Məhkəmə qərarları › İş №3(009)-1332/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1332/2023

04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1332/2023 04.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-ci Polis Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 03 iyul 2023-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin polis sahə rəisi X3 protokolu müdafiə edərək X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 özünü təqsirli bilərək göstərmişdir ki, xadimə işləyir, həmin vaxtı onun pulunu ödəməmişlər, ona isə pul lazım olmuşdur, telefonda həmin şəxslə danışırdı, onunla mübahisə edirdi. Əsəbi olduğuna görə yüksək səslə nalayiq ifadələr işlətmişdir. Əməlindən peşmandır. Göstərilən halları nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, X2 Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, materiala əlavə edilmiş 03 iyul 2023-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 03 iyul 2023-cü il tarixdə Milli Parkda mobil telefonla danışarkən nalayiq ifadələr işlədərək cəmiyyətə açıqca hörmətsizlik etmişdir. Nəticədə barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Materiala əlavə edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli, AZA № 015992 nömrəli protokoldan görünür ki, X4 04 iyul 2023-cü il tarixdə, saat 00.15-də inzibati qaydada tutulmuşdur. Elektron-məhkəmə sisteminin portalından görünür ki, X2 himayəsində 1 azyaşlı uşağı vardır - xx.xx.2010-cu il təvəllüdlü X5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə X4 ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Onun əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsif edilmişdir və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən X2 əməlindən səmimi peşman olmasını və himayəsində 1 azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən X2 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını, eləcə də inzibati qaydada həbs olunmasını nəzərə alaraq hesab edir ki, X2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin yuxarı həddi 100 manatdır, X2 bir gün inzibati qaydada tutulmasını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 25, 40, 43, 114.1.1, 115, 128.2.1, 130.1 və 510-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 ( bir yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. X7 01 (bir) gün inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 100 (bir yüz) manat inzibati cərimənin 25 (iyirmi beş) manatından azad edilsin və üzərində qəti olaraq 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar