Məhkəmə qərarları › İş №3(009)-1300/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1300/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1300/2025 27.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X7 Şöbəsinin TP ******* saylı, 30 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X7 Şöbəsinin TP ******* saylı, 30 aprel 2025-ci il tarixli qərarının ləğv olunmasını və inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 21 dekabr 2024-cü il tarixində YPX inspektoru polis baş serjantı X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü, 333.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi iddia edilərək onun barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, 400 (dörd yüz) manat inzibati cərimə olunmağı barədə 28 dekabr 2024-cü il tarixli, TP ******* nömrəli qərar qəbul edilmişdir. O, 21 dekabr 2024-cü il tarixində bulvarın Bayıl qəsəbəsi Əhəd Yaqubov küçəsindən Dənizkənarı küçəsinə gedən yol ərazisində (Port wine restoranının parking çıxışında) maşının yanında dayanmışdı. **-YP-*** nömrəli DYP maşınından düşən polis əməkdaşları (Cabbar və Azər) ona yaxınlaşaraq burda dayanmağın qadağan olduğunu bildirdilər və nə üçün saxladığını soruşdular. Buna cavab olaraq ayıq sürücü gözlədiyini dedi. Daha sonra əməkdaşlar ondan hər hansı əsas olmadan naməlum "alkotester" cihazına üfürməyini tələb etdilər. Cihazın göstəricilərinə etiraz etdiyini bildirdiyi halda, polis əməkdaşları maşını qırağa çəkmək bəhanəsi ilə avtomobilini icazəsi olmadan idarə edərək Səbail Rayon Yol Polisi Şöbəsinin cərimə meydançasına apardılar. Bununla bağlı hər hansı protokol tərtib edilmədi, nəqliyyat vasitəsinin təhvil-təslim aktı hazırlanmadı və tibbi ekspertizaya aparılmadı. Əməkdaşlar sabah onu polis idarəsinə dəvət edib sənədlərini götürə biləcəyini söylədilər. Əməkdaşlar ona yaxınlaşdığı zaman o, sükan arxasında deyildi. Avtomobilin yanında durmuşdu. Növbəti gün Səbail Rayon X6 müraciət etdikdə onun etirazlarına baxmayaraq, ekspertiza rəyi və protokol təqdim edilmədən, polis əməkdaşı tərəfindən əsassız olaraq onun barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və 329.3-cü, 333.1-ci maddələr ilə cərimə yazıldığı bildirilmişdi. Polis əməkdaşları ona parkinqin qadağan olduğunu bildirərək yaxınlaşsalar da, nəticədə işıq cihazlarından düzgün istifadə etməməyə dair fərqli maddə əsasında protokol tərtib olunmuşdur. O, 8 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının X7 Baş İdarəsinə şikayət məktubu göndərmişdir. Həmin məktubda qeyd olunan məsələlərə dair ona 13 yanvar 2024-cü il tarixində cavab məktubu göndərilmişdir. Məktubda bildirilib ki, müraciəti araşdırılacaq və 10 gün ərzində nəticə barədə məlumat veriləcəkdir. Lakin, həmin müddət başa çatmasına baxmayaraq, ona heç bir cavab verilməmişdir. 28 yanvar 2024-cü il tarixində 902 qaynar xətti vasitəsilə əlaqə saxlamış, lakin ona araşdırma barədə məlumat verilməmişdi. Əlavə olaraq, Səbail Rayon Polis Şöbəsinə müraciət edərək, burada iş müstəntiqi Fuad Bağırov ilə görüşdü. Lakin ona bildirildi ki, heç bir araşdırma aparılmayıb və əlavə şikayət yazmağını istəndi. Buna baxmayaraq, 3 həftə müddətində heç bir əlaqə saxlanılmadı və ona heç bir məlumat verilmədi. O, 19 fevral 2025-ci il tarixində yenidən Səbail Rayon Polis Şöbəsinə gedərək Fuad Bağırovun qəbuluna düşdü. Lakin, ona bildirildi ki, işi üzrə hələ də heç bir qərar verilmir və məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı vurğulandı. Onun cəriməsi, şikayət yazdığı tarixdən (xx.xx.2025) keçən müddət ərzində dondurulmamış və hər gün faizlər əlavə olunmaqda xx.xx.2025 tarixindən nəqliyyat vasitəsinə məhdudiyyət (həbs) qərarı verilmişdir. 13 mart 2025 tarixdə məhkəmə iclasında hakim qərara aldı ki, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail Rayon Dövlət X6 göndərilsin. Qərarın sürətini Səbail Rayon X6 təqdim etdiyi tarixdən 3 gün sonra nəqliyyata qoyulan məhdudiyyətin və qərarın ləğv olunmasını gözləyərkən növbəti ayda da heç bir dəyişiklik görməmiş və Səbail Rayon Dövlət X6 getmişdir. Orda ona qərarın ləğv olunmamasını vurğuladılar. Yenidən cəriməni yazacaqlarını dedilər. Lakin həbs və cərimə məbləğinin üstünə gələn faizlərin silinməsini bildirdilər. Lakin həbs və cərimə aradan qaldırılmadı və o, 102 qaynar xəttinə 2 dəfə zəng edib şikayət edəndən sonra 29 aprel 2025 tarixdə məhdudiyyət silindi. Bildirir ki, məhkəmənin qərarına baxmayaraq o 53 gün ərzində nəqliyyat vasitəsini idarə edə bilməmişdir və xeyli maddi və mənəvi ziyan çəkmişdir. Hal hazırda ona yenidən Səbail Rayonu DYP tərəfindən TP ******* qərar və 400 manat 5 bal cərimə tədbiq olunub və bununla razı olmadığını bildirərək qərarın tam xitam olunması üçün müraciət etmişdir. Polis əməkdaşları ona parkinqin qadağan olduğunu bildirərək yaxınlaşmış və bu səbəblə maşınını qırağa çəkməyini tələb etmişlər. Parkinq qadağası ilə bağlı yaranan narahatlıq işıq cihazlarının istifadəsi ilə bağlı digər maddəyə yönəldilmişdir. Həmin vaxt sükan arxasında olmadığını və yalnız avtomobilin yanında dayanmış olduğunu bildirmişdir. Nəqliyyat vasitəsnin icazəsiz şəkildə idarə olunması və X2 tibbi ekspertizaya aparılmaması da əlavə hüquqi narahatlıq yaratmışdır. Ekspertiza rəyi və protokol təqdim edilmədən cərimə qərarının verilməsi və bu qərarın əsassız olması səbəbindən onun hüquqları pozulmuşdur. Avtomobili icazəsiz şəkildə Səbail Rayon Yol Polisi Şöbəsinin cərimə meydançasına aparılmış, lakin təhvil-təslim aktı və ekspertiza rəyini əldə etməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən barəsində tərtib edilmiş 30 aprel 2025-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilsin. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X3 şikayətin təmin olunmasını, inzibati xəta haqqında iş üzrə TP ******* saylı, 30 aprel 2025-ci il tarixli qərarın ləğv edilməsini və inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş TP ******* saylı, 30 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 21 dekabr 2024-cü il tarixdə, saat 01:25-də Səbail rayonu Səlyan şossesi ünvanında X3, işıq cihazlarından istifadə qaydalarını pozmağa görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 333.1-ci maddələrinin tələbini pozmuş və 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarına olan məlumatdan görünür ki, X3 21 dekabr 2024-cü il tarixində ********* saylı mobil nömrə vasitəsilə ayıq sürücü xidmətindən ayıq sürücü çağırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 ayıq sürücü xidmətindən ayıq sürücü çağırdığını və nəqliyyat vasitəsini idarə etmədiyini bildirdi. Məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X7 Şöbəsində aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi-həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Sözügedən maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1 -ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Bakı şəhər Səbail rayon DYPŞ-nin üzərinə qoyulsa da, adı çəkilən orqan X2, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X7 Şöbəsinin TP ******* saylı, 30 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X7 Şöbəsinin TP ******* saylı, 30 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar