Məhkəmə qərarları › İş №3(009)-1312/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1312/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1312/2024 30.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtbi edən Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X6, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 30 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtbi edən Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X9 protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirmişdir ki, iki azyaşlı övladı var və 3 ilə yaxındır kirayədə qalır. Şəxs heç vaxt aliment ödəməmişdir. Bu səbəbdən ailəsi və özü əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati həbs tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o xəstə və işsiz olduğu üçün qeyd edilən məbləği tam ödəyə bilmir. Həmçinin alimenti ödəməli olduğu ilə bağlı məlumatı olmamışdır. Qeyd etdiklərini nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-226/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə üzrsüz səbəbdən icra etməməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarında olan 30 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-226/2023, xx.xx.2023-cü il tarixli icra sənədini icra etmir. Belə ki, həmin protokola əlavədən görünür ki, Yasamal rayon məhkəməsinin 2(004)- 226/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü Şahbazlı. Süleyman Anar oğlu anası X1 yanında saxlanılmalıdır. xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşma çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X4 ödənilməlidir. Alimentin tutulma müddəti xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya, məlumat üçün isə tərəflərə göndərilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra şöbəsinə gəlməmiş və icra sənədinin icrasını təmin etməkdən boyun qaçırmışdır. Həmçinin icra sənədi üzrə ödənilməli olan alimenti bugündək ödəməmişdir. Borclu Şəxs Bakı şəhəri, Səbail rayonu, A. Abbaszadə (Bakı şəhəri Səbail rayon Polis İdarəsinin inzibati binası) küçəsində qeydiyyatda olduğundan tələbkar Şahbazova (Həsənova) Aygün Zöhrab qızı ilə videozəng vasitəsi ilə əlaqə saxlayaraq faktiki yaşadığı ünvanı dəqiqləşdirərək sözügedən ünvana xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə baxış keçirilmiş və borclunun həmin ünvanda yaşadığı məlum olmuş, lakin evdə tapmaq mümkün olmamışdır. Bu səbəbdən onun barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərarı qəbul edilərək icra olunması üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon Polis İdarəsi tərəfindən şöbəyə daxil olmuş xx.xx.2024cü il tarixli məktubda borclu Şəxs barəsində xx.xx.2024-cü il tarixli, 21356/24 nömrəli axtarış elan edildiyi qeyd edilmişdir. Borclu xx.xx.2024-cü il tarixdə Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. O, şöbədə olarkən izahat yaza bilmədiyini, özündə olmadığını bildirmişdir. Borclunun bugünə 7720 (yeddi min yeddi yüz iyirmi) manat aliment borcu vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-226/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2010-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 anası X1 yanında saxlanılmışdır. 01.06. 2010-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X4 ödənilməlidir. Alimentin tutulma müddəti xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan tələbin könüllü icra edilməsi barədə xx.xx.2023-cü il tarixli bildirişə əsasən, Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-226/2023-008 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin dərhal icra edilməsi, bu müddət ərzində tələb könüllü şəkildə icra edilməzsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli qərarla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-226/2023- 008 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi nəzərdən keçirilərək icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2023-cü il tarixli qərarla borclu Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-226/2023-008 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş və müvafiq qərarla icra tədbirlərinə başlanılmışdır. Borclunun hal-hazırda 7720 (yeddi min yeddi yüz iyirmi) manat aliment borcu təşkil edir. Həmçinin xüsusi ilə qeyd edilməlidir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında xəstə olması, işsiz olması, qazancı və ya başqa gəlirinin olmaması və icra sənədini üzürlü səbəblərdən icra etməməsini göstərməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli izahat kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə Şəxs qeyd edilən qaydada izahat verməsini onun hüququ kimi qəbul edir və onun dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, onunla razılaşmaq olmaz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini halları nəzərə alır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 114-115, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 30 may 2024-cü il tarixdən saat 15:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanılma Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar