəli şəkildə təlim keçirilməsi nəzərdə tutulduğundan təlimlərin səmərəliyinin təmin edilməsi üçün qeyd edilən şəxslərə müvafiq təlimlərin keçirilməsi növbəli şəkildə həyata keçirilmişdir. Bu səbəbdən də Audit departamentinin əməkdaşlarına təlimlərin keçirilməsi daha sonrakı mərhələlərdə baş tutmuşdur. Tərtib edilmiş protokolun 2.2-ci hissəsinə münasibətdə təlim planı keçirilməlisi ilə bağlı, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərində imeyl vasitəsi ilə rəhbərliyə hesabat təqdim edilmişdir. Protokolun 2.3 hissəsinə münasibətdə isə Şəxs bildirmişdir ki, ümumi AML təlimi ön ofis əməkdaşlarına keçirilib. Qeyd olunan təlimlə bağlı aidiyyəti bütün şəxslərə aşağıda qeyd olunan mövzular barədə təlim keçirilmişdir: Qanun, ƏL/TMM sahəsi üzrə digər hüquqi aktlar ilə, habelə öhdəlik daşıyan şəxsin daxili qayda və prosedurları ilə tanışlıq; öhdəlik daşıyan şəxs tərəfindən ƏL/TMM sahəsi üzrə müəyyən edilmiş daxili nəzarət proqramı ilə tanışlıq; müştəri uyğunluğu tədbirləri, müştəri profilinin formalaşdırılması və müştəri profil riskinin müəyyən edilməsi üzrə təlimlər və praktiki məşğələlər; benefisiar mülkiyyətçinin müəyyən edilməsi üzrə təlimlər və praktiki məşğələlər; şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarları (indikatorlar) üzrə təlimlər və praktiki məşğələlər. Şəxs yuxarıda göstərilənlərlə yanaşı qeyd edir ki, protokolun 2.5-ci hissəsində qeyd edilmiş ƏL/TMM Qanunun 21.7-ci maddəsinin tələblərinin pozulması ilə bağlı inzibati məsuliyyət İXM-nin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaratmır. Yuxarıda qeyd edilənlərə əsasən inzibati protokolun tərtib edilməsi ilə bağlı İXM-də nəzərdə tulmuş qaydalar kobud şəkildə pozulduğundan Şəxs barəsində tərtib olunmuş protokol etibarsızdır. İXM 598.4-cü maddəsinə münasibətdə Şəxs bildirmişdir ki, Mərkəzi Bank tərəfindən Azərpoçt MMC-nin xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində aparılmış yoxlama hesabatının 17-18-ci səhifələrində göstərilən əməliyyatları əhatə etdir. Sonuncu əməliyyatın yerinə yetirildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixindən 1 il keçdiyindən həmin maddə ilə bağlı cəlb edilmə müddəti keçmişdir. Azərbaycan Respublikası Konstitusiyasının və İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə əsasən məhkəmə qanunsuz sübutu şəxsin əleyhinə istifadə edə bilməz və bu qanunsuzluğu şəxsin ziyanına aradan qaldıra bilməz. Həmçinin inzibati xəta haqqında iş üzrə icraat qanunsuz olaraq tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmışdır. Məhz qeyd edilən səbəblərə görə Şəxs mövqeyi ondan ibarət olmuşdur ki, qanunazidd tərtib edilmiş həmin protokol əsasında inzibati tənbehvermə qərarı çıxarıla bilməz və iş üzrə icraata xitam verilməlidir. Beləliklə, Şəxs inzibati xəta haqqında protokola və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlmişdir ki, "xxxx" MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, və 598.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq belə nəticəyə gəlinmişdir ki, baxılan inzibati xəta haqqında iş üzrə ümumiyyətlə inzibati xəta hadisəsi mövcud deyildir və “Azərpoçt" MMC-in İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Şəxs əməlində də, heç bir inzibati xəta tərkibi yoxdur. Məhkəmə barəsində proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4-cü maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə görə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikası 30 dekabr 2022-ci il tarixli Qanunun 4.10-cu maddəsinə əsasən öhdəlik daşıyan şəxslər bütün mürəkkəb, qeyriadi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırmalı, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyini müəyyən etməli və bunlarla bağlı təhlil hesabatı tərtib etməlidirlər. Həmin Qanunun 1.1.8-ci maddəsinə əsasən maliyyə institutları dedikdə kredit təşkilatları, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri, investisiya şirkətləri, investisiya fondları, bu fondların idarəçiləri, xarici investisiya fondlarının nümayəndəlikləri, mərkəzi depozitar, poçt rabitəsinin milli operatoru, lombardlar, maliyyə lizinqi xidmətləri göstərən şəxslər, ödəniş təşkilatları (müstəsna olaraq ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatları istisna olmaqla) və elektron pul təşkilatları, virtual aktiv xidməti təminatçıları və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər nəzərdə tutulur. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən şağıdakı hallar olduqda məbləğindən asılı olmayaraq, əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər barədə məlumat və sənədlər öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən maliyyə monitorinqi orqanına təqdim edilir: əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar; əmlakın terror aktının hazırlanmasında, təşkil olunmasında və ya törədilməsində, habelə terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağı ilə bağlı şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə görə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.4-cü maddəsinə görə Maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına, hər bir əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən şəffaf nəzarət mexanizmin yaradılması məqsədi ilə daxili prosedurlar yaradılmışdır. Daxili prosedurlara əsasən tərəfimizdən şübhəli hesab olunan əməliyyatlar araşdırılır və Cəmiyyətin fəaliyyət xüsusiyətinə aid olaraq müvafiq meyarlar yaradılıb. Göründüyü kimi protokolda qeyd olunan çatışmazlıq Azərbaycan Respublikasının hər hansı qüvvədə olan qanunvericiliyində öz əksini tapmamışdır. Qeyd olunanlardan başqa, kiçik dövr anlayışını 2 il müddəti kimi qiymətləndirsədə, Cəmiyyət qısa müddət anlayışını 1, 3 və ən çox 6 ay nəzərdə tutmuşdur (əməliyyat fəaliyyətinə uyğun olaraq). Bu kiçik dövr ilə bağlı qanunvericilikdə hər hansı bir konkret müddət nəzərdə tutulmadığından, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın həmin müddətə istinad etməsi əsassızdır. Bundan başqa, 2 il ərzində MMC-nin 7 müştərisi tərəfindən 584 əməliyyat üzrə müxtəlif şəxslərə 900 min manatdan çox vəsait sürətli pul köçürməsi vasitəsilə xaricə köçürülmüşdür. X5 adlı şəxs "xxxx" MMC-nin Kürdəmir RPF-nin əməliyyatçısıdır. Kənd sakinləri üçün əməliyyatlar aparıb, qeyri-qanuni hər hansı bir əməliyyat həyata keçirməyib, əməliyyatların mahiyyəti xırda məbləğdə olan daxili köçürmələrdir (əsasən valideyinlərin əskərlikdə olan övladlarına göndərdiyi pul vəsaitləri). Əməliyyatların şübhəli olmasına dair qərar Məsul şəxsin səlahiyyətindədir, və Məsul şəxs qeyd olunan əməliyyatları şübhəli hesab etməyib. Kiçik zaman dövrü ərzində (2 il) MMC-nin 2 müştərisi tərəfindən 168 sayda müxtəlif şəxslərdən 624 əməliyyat üzrə ümumilikdə 280 min manatdan çox vəsait qəbul etmişdir. Həmçinin müəyyən edilmişdir ki, Yasamal Bələdiyyəsi tərəfindən xx.xx.2022-xx.xx.2024-cü il tarixlərində “asfalt işi” təyinatı ilə 24 sayda əməliyyat olmaqla 442 466 manat məbləğində vəsait 19 hüquqi şəxsə və “bələdiyyənin inzibati ərazisinin təmizlik və abadlıq işləri” təyinatı ilə 14 sayda əməliyyat olmaqla 190 175 manat məbləğində vəsait 13 hüquqi şəxsə köçürülmüşdür. Həmçinin Xətai bələdiyyəsi tərəfindən xx.xx.2022-xx.xx.2024-cü il tarixlərində “inzibati ərazinin təmiri və abadlıq işləri” təyinatı ilə 29 sayda əməliyyat olmaqla 714 057 manat məbləğində vəsait köçürülmüşdür. Cəmiyyətdə nağd valyuta mübadiləsi əməliyyatları (Cəmiyyət tərəfindən xarici valyutanın alışı) üzrə iyirmi min manat və ya ondan artıq məbləğdə xx.xx.2023-xx.xx.2024-cü il dövrü ərzində 140 sayda əməliyyat üzrə 4.9 mln AZN məbləğində vəsaitin mənbəyinin müəyyən edilməsi ilə bağlı tədbir görülmədiyi qeyd edilmişdir. Qeyd olunan əməliyyat növü aşağı riskli hesab olunması və əlavə olaraq ölkənin maliyyə siyasətini nəzərə alaraq, valyuta mübadiləsinin alış əməliyyatları zamanı şəxsiyyət vəsiqəsindən əlavə olaraq hər hansı bir sənəd əldə olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan suiistifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri - təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Beləliklə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəməyə təqdim etdiyi protokolu öz mülahizlərinə görə əsaslandırmış. Şəxs tərəfindən hər bir müştəriyə və əməliyyata görə aparılmış yoxlamanın nəticəsində müvafiq olaraq, müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasının, maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsi, yaxud tam tətbiq edilməməsinin, nədə ifadə olunması heç bir sübuta əsaslanmamışdır. Bundan başqa Şəxs tərəfindən hər bir əməliyyata görə tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulması halları heç bir vasitə ilə sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 12 dekabr 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4-cü maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 12 dekabr 2024cü il tarixli EP ******* saylı inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.4-cü maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar