Məhkəmə qərarları › İş №3(009)-1334/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1334/2023

05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1334/2023 05.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru, polkovnik-leytenant Tehran Sadıxovun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Füzuli rayonu, Kürdlər kəndində anadan olan, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmuş, Füzuli rayonu, Əbdürrəhmanlı ə/d, Aşağı Əbdürrəhmanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, Odlar Universitetinin yaxınlığında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB tərəfindən tərtib edilmiş 04 iyul 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru polis polkovnik-leytenantı Tehran Sadıxov inzibati xəta haqqında 04 iyul 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 22:40 radələrində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Milli parkda olarkən ünvansız nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, gecə saatlarında Dənizkənarı Milli parkda olarkən əsəbi olduğundan ünvansız nalayiq söyüşlər işlətmiş, həmin vaxt polis əməkdaşı ona yaxınlaşaraq ona öz iradını bildirmişdir. Lakin həmin vaxt o çox əsəbi olduğundan onun iradlarına məhəl qoymayıb əməllərini davam etmişdir. Daha sonra polis əməkdaşı onu polis bölməsinə dəvət etmiş və onu polis bölməsinə apararaq barəsində protokol tərtib etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Səbail RPİ-nin 39-cu PBnin əməliyyat müvəkkili polis kapitanı Aqil Xudiyev izahat verərək bildirdi ki, xx.xx.2023-ci il tarixdə inzibati ərazidə xidmət apararkən, saat 22:40 radələrində, Dənizkənarı Milli Parkda bir nəfər şəxsin uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu görmüş, ona yaxınlaşaraq özünü təqdim etmişdir. Həmin şəxsə sakitləşməsini bildirdikdə, o, əməlindən əl çəkməyərək uca səslə qışqıraraq nalayiq sözlər işlətməyə davam etmiş və polisin qanuni tələbinə qəsdən tabe olmaqdan yayınmışdır. Bu səbəblə həmin şəxsi tabesizlik etdiyi üçün PB-yə gətirərək raportla təhvil vermişdir. Həmin şəxs VMAS portal sistemində yoxlanılmış və məlum olmuşdur ki, həmin şəxs, xx.xx.1989-cu ildə Füzuli rayonunda anadan olmuş, subay, orta təhsilli, əvvəllər Azərbaycan Respublikasının CM-nin 181.2.1, 181.2.5, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmuş, Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kəndində qeydiyyatda olan və Xəzər rayonu, Qala qəsəbəsində Xaşaxuna bağlar massivində yaşayan Şəxsdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri üzrə isə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixdə, saat 22:40 radələrində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Milli parkda olarkən ünvansız nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:00-da inzibati qaydada tutulmuşdur. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcuddur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və 15 gün müddətinə inzibati qaydada həbs edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31-4, 34, 40, 43, 114-115, 128-130, 211.2, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 04 iyul 2023-cü il tarixdən, saat 23:00-dan hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X2 X1 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar