Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1326/2021 02.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* nömrəli 14 iyun 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanda yerləşən Şəxsnə məxsus stomotoloji kabinetdə 14 iyun 2021-ci il, saat 12:55-də planlı yoxlama keçirərkən, lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (rentgenoloji) tibbi fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Bununla da MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Səbail rayon Məhkəməsinin 3(009)-1326/2021 saylı, 02.07.2021-ci il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1820/2021 saylı, 11.08.2021-ci il tarixli qərarı ilə Səbail rayon Məhkəməsinin 3(009)-1326/2021 saylı, 02.07.2021-ci il tarixli qərarı ləğv edilərək iş yenən baxılması üçün məhkəməyə qaytarılmışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X4 Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında çıxış edərək, həmin avadanlıqların quraşdırıldığını, lakin, istifadə olunmadığını bildirmişdir. Avadanlıq quraşdırılır, sonra müxtəlif orqanlardan rəy alınır və lisenziya üçün asan xidmətə müraciət olunur. İnstagram sosial şəbəkəsində paylaşılan fotoşəkillər reklam xarakterlidir, montaj olunmuş şəkillərdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndələri gəlməzdən 15-20 gün əvvəl xəbər verirlər. Həm aparatlar işləmədiyi üçün gizlətməyə ehtiyac duymamışdır. Avadanlıqların bir neçə xırda detalları çatışmır. Onlar olmadan isə işləməsi qeyri-mümkündür. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəxs MMC-nin rəsmi internet səhifəsindən götürülmüş fotoşəkillərdən görünür ki, Şəxs MMC özünə məxsus müəssisəsinin birinci və ikinci mərtəbələrində olan iki stomotoloji kabinetdə rentgenoloji işə aid olan vizioqraf qurğusu bir il əvvəl rəsmi internet səhifəsinə yerləşdirilmişdir. Bu da MMC-nin nümayəndəsinin istinad etdiyi halların inandırıcı olmadığını göstərir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə -fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.3-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs MMC barəsində 6000 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31.3, 43, 114, 115, 128.2.1, 130.1, 211.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 6000 (altı min) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1326/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1326/2021
02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver