Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1301/2025 13.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru X1, zərərçəkmiş şəxs Şamilli Xəzər Elxan oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 41-ci PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:15 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu 1C ünvanında yerləşən “Volt” taksi şirkətinin qarajında **-YJ-*** dövlət qeydiyyat nişanlı, “Dongfeng” markalı avtomobilə daxil olaraq oturacağın üzərində olan 150 manat pulu götürərək Şamilli Xəzər Elxan oğluna 150 manat ziyan vurmuş, narkotik vasitə istifadə etmişdir. Bu barədə Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru X2 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Səbail Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru X2 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 206-cı maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldən səmimi peşmançılıq keçirdiyini, dəymiş ziyanı ödədiyini bildirərək barəsində yüngül cəza seçilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs Şamilli Xəzər Elxan oğlu ərizə ilə məhkəməyə müraciət edərək dəymiş ziyan tam ödənildiyindən Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 227-ci və 206cı maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan və xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:15 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu 1C ünvanında yerləşən “Volt” taksi şirkətinin qarajında **-YJ-*** dövlət qeydiyyat nişanlı, “Dongfeng” markalı avtomobilə daxil olaraq oturacağın üzərində olan 150 manat pulu götürərək Şamilli Xəzər Elxan oğluna 150 manat ziyan vurmuş, narkotik vasitə istifadə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzinin 13 may 2025-ci il tarixli, 4458 saylı aktına əsasən müayinə zamanı Şəxs sidiyində narkotik maddə aşkar olunmuşdur. İş materiallarında olan AZA ******* nömrəli, 12 may 2025-ci il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xrda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Bu Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 206-cı maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslərlə barışdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30-dan xx.xx.2025-ci il tarixdə saat 17:40-dək inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, Şəxs 200 (iki yüz) manat məbləğində inzibati cərimə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 31, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. O dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1301/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1301/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver