Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1318/2024 12.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 27 may 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC 491915,47 ABŞ dolları vəsaiti 12 may 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 491915,47 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 13 may 2024-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə etiraz təqdim edərək bildirmişdir ki, ilkin olaraq ümumi müqavilə dəyəri 16,569,784.32 ABŞ dolları (on altı milyon beş yüz altmış doqquz min yeddi yüz səksən dörd ABŞ dolları, otuz iki sent) və faiz məbləği 1,087,392.10 ABŞ dolları (bir milyon səksən yeddi min üç yüz doxsan iki ABŞ dolları, on sent) olan, 1 (bir) ədəd DRİLLMEC 1500 HP AC qazma qurğusunun satınalınmasına dair 06/SAİD/17 saylı, 28 dekabr 2017-ci il tarixli “Müqavilə” (bundan sonra “Satış Müqaviləsi” adlanacaq) “DRİLLMEC S.p.A” və SOCAR AQS İNTERNATİONAL DMCC (X1 qeydiyyatdan keçən və Şəxs MMC-nin 100 % payı olan törəmə müəssisəsi) arasında imzalanmışdır. Bu Qazma qurğusu SOCAR AQS İNTERNATİONAL DMCC və BANGLADESH PETROLEUM EXPLORATİON AND PRODUCTİON COMPANY LİMİTED (BAPEX) arasında olan, bütün mal-materialın təhcizatı və tələb olunan üçüncü tərəf xidmətləri də daxil olmaqla, açar təslimi əsasında 3 (üç) quyunun qazılmasına dair müqavilə üzrə öhdəlikləri yerinə yetirmək üçün alınmışdır və Banqladeş Xalq Respublikasına müvəqqəti ixrac olunmuşdur. Qazma qurğusunun alqı-satqısı müqaviləsinə əsasən, SOCAR AQS İNTERNATİONAL DMCC ümumi məbləği DRİLLMEC S.p.A-ya müəyyən hissələrlə ödəməli idi. SOCAR AQS İNTERNATİONAL DMCC, SOCAR-AQŞ MMC və DRİLLMEC S.p.A arasında 15 may 2019-cu il tarixində Satış Müqaviləsi üzrə “Hüquqların ötürülməsi razılaşması” imzalanmışdır və bu razılaşma ilə qazma qurğusuna mülkiyyət və bütün müvafiq hüquqlar SOCAR AQS İNTERNATİONAL DMCC-dən SOCAR-AQŞ MMCyə ötürülmüşdür. Həmin gündən etibarən SOCAR-AQŞ MMC tərəfindən DRİLLMEC S.p.A şirkətinə bir neçə ödəniş həyata keçirilmişdir. Həmin ödənişlərin siyahısı aşağıda qeyd olunur. Lakin SOCAR-AQŞ MMC və BAPEX arasında arbitraj məhkəmə prosesləri (X2 Məhkəməsində) davam etdiyi üçün hazırda Banqladeşdə olan qazma qurğusunun ölkədən ixrac olunması mümkün olmamışdır. Qazma qurğusu yalnız 2024cü ilin dördüncü kvartalında arbitraj məhkəməsi başa çatması halında Banqladeş Xalq Respublikasından ixrac edilərək Azərbaycan Respublikasına idxal oluna bilər. S/S Ödənişin məbləği Ödənişin valyutası Ödənişin tarixi Benefisiar Müqavilə 1 517,805.76 ABŞ Dolları xx.xx.2021 Drillmec S.P.A. 06/SAİD/17 2 500,000 ABŞ Dolları xx.xx.2021 Drillmec S.P.A. 06/SAİD/17 3 507,449.64 ABŞ Dolları xx.xx.2021 Drillmec S.P.A. 06/SAİD/17 4 169,606.14 ABŞ Dolları xx.xx.2021 Drillmec S.P.A. 06/SAİD/17 5 502,271.59 ABŞ Dolları xx.xx.2021 Drillmec S.P.A. 06/SAİD/17 6 1,000,000 ABŞ Dolları xx.xx.2021 Drillmec S.P.A. 06/SAİD/17 7 497,093.53 ABŞ Dolları xx.xx.2022 Drillmec S.P.A. 06/SAİD/17 8 491,915.47 ABŞ Dolları xx.xx.2022 Drillmec S.P.A. 06/SAİD/17 9 486,737.41 ABŞ Dolları xx.xx.2022 Drillmec S.P.A. 06/SAİD/17 10 481,559.36 ABŞ Dolları xx.xx.2022 Drillmec S.P.A. 06/SAİD/17 Cəmi 5,154,438.90 ABŞ Dolları. Belə ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X3 № 45/1 nörməli, “28” noyabr 2016-cı il tarixli Qərarının 4.3.1.3-cü bəndinə əsasən, Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü bəndinə əsasən isə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən, SOCAR-AQŞ MMC həyata keçirdiyi avans ödənişlərinin müqabilində hazırda öz iradəsindən asılı olmayan səbəblərə görə (yəni davam edən məhkəmə çəkişmələrinə görə) qanunla müəyyən edilmiş müddətdə müvafiq malı idxal edə bilməyib, həmçinin ödənilmiş valyuta vəsaiti də xaricdən SOCAR-AQŞ MMC-yə geri qaytarılmayıb. Həmçinin bildiririk ki, qazma qurğusu ilə bağlı arbitraj məhkəməsinin yekunlaşması və qurğunun Banqladeş Xalq Respublikasından ixrac olunaraq Azərbaycan Respublikasına idxal edilməsi proseslərinin xx.xx.2024-cü il tarixinə qədər yekunlaşması gözlənilir. Göründüyü kimi, SOCAR-AQŞ MMC-nin bu məsələdə hər hansı bir təqsirinin olmaması müəyyən edilir. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi üzrə “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EP №: ******* nömrəli “Protokol” tərtib edilərkən Şəxs MMC-nin iştirakı təmin edilməmişdir, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələr şirkətin müvafiq nümayəndəsinə izah edilməmişdir və bu barədə protokolda müvafiq qeydlər aparılmamışdır. Həmçinin həmin “Protokol” şirkətin müvafiq səlahiyyətli şəxsi tərəfimdən imza edilməmişdir, onun surəti şirkətə təqdim edilməmişdir, inzibati xəta ilə bağlı izahatı alınmamışdır, “Protokol”un məzmunu barəsində öz mülahizələrimizi təqdim etmək üçün bizə şərait yaradılmamışdır, inzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə “Bildiriş” şirkətə çatdırılmamışdır və işin baxılması zamanı şirkətin iştirakı təmin edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli “Plenum Qərarı”na əsasən, “İdxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər.” Göründüyü kimi, xx.xx.2024-cü il tarixli, EP №: ******* “Protokol”da qeyd olunan: Şəxs MMC 491915,47 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 491915,47 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir.” qeydi tam əsassızdır, çünki AR-nın KMnin qeyd olunan “Plenum Qərarın”da qeyd olunduğu kimi, Şəxs MMC baş vermiş hadisədə təqsirsizdir və həmin valyuta vəsaitinin geri qaytarılmaması onun iradəsindən asılı olmayan səbəblərə görə, başqa sözlə desək, Şəxs MMC və BAPEX arasında arbitraj məhkəmə prosesləri davam etdiyi üçün gecikdirilmişdir. Qeyd olunmalıdır ki, AR-nın Mərkəzi Bankına Şəxs MMC və BAPEX arasında arbitraj məhkəmə proseslərinin davam etdiyi məlum olduğu halda (yəni bank bunu bildiyi halda) bankın bu halları araşdırmadan göstərilən “Protokolu” tərtib edərək məhkəməyə göndərməsi əsassızdır və bununla AR-nın Mərkəzi Bankı Şəxs MMC-yə qarşı qərəzli mövqedən çıxış etmişdir. Yuxarıda qeyd olunanlara əsasən haqlı olaraq hesab edirik ki, Şəxs MMC barəsində AR-nın Mərkəzi Bankı tərəfindən tərtib edilən İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, EP №: ******* nömrəli “Protokol” qanunsuz və əsassız olduğundan o ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İİ. Hüquqi əsaslandırma: Azərbaycan Rеspublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Rеspublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Rеspublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Rеspublikası İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Rеspublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Azərbaycan Rеspublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda qeyd olunan işin faktiki hallarını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərini rəhbər tutaraq Şəxs MMC barəsində AR-nın Mərkəzi Bankı tərəfindən tərtib edilən İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, EP №: ******* nömrəli protokolun ləğv edilməsi və inzibati xəta haqqında icraat aparılan Şəxs MMC barəsində başlanılmış icraata xitam verilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2024-cü il tarixli ZB 949 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3 bəndinə əsasən ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlər təqdim edilməməsi səbəbindən müvafiq köçürmə üzrə avans sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən 491915,47 ABŞ dolları məbləğində vəsait BANCO POPOLARE SOC.COOP bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş “SOCAR AQS” LLC ilə BANGLADESH PETROLEUM EXPLORATİON AND PRODUCTİON COMPANY LİMİTED (BAPEX) arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, qazma qurğusu bütün mal-materialın təhcizatı və tələb olunan üçüncü tərəf xidmətləri də daxil olmaqla, açar təslimi əsasında 3 (üç) quyunun qazılmasına dair müqavilə üzrə öhdəlikləri yerinə yetirmək üçün alınmış və Banqladeş Xalq Respublikasına müvəqqəti ixrac olunmuşdur. İş materiallarına əlavə edilmiş 06/SAİD/17 saylı, 28 dekabr 2017-ci il tarixli “Satış Müqaviləsi”ndən görünür ki, “DRİLLMEC S.p.A” və SOCAR AQS İNTERNATİONAL DMCC (X1 qeydiyyatdan keçən və Şəxs MMC-nin 100 % payı olan törəmə müəssisəsi) arasında 1 (bir) ədəd DRİLLMEC 1500 HP AC qazma qurğusunun satınalınmasına dair müqavilə imzalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarxili bildirişlərdən görünür ki, X2 Məhkəməsində SOCAR-AQŞ MMC və BAPEX arasında arbitraj məhkəmə prosesləri mövcuddur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair 28 fevral 2020-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müvafiq valyuta əməliyyatına xüsusi nəzarət rejiminin tətbiq olunması və valyuta tənzimi qaydasının pozulmasına görə inzibati hüquqi məsuliyyətin müəyyən edilməsi sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıdığı üçün həmin hüquqi normalar Azərbaycan Respublikası Konstitusiyasının 59 və 79-cu maddələrinin tələblərinə uyğun hesab edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 491915,47 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait köçürmə haqqında ərizəyə əsasən bankda olan hesabından 12 may 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin Şəxs MMC və BAPEX arasında arbitraj məhkəmə prosesləri (X2 Məhkəməsində) davam etdiyi üçün hazırda Banqladeşdə olan qazma qurğusunun ölkədən ixrac olunması mümkün olmamışdır. Şəxs MMC həyata keçirdiyi avans ödənişlərinin müqabilində hazırda öz iradəsindən asılı olmayan səbəblərə görə (yəni davam edən məhkəmə çəkişmələrinə görə) qanunla müəyyən edilmiş müddətdə müvafiq malı idxal edə bilməmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində üzrlü səbəbdən xidmətlər göstərilmədiyi üçün Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1318/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1318/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver